Milyonlar qazandıran konsertlər, yeyintilər... – Mütəxəssis Lent.az-a danışdı
09 iyun 2022 15:00 (UTC +04:00)

Milyonlar qazandıran konsertlər, yeyintilər... – Mütəxəssis Lent.az-a danışdı

Şou böyük pullar dünyasıdır. Birini reklam edərək meydanlara çıxarıb ulduz etmək yetərlidir. Sonra ulduz dönüb olur canlı kapital, ətrafında milyard manatlar seyr edir, həm qazanır, həm qazandırır. Dünyada konsert industriyası hər il 8 milyard qazanc gətirir. Adi qastollardan belə yaxşı qazanc əldə etmək mümkündür. 

Məsələn, “Ed Sheeran” qrupunun 2017-ci ildəki qastrolu zamanı qrup 255 dəfə səhnəyə çıxmış, bu konsertlərdən ümumilikdə 775 milyon 46 min dollar əldə olunmuşdu. Konsertlərə ümumilikdə 8 796 min insan tamaşa etmişdi.

“U2: 360°” adlı İrlandiya qrupu dünya turnesindən 736 milyon 421 min dollar qazanmış, bu konsertləri 7 milyon 200 min nəfər izləmişdi. Bu konsertlər əldə edilən qazancın haqqını verəcək qədər keyfiyyətlə təşkil olunmuşdu. Məsələn, səhnə tərtibatı üçün 40 milyon dollar dəyərində 170 tonluq konstruksiya hazırlanmışdı. Bura təbii ki, səsgücləndirici qurğular da aid idi. Ansambl üzvlərini 250 nəfərlik personal müaiyət edirdi, onların xərclərinə təşkilatçılar 750 min dollar ödəməli olmuşdular. Konsertdən sonra qrup əldə olunan gəlirin 9 milyon avrosunu xeyriyyə məqsədilə ianə etmişdi.

Dünya üzrə bu günə qədər ən bahalı konsert biletləri və ən bahalı təşkilatçılıq 5 konsertdə qeydə alınıb. Barbara Streyzandın vida konsertinin təşkilinə 15 milyon dollar sərf edildi. Amma tökülən xərc özünü tamamilə doğrultdu. Vida konsertinə bir biletin qiyməti 20 000 dollar təşkil etsə də, fanatlar bütün biletləri bir ay öncədən alıb qurtardılar.

"Led Zeppelin" qrupu dağılsa da, illər sonra bu qrupun konserti ajiotaja səbəb oldu. 18 milyon dollarlıq təşkilatçılıqdan sonra qara bazarda bilet qiymətləri 15 min dollara qədər yüksəlmişdi.

Madonnanın Kiyev konsertində isə biletlərin qiyməti 5000 dollar təşkil etmişdi. Konsert təşkilatçıları bu konsertə 5 milyon dollar sərf etmişdilər.

Ser Elton Conun Kazan konserti də dünyanın ən bahalı konsertlərindən sayılır. Elton bu konsertə 1 milyon dollar sərf etmiş, bir bilet isə 1500 dollara satılmışdı.

ABŞ-da məşhur BTS qrupunun konsertlərinə diqqət etsək, yenə də fantastik qiymətin şahidi olarıq - bir biletin qiyməti 530 dollardan 3800 dollara qədər dəyişir.

Ümumilikdə bu ölkədə hər hansı bir konsertin bilet qiymətləri 290-1300 dollar arasında dəyişir.

Dünyada bilet qiymətlərinin ildən-ilə artmasının səbəbləri musiqiçilərin daha çox qonorar tələb etməsi ilə bağlı deyil. Bu, hər il artan konsert zalı kirayəsinin qiymətləri, texniki məsrəflər, sığorta, personala sərf edilən xərclərlə bağlıdır. Elə götürək Madonnanın konsertini. Konsertdən əldə olunan gəlirin yalnız 10 faizi onun özünə çatır. Konsert salonunun icarəsinə bütün gəlirdən 20, qurğuların kirayəsinə 18, vergi xərclərinə 17,5, səhnə dekorasiyalarına 15, mühafizə və həkimlərə, xidmət personalına 15, hər hansı zərərə qarşı sığortaya 3, reklam və piyar işlərinə isə 5 faiz sərf olunur.

Bəs Azərbaycanda konsertlər hansı qiymətə təşkil olunur? Yaxud təşkilatçılıq zamanı qiymətlər hansı meyarlar əsasında təyin edilir? 

Bu barədə konsert təşkilatçısı, piar və media işləri üzər mütəxəssis Pərviz  Hüseyndən soruşduq. 

Mütəxəssisin Lent.az-a verdiyi məlumata görə, bu günə qədər Azərbaycanda ən bahalı konsert biletlərinin qiyməti 500 manat təşkil edib.

“Bu qiymətlər Tarkan və Röyanın konsertlərində qeydə alınıb. Ümumilikdə Azərbaycanda konsert qiymətlərini münasib hesab eləmək olar. Son dəfə biz Edisin konsertini təşkil etdik, biletlər 5 manatdan başlayırdı, ən bahalı bilet 190 manat idi”, - deyə o qeyd etdi.

Pərviz  Hüseyn bildirdi ki, konsert biletlərinin qiyməti müğənninin tələb etdiyi qonorardan, müğənni xaricdən gətirilirsə, onun yol və otel xərclərinin çəkilməsindən də asılıdır: 

“Çox zaman bizdə səs sistemlərini də konsert təşkilatçıları təşkil eləməli olurlar. Çünki bir çox məkanlarda səs sistemlərinin quraşdırılmasına on min manatlarla vəsait ayrılsa da, tikinti zamanı  yeyintiyə yol verilir, keyfiyyətli texnika əvəzinə ucuz, Çin malı məhsullar yerləşdirilir. Məcbur olub 90-100 min verib səs qurğuları, konstruksiyalar gətirilir. Bütün bunlar konsert qiymətlərinə təsir edir. Xərci borcundan çox çıxırsa, xaricdən müğənni gətirmək sərf eləmir”.

“Bəs 500 manatlıq biletləri bizdə alırlarmı?” sualına cavab olaraq Pərviz Hüseyn qeyd etdi ki, Röyanın illər öncə “Elektra Events Hall”dakı konsertində 1500 yerlik salona 3000 bilet satılmışdı.

# 3840
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar