“Kənd Təsərrüfatı Nazirliyi əkin sahələrini genişləndirmədən məhsuldarlığı yüksəltmək niyyətindədir”. Bunu Lent.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik Məhsullarının İstehsalı və Emalı şöbəsinin müdiri İmran Cümşüdov bildirib. Onun sözlərinə görə, hər bir bitkinin becərilməsi üçün onun aqrotexniki qulluq qaydaları var: ”Əgər bu qaydalara düzgün əməl olunarsa, yüksək məhsul əldə etmək mümkündür”.
Nazirlik rəsmisi bildirib ki, bu il Azərbaycanda 2.4 milyon ton taxıl istehsal olunub. Yəni taxıl istehsalında azalma olmasa da, əkin sahələrində azalma var.
İqtisadçı-ekspert Vüqar Bayramov Lent.az-a açıqlamasında bildirib ki, Azərbaycanda taxıl istehsalında azalma qeydə alınmayıb. “Amma taxıl sahələrinin azalması təbii ki müsbət mesaj deyil. Bu növbəti illərdə istehsal olunan taxılın həcminin azalmasına gətirib çıxara bilər. Bunun üçün strateji məhsul olan taxılı yetişdirən fermerlərə verilən subsidiyaların həcmin artırılması vacibdir. Biz hər hektara subsidiya məbləğinin 80 manatdan 120 manatadək artırılmasını təklif edirik. Eyni zamanda, subsidiyaların verilməsində şəffaflığın gücləndirilməsi və ayrılan vəsaitin yalnız fermerin özünə çatmasını təmin etmək lazımdır. Digər tərəfdən, subsidiya mexanizmi hər hektara deyil, istehsal olunan məhsulun həcminə görə müəyyənləşdirilməlidir”.
Ekspertin sözlərinə görə, daha çox məhsul istehsal edən fermer daha çox subsidiya almalıdır. “Bu baxımdan, qeyd olunanlar nəzərə alınaraq taxıl istehsalçılarına dövlət dəstəyi artırılarsa, bu, fermerlərin taxıl yetişdirilməsin marağının artmasına gətirib çıxara bilər”.