Memar, leytenant, Xalq artisti - Səhnəyə yeniliklər gətirən  "Mirzə dayı"   - Unudulan məşhurlar
13 yanvar 2023 18:34 (UTC +04:00)

Memar, leytenant, Xalq artisti - Səhnəyə yeniliklər gətirən "Mirzə dayı" - Unudulan məşhurlar

Bu gün Xalq artisti Mirzə Babayevin vəfat etdiyi gündür.

Lent.az “Mirzə dayı” ilə bağlı məlumatları “Unudulan məşhurlar” rubrikasında təqdim edir.

Mirzə Babayev 1913-cü ilin iyul ayında Maştağa kəndində dünyaya gəlib. Ailədə 7 oğul olublar. Anası Sona xanım bəy nəslindən olub. O, qarmon ifa edə bilirdi. Mirzənin atası Əbdül Cabbar, deyilənə görə, Parisə tez-tez gedib gəlirdi. Mirzə Babayev musiqi ilə yanaşı, memarlıq üzrə də təhsil alıb. Hətta müsahibələrinin birində deyirdi ki, Tofiq Quliyev olmasaydı, o, memar kimi işləyəcəkdi.

Mirzə Babayev böyük səhnəyə çıxmazdan əvvəl, 1932-ci ildə təhsil aldığı Sənaye İnstitutunda çıxış edirmiş. O vaxt restoranlara mikrofon olmurdu, ifaçılar ruporla oxuyurdular.

Mirzə Babayev Sənaye İnstitutunu bitirəndən sonra Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olub. Musiqi ilə ciddi məşğul olmağa başlamadan öncə, həm memar, həm də rəssam kimi çalışıb.

O, İkinci dünya müharibəsi vaxtı Rostovda döyüşüb. Leytenant rütbəsi alıb və 4–5 medalla vətənə qayıdıb. Müharibədən qayıdandan sonra "Vətən" kinoteatrı, Gəncədə, Ağdamda bir neçə inzibati bina onun layihəsi üzrə tikilib. Nizami muzeyinin zallarının tərtibatında da iştirak edib. 1990-cı illərdə isə ona Türkiyəyə köçməyi təklif ediblər. Ancaq vətənini çox sediyindən dəfələrlə belə təkliflərə “yox” deyib.

1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında xanəndə, vokalist Bülbülün sinfinə daxil olub. Məlumatlara görə, Bülbül istəyirmiş ki, onu opera müğənnisi kimi hazırlasın. Ancaq Xalq artisti Tofiq Quliyevin dediyinə görə, Mirzənin səsi estrada mahnılarının ifası üçün daha uyğun idi. Mirzə Tofiq Quliyevin Daxili İşlər Nazirliyinin nəzdində yaratdığı caz orkestrində də çıxış edib. Daha bir maraqlı fakt: Mirzə Babayevin ilk estrada ifaçısı olması etiraf olunur, amma nədənsə caz ifaçısı kimi qəbul edilmir. Halbuki Tofiq Quliyev musiqimizin bu mərhələsi haqqında danışanda daim onun adını hallandırırdı. 

Ümumiyyətlə, Mirzə Babayev Tofiq Quliyevlə yaxın olub. Tofiq deyirdi ki, əgər filmdə Mirzə çəkilirdisə, ssenari üzrə mahnı nəzərdə tutulmayanda da, bir mahnı yazırdı ki, onun ifası bu kino lentində də qalsın. “Dərviş Parisi partladır” filmində də belə olmuşdu. Əslində dərvişin ekranda göründüyü ilk epizodda oxuduğu mahnı ssenaridə yox imiş, o mahnını Tofiq Quliyev, Mirzə Babayevə eksklüziv yazıb.
Mirzə Babayev rəsmi olaraq 40-a yaxın filmdə rol alıb. O, təkcə Azərbaycanda yox, Odessa, Daşkənd, Aşqabad çəkilən filmlərdə də iştirak edib. Burada "O olmasın, bu olsun" filmi çəkiləndə Məşədi İbad roluna onu çəkmək istəyirmişlər, amma deyilənə görə, kimsə mane olub. Məşədi İbadın yalnız musiqi partiyalarını ifa edib. Ümumiyyətlə, sovet vaxtı Mirzə Babayevi qəbul etməyənlər, onun paxıllığını çəkənlər çox idi. Mirzə Babayev ifa edəndə səhnədə statik deyildi. Yəni artistizmi o qədər güclü idi ki, əl-qol hərəkətləri ilə tamaşaçını ekrana kilidləyirdi. Hətta “Kəpənəklər” mahnısı haqqında belə bir məlumat var ki, uzun müddət insanlar bir kişinin kəpənək dalınca qaçmasını qəbul edə bilmir, mahnının əsl mahiyyətini anlamayıb onu lağa qoyublar.

Elə şanson tərzini qəbul etməyənlər də az deyildi. Mirzə Babayev Azərbaycanda estrada janrının banisi olmaqdan başqa, həm də şanson üslubunda oxuyan, demək olar ki, yeganə müğənni idi. İfa etdiyi şanson mahnıları ən çox sevənlər isə ermənilər idi. Deyilənlərə görə, ermənilər “Mirzə dayıya” həddən artıq rəğbət bəsləyirmişlər.

Tofiq Quliyev və Emin Sabitoğlu xüsusi olaraq Mirzə Babayev üçün şanson mahnılar yazırdılar. Bundan əlavə, o, Emin Sabitoğlu ilə daha yaxın olub, ikisi də yeyib-içməyi sevib. Hətta Mirzənin nəvəsinin adını Emin Sabitoğlunun şərəfinə qoyublar.

Mirzə Babayev ömrü boyu ad günlərini təmtəraqla keçirmirdi. Müğənni əslən Şuşadan olan həyat yoldaşını itirəndən sonra şəklini cibində gəzdirir, ad günlərində onun qəbrini ziyarət edirdi. Mərhum həyat yoldaşının xatirəsinə 3 mahnı, 3 klip ithaf edib. Mirzə bəyin nəvəsinin sözlərinə görə, o vaxtı müğənnilik sənətinə pis baxırdılar deyə, Güllü xanımın ailəsi onunla evliliyinə razı olmayıb. Mirzə Güllü ilə evlənmək üçün üç il gözləyib. 

“Mirzə dayı” uzun illər Azərbaycan Dövlət Filarmoniyasında  çalışıb. O, 1960-cı ildə "Azərbaycan SSR əməkdar artisti",1992-ci ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülüb, iki dəfə "Humay" mükafatı laureatı olub.

Mirzə Babayevin ölüm səbəbi balıqdan zəhərlənməsi olub. Bir dəfə Bakı Dövlət Universitetinin qarşısında konsert verərkən, səhnədə huşunu itirib yıxılır. Deyirdilər ki, ölümünün son saatlarına qədər hamı ilə zarafatlaşırmış, hətta xəstəxanada tibb bacılarına ilişir, onlar üçün mahnı oxuyurmuş.

Mirzə Babayev 2003-cü il yanvarın 13-də, 89 yaşında vəfat edib.

Mirzə Babayev nəvəsi ilə

 


 

# 4950
avatar

Nigar Namiq

Oxşar yazılar