Bir ilə yaxındır ki, Azərbaycanda vergi ödəyiciləri ilə vergi orqanları arasında “partnyorluq saziş”lərinin bağlanmasına başlanılıb. Cəmiyyətdə o qədər də populyar olmayan və bir növ yenilik hesab edilən bu sazişlər nəyi nəzərdə tutur, hansı üstünlüklərə malikdir və hansı zərurətdən aktuallaşdı? Araşdırmamamızda məhz bu sualalara cavab axtarmağa çalışacağıq.
Heç kimə sirr deyil ki, Vergilər Nazirliyi vergi ödəyiciləri ilə münasibətlərin qarşılıqlı inam əsasında qurulmasına imkan verən çevik və işlək mexanizmlərin tətbiqində maraqlıdır. Bu məqsədlə nazirlik vergi ödəyiciləri ilə könüllülük əsasında partnyorluq sazişlərinin imzalanması mexanizmini işə saldı. Vergi orqanı ilə vergi ödəyicisi arasında könüllü niyyət razılaşması olan bu sazişin imzalanması vergilərin düzgün və tam ödənilməsində vergi orqanlarının yükünün biznes cəmiyyəti ilə bölüşdürülməsinə, münasibətlərin qarşılıqlı əməkdaşlıq və məsuliyyət platformasında qurulmasına xidmət edir.
Saziş bağla, biznesin rahat nəfəs alsın
Ticarətin, kapitalın və işçi qüvvələrinin liberallaşması, biznesin təşkili və idarəolunmasının yeni modellərinin meydana çıxması vergi inzibatçılığının qeyri-ənənəvi metodlarından istifadəni zəruri edir. Azərbaycanda da bu zərurət artıq yetişmişdi və keçən ilin ortalarında “vergi portnyorluğu” sazişləri gerçək oldu. Və əlbbətə ki, bu yeniliyin tətbiqi üçün qanunverici əsaslar daha əvvəldən razılaşdırılaraq qəbul edildi.
Beynəlxalq təcrübə göstərir ki, vergi inzibatçılığının səmərəliliyi və büdcə mənafeyinin qorunması baxımından vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlər elə qurulmalıdır ki, mübahisəli məsələlərin minimuma endirilməsi təmin olunsun, mübahisələr yarandıqda isə onlar tərəflərin qanuni maraqları və ictimai mənafelər qorunmaqla partnyorluq münasibətləri əsasında həll edilsin. Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev bildirir ki, bir çox ölkələrin, o cümlədən İrlandiyanın, İsveçrənin, Niderlandın və Amerika Birləşmiş Ştatlarının təcrübəsi göstərir ki, vergi orqanları ilə vergi ödəyiciləri arasındakı münasibətlər partnyorluq və qarşılıqlı əməkdaşlıq əsasında qurulduqda vergi ödəyicilərinin işgüzar aktivliyinə və azad iqtisadi fəaliyyətinə xələl gətirilmədən minimal resurslarla maksimum səmərəli vergi nəzarətinin təşkili və həyata keçirilməsi təmin olunur: “Vergitutmada partnyorluq münasibətlərinin tətbiq olunmasının üstünlükləri nəzərə alınaraq, bununla bağlı Vergi Məcəlləsində müvafiq dəyişikliklər edilib. Xüsusilə qeyd etmək lazımdır ki, partnyorluq münasibətləri vergi ödəyicilərinin vergi yükünün azaldılmasını nəzərdə tutmur. Sadəcə olaraq, vergi ödəyiciləri bu münasibətləri qurmaqla vergiyə cəlbolunmanın xüsusiyyətlərini əvvəlcədən vergi orqanları ilə razılaşdıraraq özlərini əsassız günahlandırılmalardan sığorta etmiş olurlar. Meydana çıxan mübahisəli məsələlər isə hər iki tərəfin mənafeyi gözlənilməklə güc və məhkəmə prosedurları tətbiq olunmadan həll edilmiş olur”.
Nöqsan aşkarlanmasa, yoxlama da olmayacaq
“Vergi partnyorluğu” sazişini kiçik bir misalla praktikləşdirək. Məsələn vergi ödəyicisi vaxtlı-vaxtında kassa aparatına çek vurması, vergi bəyannaməsini təqdim etməsi barədə öhdəlik imzalayır, vergi orqanları da həmin vergi ödəyicisində hər hansı nöqsan aşakarlamayana qədər yoxlama aparmır. Beləliklə iş prinsipinin tələb etdiyi gündəlik məsuliyyət vergi ödəyicisini gələcəkdə qarşılaşa biləcəyi bir sıra risklərdən qoruyur və bu sazişlə öhdəlik formasına gətirildikdə, biznesmenin işi xeyli yüngülləşmiş olur.
Ümumilikdə “vergi partnyorluğu” sazişinin məqsədləri bunlardır: sahibkarlığa lüzumsuz müdaxilələrin qarşısını almaqla onun inkişafını stimullaşdırmaq; əməkdaşlığa, qarşılıqlı etibarlılığa və şəffaf münasibətlərə əsaslanan birgə fəaliyyəti təmin etmək; müasir idarəetmə alətləri tətbiq etməklə biznes subyektlərini vergi orqanlarının fəaliyyətinə cəlb etmək; vergilərin ödənilməsi ilə bağlı könüllü əməletmə səviyyəsinin artırılması istiqamətində partnyorluq etmək; ədalətli, çevik, effektiv və səmərəli vergi nəzarəti yaratmaq; vergi risklərini minimallaşdırmaq.
Sazişin bağlanması üçün vergi ödəyicisi tərəfindən könüllülük prinsipi əsasında Vergilər Nazirliyinin “Vergi partnyorluğu sazişinin bağlanması üçün Ərizə” forması ilə vergi orqanına müraciət edilir, daxil olmuş müraciətə 15 gün müddətində baxılır.
“Partnyorluq sazişi” etibarlı dostluq kimidir
Lakin Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş "Vergi partnyorluğu sazişinin bağlanması Qaydaları"na əsasən, bu qaydalarla müəyyən olunmuş hallarda vergi orqanları sazişin bağlanmasından imtina edə bilər. Bunlara vergi ödəyicisinin dövlət büdcəsi qarşısında öhdəliyinin olması, vergi ödəyicisinin fəaliyyəti ilə bağlı həyata keçirilən nəzarət tədbirinin nəticəsi üzrə yekun qərarın olmaması və mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin müəyyən edilməsi halları aiddir.
Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin Strateji Araşdırmalar İdarəsinin rəisi Telman Hüseynli bildirir ki, saziş bağlanarkən əsasən nağdsız hesablaşmalar aparan, eyni zamanda nağdsız maliyyə fəaliyyəti göstərən vergi ödəyicilərinə, mühasibat uçotunu xüsusi proqramlar vasitəi ilə aparanlara üstünlük verilir: “Bu sazişin bağlanması ilə vergi nəzarəti əvvəlki qaydada yerinə yetirilir, sadəcə, əgər müqavilə yoxdursa vergi ödəyicisinə həmişəki yoxlamalar yenə də tətbiq edilir. Bu müqavilə isə vergi məsələləri ilə bağlı bütün tələbləri operativ həll etməyə şərait yaradır və yoxlamaların sayı da minimuma endirilir. Bir çox hallarda vergi ödəyicisi fəaliyyət göstərdiyi müddət ərzindəki vergi fəaliyyətini hesablayaraq bəyənnamə təqdim edir. Sonra yoxlama gəlib aşkar edir ki, vergilərin hesablanmasında hər hansı səhvlərə yol verilib. Məsələn, vergi ödəyicisi bəzi əməliyyatlar vaxtı fərz edə bilər ki, müəyyən vergi ödənməməlidir. Beləliklə, bəzi məqamlar nəzərə alınmaya bilər. Bu kimi hallar bilməyərəkdən, texniki səhv kimi də baş verə bilər. Müqavilə mövcud olduqda isə vergi ödəyicisinin əməliyyatlarına vergi orqanı nəzarət edə bilir. Məlumatlar operativ olaraq elektron xidmət vasitəsi ilə ötürülür və bütün nöqsanlar, gözdən yayınmış məqamlar beləcə üzə çıxarılır, risklər minimuma endirilir. Hər hansı kənarlaşma olanda vergi orqanı dərhal vergi ödəyicisinə bununla bağlı xəbərdarlıq edir. Vergi ödəyicisi də kənarlaşmaları aradan qaldırır”.
Bundan başqa mütəxəssislər hesab edir ki, vergi yoxlamaları zamanı hər hansı səbəbdən vergilərin azaldılmasından yaranan nöqsanlar ortaya çıxa bilər. Bu səbəbdən də belə hallar aşkarlandıqda müvafiq maliyyə sansksiyaları tətbiq edilir. Lakin müqavilənin tələbi ilə bunlar işin gedişində həll olunduğundan vergi ödəyicisi üçün risklər də minimuma enir. Bundan başqa mütəmadi olaraq iri vergi ödəyiciləri ilə görüşlərin təşkili, onların maarifləndirilməsi kimi üstünlüklər təklif edilir.
Ekspert: “Bu inqilabi yenilikdir”
«Deloitte»&Touche» şirkətinin partnyoru, vergilər üzrə ekspert Nuran Kərimov bildirir ki, vergi orqanları ilə vergi ödəyiciləri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edən yeni əməkdaşlıq mexanizmlərinin tapılması çox vacib idi. Onun sözlərinə görə, həyata keçirilən hər bir islahat, ilk növbədə, vergi ödəyicisində inam və məsuliyyəti gücləndirməli, vergi risklərini minimallaşdırmalıdır: “Risk qrupuna daxil olan vergi ödəyiciləri bütün dünya ölkələrində mövcuddur. Başqa sözlə, hər bir ölkədə vergidən yayınmağa çalışan vergi ödəyiciləri çoxdur. Vergi administrasiyalarının qarşısında duran başlıca vəzifə bu riskləri minimallaşdırmaq istiqamətində islahatlar aparmaqdır. Azərbaycanın vergi orqanları da vergi ödəyicilərində məsuliyyəti, başqa sözlə, könüllü əməletmə səviyyəsini yüksəltməyə xidmət edən islahatlar həyata keçirir. Hesab edirəm ki, vergi partnyorluğu sazişinin tətbiqi, bu baxımdan, inqilabi yenilik kimi dəyərləndirilməlidir”.
N.Kərimovun sözlərinə görə, bu təcrübənin səmərəliliyi artıq təsdiqini tapıb.
İrəli getmək üçün müasirləşmək lazımdır
“Vergi partnyorluğu” sazişini bağlamaq üçünhər bir vergi ödəyicisi qeydiyyatda olduğu ərazi üzrə müvafiq vergi orqanına müraciət edə bilər. T.Hüseynli bildirir ki, burda hər hansı ayrıseçkilik yoxdur: “Sadəcə bəzi qaydalar mövcuddur və bu qaydalar hansı vergi ödəyicilərinə daha çox üstünlük verildiyini müəyyənləşdirir. Həmçionin müəyəyn tələblər də var. Onlardan da ən əsası vergi ödəyicisi ilə bağlı vergidən yayınma şübhələridir. Bu cür hallar hansı vergi ödəyicisində olubsa, həmin ödəyicilərlə müqavilə bağlanmır. Məsələn, əvvəlki dövrlərdə vergi öhdəlikləri yaranan və vaxtı-vaxtında ödəniş edən, nağdsız formada fəaliyyət göstərən ticarət obyektlərinə üstünlük verilir. Ticarət obyektlərini ona görə dedim ki, bəzi ticarət obyektlərinin dövriyyəsinə, daxilolmaya baxılır və vergi orqanı müəyyən edir ki, burada daha çox nağdısz ödənişlərə üstünlük verilir. Bu zaman nağdsız ödənişlərin stimullaşdırılması məqsədi ilə həmin vergi ödəyicilərinə müəyyən üstünlüklər verilir. Ümumilikdə müraciət daxil olduqdan sonra həmin ödyicinin sənədləri araşdırılır. Müəyyən edilə bilər ki, sənədlərdə vergidən yayınma halları mövcuddur və ya eyni zamanda yanlış sənədlər təqdim edilib. Hətta müqavilə bağlandıqdan sonra vergi ödəyicisinə nəzarət edilir. Bundan sonra da çatışmazlıqlar ortaya çıxa bilər və ya məlum ola bilər ki, həmin vergi ödəyicisi vergidən yayınmaya meyillidir. Ona görə də həmin ödəyicinin müqaviləsi sonradan ləğv edilə də bilinər”.
T.Hüseynli onu da bildirdi ki, müasir sertifikatlaşdırılmış proqram təminatı ilə mühasibat uçotu aparan vergi ödəyiciləri, əlavə dəyər vergisi ödəyiciləri və maliyyə xidmətləri göstərənlər: banklar, kredit, sığorta, maliyyə təşkilatlarına da üstünlük verilir”.
1300 vergi ödəyicisi “partnyorlaşıb”
Araşdırmamız zamanı o da məlum oldu ki, 1 ilə yaxın müddət ərzində 1300 vergi ödəyicisi ilə partnyorluq müqaviləsi bağlanılıb. Bu say günü-gündən artır və yaxın gələcəkdə 10 minə çatması planlaşdırılır.
Vergilər Nazirliyində hesab edirlər ki, partnyorlar artıq bu müqavilələrin onlara qazandırdığı üstünlükləri hiss etməyə başlayıblar. Ödəyicilər düşünür ki, vergilərlər bağlı risklər minimuma enib və bu artıq mütəmadi formada baş verdiyinə görə, vergilərin könüllü ödənilməsi daha geniş vüsət alır. Bu da dövlətin siyasətinin tərkib hissəsi olan vergi ödəyicisinin daha az yoxlanılmaların sayının azaldılmasına və risklərin maksimum azalmasın, vaxt itkisinin aradan qaldırılmasına gətirib çıxrır. İstənilən halda bütün bunlarölkədə azad sahibkarlığın formalaşmasına və inkişafına ximət edir. Saziş bağlamaq həm də özündə məsuliyyətaltına girmək mənasını ifadə edir. Nə qədər məsuliyyətli olsaq, bir o qədər uğur qazanarıq.
Nizam RZAYEV
Vergilər Nazirliyinin “Vergilər” qəzetinin və Azərbaycan Mətbuat Şurasının keçirdiyi müsabiqəyə təqdim etmək üçün