Azərbaycanda "Kooperasiya haqqında" qanun Milli Məclisdə birinci oxunuşdan keçib. Yaz sessiyasında isə adıçəkilən qanun yenidən müzakirə olunacaq.
Qanunda qeyd olunur ki, kooperasiya — birgə məqsədləri həyata keçirmək üçün iştirakçıların səy və resurslarının könüllü birləşməsidir. Kooperativ fiziki şəxslərin, yaxud fiziki və hüquqi şəxslərin iqtisadi, təsərrüfat və sosial tələbatlarını ödəmək məqsədilə onların səy və resurslarının könüllü birləşməsi əsasında yaradılan və fəaliyyət göstərən təsərrüfat subyektidir.
Kooperativlərin ittifaqlarının (assosiasiyaların) yaradılması və fəaliyyətinə gəlincə, kooperativlər öz fəaliyyətlərini əlaqələndirmək, hüquqlarının müdafiə edilməsini təmin etmək, ümumi mənafelərini dövlət və digər orqanlarda, təşkilatlarda, habelə beynəlxalq təşkilatlarda təmsil etmək və digər məqsədlərlə könüllülük əsasında sahə, ərazi və başqa prinsiplərə əsasən ittifaqlar (assosiasiyalar) (bundan sonra — ittifaqlar) yarada bilərlər. İttifaqları iki və daha çox kooperativ yarada bilər.
Deputat: “Bu, daha effektli olacaq”
Milli Məclisin deputatı Tahir Rzayev Lent.az-a açıqlamasında bildirib ki, bu, olduqca əhəmiyyətli qanundur: “Elə insanlar var ki, torpağı əkib-becərmək imkanı yoxdur. Kooperasiya yarandıqda isə, həmin şəxslər payçı kimi torpaqlarını kooperasiyaya verəcəklər və oradan müəyyən qədər faiz götürəcəklər”.
Millət vəkili vurğulayıb ki, kooperasiya yaradan payçıların üzərində hər hansı bir üst qurum olmayacaq: “Kəndlərdə elə insan var ki, bir hektar torpağı var, yonca əkir, elə insan var ki, iki hektar torpağı var, taxıl əkir. Bunun suvarılmasında, əkilməsində, biçilməsində əziyyətlər olur. Kooperasiya olduqda isə, bir neçə insan birləşərək, ya taxıl, ya da digər bitkiçilik məhsulu əkəcəklər. Bu, daha effektli olacaq”.
T. Rzayevin sözlərinə görə, "Kooperasiya haqqında" qanunun olması payçılara əsas verəcək ki, yaratdıqları kooperasiyaları hüquqi baxımdan tanıda bilsinlər: “Gələcəkdə həmin şəxslər asanlıqla dövlətdən kredit götürə biləcəklər. Həm də onlar kooperasiya rəhbəri olaraq, müəyyən məsələləri müvafiq dövlət qurumları qarşısında qaldıraraq, həllinə nail ola biləcəklər. Bununla texnika və torpaqdan səmərəli istifadə ediləcək”.
Nazirlik: "Kooperasiyaların yaradılması öz müsbət nəticəsini verəcək”
“Kənd təsərrüfatının inkişafına mane olan səbəblərdən biri də kiçik torpaq sahibkarlığıdır”. Bunu Lent.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İcmallaşdırma və statistik təhlil şöbəsinin müdiri Firdovsi Fikrətzadə bildirib. Onun sözlərinə görə, dağınıq təsərrüfatlar bir çox hallarda dövlətin aqrar sektora yardımının arzuolunan səviyyədə nəticə verməməsi ilə nəticələnir: “Bu baxımdan kiçik təsərrüfatların kooperativ şəkilində birləşməsi öz müsbət nəticəsini verəcək”.
Nazirliyin şöbə müdiri vurğulayıb ki, kooperativlərin yaradılması nəticəsində həmin şəxslər (kooperativi yaradanlar) dövlətdən rahat şəkildə kredit götürə biləcəklər.
Ekspert: “Bu qanun ixrac imkanlarını genişləndirəcək”
İqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, kənd təsərrüfatı kooperasiyaların yaradılması sərmayənin birləşdirilməsi, investisiya və ixrac imkanlarının genişləndirilməsi baxımdan əhəmiyyətlidir: “Bu həmin müəssisələrə yalnız daxili deyil, eyni zamanda xarici bazarlara çıxmaq imkanı da verə bilər”.
Ekspertin sözlərinə görə, bununla yanaşı, fermerlərin stimullaşdırılması üçün yaradılacaq kooperasiyalar üçün təşviqedici metodlar kimi vergi güzəştləri və ya dolayı subsidiya mexanizminin tətbiqini həyata keçirmək mümkündür.