“Cənab prezidentin bu fərmanı sahibkarlığın inkişafı istiqamətində inqilabı addımdır. Biz uzun müddətdir ki, belə bir qərarı gözləyirdik”.
Lent.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin iqtisadi-siyasət komitəsinin üzvü, deputat Vahid Əhmədov prezident İlham Əliyevin bu gün imzaladığı fərmanı şərh edərkən deyib.
V.Əhmədovun sözlərinə görə, ölkədə sahibkarlara lisenziya verilməsi hüququnun “ASAN” Xidmətə həvalə olunması özlüyündü çox müsbət haldır: “Bu qurum özünü kifayət qədər doğruldub. Bu günə qədər ASAN Xidmətə həvalə olunan bütün sənədləşdirmə işləri yüksək şəffaflıqla icra olunub. Burada heç bir korrupsiya əlamətləri yoxdur. Ona görə də lisenziya xidmətinin də “ASAN”a verilməsi sahibkarlığın inkişafına müsbət təsir göstərəcək”.
Deputat bildirib ki, dünyada neftin qiyməti kəskin aşağı düşüb, dövlət büdcəsində azalmalar var və bunun üçün də ölkə başçısı qeyri-neft sektorunun inkişafına diqqəti artırır: “Cənab prezident bu sahədə həmişə məmurları tənqid edib, deyib ki, sahibkarlara maneələr törətməyin, imkan verin, bu sahə inkişaf etsin. Ancaq təəssüf ki, bəzi məmurlar buna getmirdilər, kiçik və orta sahibkarlığın inkişafına əngəl olurdular”.
V.Əhmədovun sözlərinə görə, bu, prezident İlham Əliyevin kiçik və orta sahibkarlığın inkişafı üçün apardığı strateji siyasətdir: “Bu fərmanın əsas cəhəti odur ki, bundan sonra məmurla sahibkar arasında heç bir rüşvətxorluq, süründürməçilik, korrupsiya olmayacaq. Sahibkar gəlib öz sənədlərini verib, lisenziyasını alıb, rahat şəkildə işləyəcək. Bu da öz növbəsində yeni iş yerlərinin açılmasına, dövlət büdcəsinə əlavə vəsaitlərin cəlb edilməsinə öz müsbət təsirini göstərəcək”.