Qaxda İqtisadi İnkişaf Nazirliyinin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) və Milli Məhsuldarlıq və Rəqabətədavamlılıq Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda fındıq emalı və ixracının perspektivləri” mövzusunda dəyirmi masa keçirilib.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə Qax, Qəbələ, Oğuz və Şəkidə fəaliyyət göstərən fındıq emalı müəssisələrinin, rayon icra hakimiyyətinin, İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri iştirak ediblər.
Dəyirmi masada çıxış edənlər – İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, GİZ-in nümayəndəsi Gülnarə Məmmədova və Qax Rayon İcra Hakimiyyətinin əməkdaşı Azərbaycanda fındıq istehsalı və ixracı imkanları, bu sahədə sahibkarlara göstərilən dəstək tədbirləri barədə məlumat verib, sahibkarların suallarını cavablandırıblar. Tədbirdə İqtisadi İnkişaf Nazirliyi, GİZ və Milli Məhsuldarlıq və Rəqabətədavamlılıq Mərkəzinin birgə həyata keçirdiyi “Cənubi Qafqazda özəl sektorun inkişafı” layihəsi barədə də məlumat verilib. Layihəyə əsasən, Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ və Oğuz rayonlarında fəaliyyət göstərən fındıq emalı müəssisələri arasında anket sorğusu keçirilib və “Azərbaycan Respublikasının fındıq ixracatçıları” kataloqu üçün müvafiq məlumatlar toplanıb. Yaxın zamanlarda bu kataloq çap olunaraq xarici ölkələrdə yayımlanacaq. Həyata keçirilən tədbirlər Azərbaycanda ixrac potensiallı digər məhsulların da təşviqinə töhfə verəcək.
Qeyd edək ki, Azərbaycan dünyada fındıq istehsalı və ixracı sahəsində Türkiyə, İtaliya və ABŞ-dan sonra 4-cü yerdədir. Azərbaycanda yetişdirilən “Ata-baba” fındıq növü öz qida keyfiyyətinə görə dünya bazarında özünəməxsus yer tutur.