“Həcilərin və rəislərin hesabına gündəmə gələnlər  özlərini məşhur sayır” - SORĞU
25 yanvar 2023 18:00 (UTC +04:00)

“Həcilərin və rəislərin hesabına gündəmə gələnlər özlərini məşhur sayır” - SORĞU

Son illər “tanınmış” və “məşhur” ifadələri ilə çox qarşılaşırıq. Məsələn, tanınmış müğənni, məşhur bloqqer və s. Ələlxüsus, müasir dünyamızda məşhurlaşmaq bir “klik” qədər insana yaxındır. Özü də kimsə kimisə təhqir edib, bədənini və xarici görünüşünü nümayiş etdirməklə, “TikTok”da canlı yayımlarda jeton tələb etməklə və başqa bu kimi ucuz vasitələrdən istifadə etməklə bu, daha tez mümkündür. Axı asan və tez zənginləşməyi kim istəməz? 

Bəs, yaxşı, “tanınmış” və “məşhur”  ifadələri əslində kimlərə aiddir? Hər kəs müəyyən kütləyə xitab edib özünü bu cür adlandıra bilərmi?

Lent.az bununla bağlı bir neçə şou-biznes nümayəndəsi arasında sorğu keçirdi. 

Model Səmra Hüseynova Lent.az-a açıqlamasında dedi ki, savadı və istedadı olan, fərqliliyi ilə seçilən insanlar məşhur hesab olunur:

“Məşhurlar bacarığı, istedadı ilə seçilən insanlardır. Səviyyəsi və mədəniyyəti olmayan, intellektual zəkası aşağı olan, danışığını bilməyənlər özlərini məşhur adlandırmasın. Onlar özlərinə məşhur deyib cəmiyyətimizi kirləndirirlər. Baxırsan efirlərə sponsoru həcilər, rəislər olanlar çoxalıb. Onlar camaata nə nümunə ola bilər? Nə deməkdir indi bu? Sənətə, səhnəyə gələn elə kişi ilə gəlməlidir? Məşhur olmaq istəyənlər öz savadı və bacarığı ilə seçilməlidir. Necə ki mən öz ayağım üstündə dayanıb, həcisiz, kişisiz modellik sənətimlə seçilirəm. Tanıdığım bir çox bloqqer və influenserlərə baxıram, pozalarımı təkrarlayırlar. “İnsta model”lik edirlər və kənardan çox gülünc görünür. Belə məşhur olmaq olar? Özünüzü “məşhur” adlandırmayın belə şeylərlə. Özünüzü kimsiniz deyə, kəşf edin”.

Müğənni Dilarə Kazımova mövzu ilə əlaqədar fikirlərini bölüşdü:

“Müasir dövrdə sosial şəbəkələr hesabına çox adama “tanınmış” və “məşhur” deyirlər. Amma təəssüf ki, bu gün tanınmaq, məhşur olmaq keyfiyyət göstəricisi deyil. Efirdən istifadə edib məşhurlaşmaq asandır. Ancaq istedadlı, bacarıqlı insanlar keyfiyyətli məşhurlar hesab olunur”.

Şairə Nazilə Səfərli Səmradan fərqli olaraq məsələyə belə yanaşdı:

“Mətbuat və efir vasitəsilə ilə gün, həftə, ay ərzində dəfələrlə görüntülənən xadimə də, model də, müğənni də, siyasətçi də, xına yaxan da tanınmış hesab oluna bilər. Gündəmə gələ bilən, müzakirələrə səbəb olan şəxs tanınmış biridir. Ancaq təəssüf ki, meymunluq etməklə, atlanıb-düşməklə də məşhurlaşmaq olur, ziyasını, savadını və istedadını təqdim edənlər də məşhur sayılır. Yəni müəyyən kütləyə çıxa bilən adam məşhur sayılır”. 

Nəzərə alsaq ki, sosial şəbəkələr vasitəsilə populyarlaşan da var, məşhurlarla sevgili olub məşhurlaşan da, 1 gecədə ifa etdiyi mahnı ilə məşhurlaşan da olur. Tez bir zamanda məşhurlaşanın tez unudulmağı da var. Məsələ göründüyü kimi kəmiyyətdə deyil, keyfiyyətdədir. Hansının ədalətli, hansının gəldi-keçər olduğu isə izləyicilərin seçimindən asılıdır. 
 

# 4746
avatar

Nigar Namiq

Oxşar yazılar