Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu gün jurnalistlərə açıqlamasında bank sektorunun gücləndirilməsi və əhalinin xarici valyuta ilə olan borclarının qaytarılması, həmçinin, xaricə çıxarılan valyutaya 20 faizlik yığım tətbiq edilməsi barədə bir sıra açıqlamalar verib.
İqtisadçı Natiq Cəfərli Mərkəzi Bank sədrinin bugünkü açıqlamalarını Lent.az-a şərh edib.
N.Cəfərlinin sözlərinə görə, 5 min dollara qədər krediti olan şəxslərə güzəşt edilməsi məsələsində ən vacib məqam bu qaynağın necə tapılacağıdır. O bildirib ki, Azərbaycan banklarının özünün xarici borclarının ödənilməsi ilə bağlı ciddi problemlər mövcuddur: “Azərbaycan banklarının xarici borcunun miqdarı 5,7 milyard dollardır. Banklar əhalinin kredit borclarına güzəşt tətbiq etmək üçün mənbə tapmalıdır. Bu, ya dövlət büdcəsi hesabına, ya da Dövlət Neft Fondundan birbaşa transfer şəklində ola bilər. Hələlik 2016-cı ilin dövlət büdcəsində bu məsələ ilə bağlı vəsait ayrılması barədə heç nə nəzərdə tutulmayıb. Büdcə artıq təsdiq edilib. Ancaq parlamentdə büdcənin müəyyən parametrlərində dəyişikliklər etməklə buna imkan yaradıla bilər. Ancaq ARDNF-dən verilmiş qərarla bu məbləği banklara birbaşa köçürmək mümkündür. Sadəcə mənbələr tapılmalıdır”.
İqtisadının fikrincə, krediti olan şəxslərin borclarını köhnə məzənnə ilə ödəməsi də həlledici olmaya bilər, çünki son vaxtlarda əhalinin gəlirlərinin azalması nəticəsində, ümumiyyətlə, kreditlərin ödənilməsində problemlər yaşanır: “Kreditlərin köhnə məzənnə ilə ödənilməsinin təmin edilməsi ilə bərabər ödəmə müddətinin uzadılmasında da yarar var. Banklar müştərilərlə yenidən müqavilə imzalamaqla, uzunmüddətli ödəniş qrafikinə keçsinlər, faizlərini müəyyən qədər aşağı salsınlar. Yeni müqavilələrdə o da nəzərə alınmalıdır ki, gələcəkdə manat yenidən dəyər itirəcəyi halda, bu hal müştərilərə mənfi mənada təsir göstərməsin. Başqa bir məqam isə kreditlərini bugünə qədər vaxtında ödəyən şəxslərlə gecikdirmiş şəxslərlə bağlıdır. Bu iki ayrı qrup arasında da fərq qoymaq, birincilərə müəyyən faiz güzəştləri və yaxud müddət güzəştləri edilməlidir. Yəni yaxşı kredit ödəyicisi ilə pis ödəyici arasında müəyyən fərq qoyulmalıdır”.
N.Cəfərli bildirib ki, Mərkəzi Bank bu məsuliyyəti tamamilə öz üzərinə götürməmək üçün qərarın hökumət tərəfindən verilməsini istəyir: “Mərkəzi Bankın manatla kifayət qədər resursu var. Dollarla olan resurslarda azalma var. Ona görə də əslində öz qərarlarını sığortalamaq üçün bu məsələ ilə bağlı hökumət qərarının verilməsinə çalışır”.
Ölkədən çıxarılan 50 min dollardan çox pula 20 faizlik yığım tətbiqini də şərh edən iqtisadçının sözlərinə görə, bu məsələyə tam aydınlıq gətirilməlidir: “Bu 20 faizin vergi şəklində tutulacağı, yoxsa valyuta sahibinin özünün hesabında depozit kimi saxlanılacağı aydınlaşdırılmalıdır. Hələ ki bu məqam tam aydın deyil. Əgər kapital çıxarılışına 20 faizlik vergi tətbiq edilsə, insanlar ölkədən pul çıxarmağın başqa yollarını axtarmağa başlayacaq və tapacaqlar. Əgər köçürməyə 20 faiz vergi tətbiq edilsə, bu, qara bazarın şişməsinə səbəb olacaq və yaxşı effekt verməyəcək”.