Prezident yanında Apelyasiya Şurasının sədri: <span style="color:red;">"İşlər yekunlaşmaq üzrədir"
15 fevral 2016 15:15 (UTC +04:00)

Prezident yanında Apelyasiya Şurasının sədri: "İşlər yekunlaşmaq üzrədir"

0

 

“Prezidentin müvafiq fərmanı ilə təsdiq edilmiş Əsasnamədə Apelyasiya Şurasının mahiyyəti, vəzifə və hüquqları, fəaliyyətinin təşkili, iclaslarının keçirilməsi qaydası, digər məsələlər kifayət qədər dolğun və ətraflı təsbit edilib”.

 

Lent.az xəbər verir ki, bunu AzərTAc-a müsahibəsində Prezident yanında Apelyasiya Şurasının sədri, Prezident Administrasiyasının dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev bildirib. E.Nuriyev əlavə edib ki, ilk dəfə yaradılan Apelyasiya Şurası ölkə başçısının yeni iqtisadi şəraitdə həyata keçirdiyi inkişaf strategiyasına uyğun olaraq, sahibkarlığın stimullaşdırılması, təşviqi, iş adamlarının hüquqlarının etibarlı müdafiəsi, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayət verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə yaradılıb: “Bu qurumun yaradılması iqtisadi islahatlar sahəsində uğurla həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir. Fərmanın məzmunundan göründüyü kimi, Şuraya çox vacib funksiyaların yerinə yetirilməsi, iş adamlarının fəaliyyətinə mane olan, onların işini əngəlləyən amillərin aradan qaldırılması, şikayətlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi, əsaslı müraciətlərin təmin edilməsi, korrupsiya, sui-istifadə, digər neqativ hallar müəyyən edildikdə tədbir görülməsi üçün prokurorluq orqanlarına müraciət edilməsi həvalə olunub.

 

Həmin funksiyaların icrası ölkədə sistemli şəkildə həyata keçirilən iqtisadi islahatların, aparılan antikorrupsiya siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, sahibkarlıq sahəsində ciddi qayda yaradılmasına, sivil biznes mühitinin formalaşmasına, qanun pozuntularının, mənfi təzahürlərin aradan qaldırılmasına, sahibkarlığın və iqtisadiyyatın davamlı inkişafına öz töhfəsini verəcək.

 

Şura sahibkarlıq sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərlə dövlət qurumları, daha dəqiq desək, sahibkarlarla mərkəzi və yerli icra hakimiyyəti orqanları arasında yaranmış mübahisələrin səlahiyyətləri çərçivəsində tam, hərtərəfli və obyektiv araşdırılmasını, qanuni və ədalətli qərarların qəbul olunmasını təmin edən kollegial orqandır.

 

Apelyasiya Şurasının yaradılması özəl sektorda çalışan iş adamlarının hüquqlarının müdafiəsinə, geniş mənada ölkədə sahibkarlığın inkişafına əlavə təminatdır. Belə ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin icra strukturlarına etdikləri şikayətlərə baxılmadıqda və ya qəbul edilmiş qərarlar mübahisə doğurduqda onlar birbaşa mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apelyasiya şuralarına, onların qərarından narazı qaldıqları təqdirdə Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasına şikayət vermək imkanı əldə ediblər.

 

Maraqlı və vacib məqamlardan biri ondan ibarətdir ki, sahibkar Şuraya müraciət etdiyi gündən mübahisənin həlli prosesində iştirak imkanı qazanacaq. Bu mexanizm, öz növbəsində, şikayətlərə və qaldırılan məsələlərə aşkarlıq şəraitində, şəffaf prosedurlar əsasında baxılmasına, sahibkarlığın inkişafına mane olan bürokratik əngəllərin aradan qaldırılmasına, korrupsiya və sui-istifadə hallarına qarşı daha səmərəli mübarizə aparılmasına, fəaliyyət prosesində yaranan problemlərin operativ və obyektiv həllinə, sahibkarların normal işləməsinə, onların dövlətə inamının artmasına imkan yaradacaq”.

 

E.Nuriyev deyib ki, qanunvericiliyin tələbinə əsasən sahibkarlıq fəaliyyəti göstərən bütün hüquqi və fiziki şəxslər özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qəbul etdiyi qərarından, qərarların qəbul edilməsindən imtinadan, habelə hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalara dair müraciətlər istisna olmaqla) tam və ya qismən narazı olduqları halda müvafiq Apelyasiya şuralarına təkrar şikayət edə bilərlər: “Prezident yanında Apelyasiya Şurasına isə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apelyasiya şuralarının qəbul etdiyi qərarından, qərarların qəbul edilməsindən imtinadan, habelə hərəkət və ya hərəkətsizliyindən narazı olan sahibkarlar qanunvericiliyin tələblərinə əməl etməklə şikayət verə bilərlər. Bir vacib məsələni təkrar vurğulamaq istəyirəm, şikayətlərin verilməsi və baxılması qanunvericiliyin tələbləri ciddi gözlənilməklə həyata keçirilməlidir.

 

Həqiqətən də Prezident yanında Apelyasiya Şurasına son bir neçə gün ərzində ayrı-ayrı orqanların qəbul etdiyi qərarlardan müxtəlif məzmunda xeyli şikayət daxil olub və onların sayı günbəgün artmaqdadır. Proqnozlara əsasən artım dinamikası bundan sonra da davam edəcək.

 

Şikayətlərin sayının azaldılması və lüzumsuz artmasının qarşısının alınması üçün ilk növbədə yerli və mərkəzi icra hakimiyyətləri zəruri tədbirlər görməli, sahibkarların müraciətlərinə məsuliyyətlə yanaşmalı, şikayətlərinə vaxtında və düzgün baxmalı, qanuni tələb və xahişləri təmin etməli, bürokratik amilləri, süründürməçilik hallarını, nöqsan və çatışmazlıqları aradan qaldırmalıdırlar.

 

Sahibkarlar da şikayət verilməsinə məsuliyyətlə yanaşmalı, hüquq və vəzifələrini yaxşı bilməli, qanunvericiliyin müddəalarına ciddi əməl etməli, əsassız iddialar irəli sürməməli, lüzumsuz şikayətlər verməkdən çəkinməlidirlər.

 

Eyni zamanda, Apelyasiya şuraları sahibkarların şikayətlərinə vaxtında, obyektiv baxmalı, qanuni qərarlar qəbul etməlidirlər.

 

Hazırda Şuraya daxil olan şikayətlərin təhlili göstərir ki, sahibkarlar qanunvericiliyin müddəalarını kifayət qədər düzgün təfsir etmir, icrası zəruri olan tələbləri, prosedur qaydaları pozurlar. Bu hal son nəticədə şikayətlərə baxılmasından imtinaya, baxılmamış saxlanmasına, mübahisənin həllini tapmamasına, şikayətin aidiyyəti üzrə göndərilməsinə, onların sayının süni artmasına gətirib çıxarır, vaxt itkisinə, əlavə iş yükünə, məsrəflərə səbəb olur.

 

Əvvəla onu deyim ki, Apelyasiya şuralarına şikayətləri yalnız sahibkarlar, onların qanuni nümayəndələri verə bilərlər və bu şikayətlər yalnız sahibkarlıq fəaliyyəti ilə, eləcə də onların özlərinə aid sahibkarlıq fəaliyyəti ilə bağlı olmalıdır. Göründüyü kimi, bütün hallarda bu üç şərt gözlənilməlidir. Bundan əlavə, sahibkarlar şikayətin verilməsinin prosedur qaydalarına, şikayətin forma və məzmununa, digər tələblərə əməl etməlidirlər. Əks təqdirdə, qanunvericiliyə müvafiq olaraq, onların şikayətlərini həll etmək imkan xaricində olacaq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 555

Oxşar yazılar