Koronavirus pandemiyası bütün dünyada yüksək panika və təşviş yaratdı. Sosial təcrid və karantin rejimi insanların gündəlik həyat fəaliyyətini ciddi şəkildə dəyişdi, artıq əvvəlki kimi aktiv həyat tərzi keçirə bilmirik. Elə bu səbəbdən də son zamanlar, fiziki sağlamlığımızla yanaşı psixoloji vəziyyətimizə də ikiqat diqqət yetirməliyik.
Bəs görəsən karantin rejimində əhval-ruhiyyəmizi yüksək tutmaq üçün nələrə diqqət etməliyik?
Lent.az bu suala aydınlıq gətirmək üçün psixoloq Sona Baxşəliyevaya müraciət etdi.
Sona xanım bildirdi ki, bu tip epidemiyalara tarix boyu çox rast gəlinib. Belə olan halda insanların onu həyəcan və təşvişlə qarşılaması olduqca normaldır:
“Unutmamalıyıq ki, virusla mübarizədə qalib gələ bilmək üçün immunitetimiz güclü olmalı, eyni zamanda da psixoloji vəziyyətimiz buna imkan yaratmalıdır. Karantin dövründə əhvalı yüksək tutmaq üçün qida rasionumuza və yuxu rejimimizə diqqət etməliyik”.
Psixoloq onu da əlavə etdi ki, yaranmış vəziyyəti düzgün dəyərləndirmək lazımdır. Hər şey bizim sağlamlığımız üçündür:
“Karantin rejiminin əsas məqsədini unutmaq lazım deyil, əgər bunu dərk etmiş olsaq həmən müddəti psixoloji olaraq daha asan keçirə bilərik. Etiraz edib neqativ münasibət göstərmək yaranmış vəziyyəti daha da çətinləşdirə bilər. Bizim psixoloji keyfiyyətlərimiz birbaşa olaraq əhval-ruhiyyəmizdən asılıdır. Bir çoxumuz “evdə oturub nə edəcəm” sualını özünə tez-tez verir. Bu halda passivləşmək lazım deyil. Mən bir psixoloq kimi onlara məsləhət görərdim ki, evdə özləri üçün cədvəl tərtib etsinlər. Burada maraq dairələrini əks etdirəcək məşğuliyyətlər yer almalıdır. Həmin cədvəl sayəsində “nə ilə məşğul olum” tipli suallar da cavablanmış olacaq”.
Son olaraq psixoloq insanları bu müddət ərzində səbirli təmkinli davranmağa səslədi. Beləliklə, əgər karantində depressiyaya düşməmək, psixi sarsıntılar almamaq istəyirsinizsə özünüz üçün “xilas cədvəli” qurun.
Banu