“Böyüyüb məşhur olacağam və onları öldürəcəyəm...” - <span style="color:red;">İNTERNAT DRAMI – IV HİSSƏ
08 fevral 2017 14:46 (UTC +04:00)

“Böyüyüb məşhur olacağam və onları öldürəcəyəm...” - İNTERNAT DRAMI – IV HİSSƏ

 

I hissə, II hissə, III hissə

 

IV hissə

 

... Artıq 15 dəqiqədən çox idi ki, suyun içində hərəkətsiz qalmışdı. Bu qədər uzun müddət yoxa çıxdığı üçün onu axtaracaqdılar. Ən yaxşısı gizlincə sivişib aradan çıxmaq idi. Belə də etdi. Fəvvarənin şırıltısında onun sudan çıxmağı eşidilməsi, amma paltarlarına doğru sürünəndə arxadan səs gəldi:

 

- Ey, balaca zibil! Sən orada neyləyirsən?

 

***

 

- Hovuzda çimməyin cəzası nə oldu?

 

- Bütün uşaqların kabusu – internata göndərilmək! Qorxurdum, hər halda, internat buradan da betər olacaqdı. Amma ən çox 200 saylı məktəbdən ayrılacağıma görə məyus olurdum... Bir daha Könülü görməyəcəyimə görə üzülürdüm...

 

- Neçə yaşınız var idi?

 

- İnternata gələndə 6-cı sinifdə oxuyurdum... Həyatımda iki dəfə valideynimin yoxluğunun fərqinə varmışam. İstəmişəm ki, yanımda olsunlar... Birinci dəfə 5 yaşım var idi, məni rus bölməsindən Azərbaycan bölməsinə keçirəndə çox darıxır, gecələri ağlayırdım... Qəribsəmişdim. Beş yaşlı ağlımla hiss edirdim ki, mənə valideyn lazımdır... Valideyn deyəndə ki, yəni uşağın yanına gələn adam... Orada bəzi uşaqların yanına gəlib-gedən var idi...

 

- Düşünürdünüz ki, o “gəlib-gedənlər” uşaqların nəyidir?

 

- Bütün bunlar bir müddətlik hisslər idi. Mən daim valideyn sevgisi, arzusu ilə yaşayan adam olmamışam. Bir müddət arzulayırsan, istəyirsən sənin də yanına valideyn gəlsin, amma qısa zamanda başa düşürsən ki, neyləsən də gəlməyəcək. Ona görə də fikrində ancaq valideyni yanına gələn uşaqlardan necə istifadə etmək sualı dolaşır. Onlara gətirilən yeməkdən yeyə bilmək...

 

- Hansı metodla?

 

- “Sən mənim dostumsan” deməklə... Uşaq idik... İndi gülünc görünür, amma uşaqlıqda bu metod işləyirdi... Bir söz də deyim, internata gedəndə mən artıq anamı ikinci dəfə də görmüşdüm...

 

- Yanınıza gəlmişdi?

 

- Yox... 4-cü sinifdə oxuyurdum. Cüdo ilə məşğul idim. Bu arada, cüdo yeganə məşğuliyyət idi ki, onu özüm seçmişdim. O vaxt artıq biz Leyla müəllimənin həyətindəki tut ağacını çırpıb, gətirib uşaq evində tut arağı çəkirdik, xalça toxuyurduq, o bizə hətta gecələr təmir gedən parklardan daş da oğurlatdırırdı... Yəni mümkün qədər əzablı və məcburiyyətli həyat idi. Cüdo isə yeganə dərnək idi ki, onunla məşğul olmaq üçün uşaq evindən çıxıb, metronun “Sahil” stansiyası yaxınlığındakı “Dinamo” idman kompleksinə gəlirdik. Gəlirdik deyəndə ki, Elnur müəllim 10-12 uşağı hər dəfə gətirib-aparırdı... Həmin günlərdən biri idi... Məşqdən çıxmışdıq... Metro ilə uşaq evinə qayıdırdıq... Vaqonda uşaqlarla yan-yana əyləşmişdik... Birdən üzərimdə kiminsə nəzərini hiss etdim. Bu, nə isə fərqli bir baxış idi... Sanki bütün bədənimi titrədən baxış... Sıxıldım, o istiqamətə baxmaq istəmirdim. Amma özümdən asılı olmadı, ani bir baxışla bütün narahatlığımın səbəbini duydum... Üz-üzə əyləşən, gözlərini məndən çəkməyən qadın mənim anam idi...

 

- Ayrılanda çox uşaq idiniz. Dəqiq xatırlaya bildiniz?

 

- Mən anamı çox yaxşı xatırlayırdım. Unutmamışdım ki... Payız-qış ayları idi, əynində qəhvəyi rəngə çalan paltosu var idi, qara da çantası... Həmişəki kimi onu saçlarından və baxışlarından tanıdım... Mənə həmin baxışları ilə baxırdı... Onun qara saçları həmişə açıq olurdu... Ən çox gözlərindən, baxışlarından tanıdım... Mən onun kimi diqqətlə baxmağa çəkinirdim. Uşaqlığımdan, çarəsizliyimdən utanır, atıldığım üçün sıxılırdım... Orada Elnur müəllimə “bu qadın mənim anamdır” deməyə də utandım. İndiki ağlım olsaydı, mütləq deyərdim. Elnur müəllim mütləq o qadınla maraqlanardı... Elnur müəllim uşaqların xoş gün görməsini istəyirdi...

 

- Qadın yaxınlaşmadı?

 

- Yox, ancaq baxırdı... Gözlərini zilləyib, maraqla baxırdı. Mənim ona yaxınlaşacaq cəsarətim yox idi. Bilmirəm, içimdən belə bir şey gəldi, ya yox. Tək onu bilirəm ki, çox sıxılırdım... Yaddaşımda onunla bağlı həkk olunan bütün xatirələr göz önümə gəlirdi... “Gənclik”də düşdü... Heç nə olmayıbmış kimi, gözlərini üzərimdən çəkib, qalxıb, getdi... Bu, bizim son görüşümüz idi, bir daha heç vaxt görüşmədik...

 

- Onun baxışları altında yadınıza hansı xatirələr düşürdü?

 

- Anamla yaşadığımız dönəmlər yaddaşımda çox gözəl qalıb; məni körpələr evindən götürüb evə aparanda birlikdə trolleybus gözləməyimiz, trolleybusa minən kimi qaçıb arxada, pəncərənin qarşısında əyləşməyim... Çox sevirdim pəncərədən baxmağı... O da yanımda əyləşirdi... İndi də ən çox sevdiyim məşğuliyyətlərdən biri pəncərə kənarında oturub yol getməkdir. Elə hiss edirəm ki, yanımda məni sevən və qoruyan bir insan əyləşib. Anamla qonaq gedirdik, tez-tez “eləmə” deyirdi. “Başqalarının oyuncaqlarına əl vurma”. Anamla təyyarə ilə harasa uçmuşduq... Ötən il təyyarə ilə Moskvaya uçanda səs o qədər doğma gəlmişdi ki, bir anlıq o körpəyə çevrildim. Tez yanımda əyləşən adama doğru döndüm. Mənə elə gəldi, anam yanımdadır...

 

- Xatirələrinizdə yanınızda ancaq ananız olur? Atanızı... xatırlayırsınız...?

 

- Xatirələrimdə ancaq anam var. Atamı da iki dəfə görmüşəm.

 

- Harada?

 

- Elə anam məni apardığı evdə. Yadımda mülayim adam kimi qalıb. Cizgiləri də yadımdadır... Qalın bığı, buruq saçları var idi. Dərisi ağ idi, bir az da kök idi... Hər hansı bir sözü, səsi yadımda qalmayıb, amma mənimlə mülayim davrandığını yaxşı xatırlayıram. Süd rəngli “Volqa”sı var idi. “Volqa” da yadımda sürət qutusu ilə qalıb. Onun başında şəffaf bir yumru var idi...

 

- İçində də qızılgül...

 

- Bəli! O qızılgüllü şarla saatlarla oynayırdım. Yaxşı yadımdadır, mən onunla oynayır, anamsa məni zorla maşından endirib aparırdı. Ağlayırdım... Anam atama nə isə deyirdi – Salamulla... Atamın adıdır, o yadıma gəlir, amma nə dediyini xatırlamıram. Atam isə həmin vaxtlar açarı çıxardırdı ki, mənim üçün təhlükəli olmasın... Atam İran azərbaycanlısı olub, sənədlərdən bilirəm – Salamulla Əlizadə...

 

- Atanızı iki dəfə gördüyünüzü dediniz...

 

- İkinci isə sonuncu görüşümüz idi. Mənə ağ, üzərində narıncı xalları olan top gətirmişdi. Yadımdadır, top mənə o qədər əziz idi ki, fikirləşirdim bu topu ömürlük saxlayacağam. Sevə-sevə oynayırdım... Amma əsasən, anamla birlikdə keçirdiyim günlər daha yaxşı qalıb yadımda. Mübahisə etməyimiz də yadımdadır...

 

- Nə üstündə mübahisə edirdiniz?

 

- Əslində mənim adım tam başqadır. Sənəddə Alikdir, insanlar isə Əli kimi tanıyır. Amma öz adım tamam başqadır. Xatırlayıram, anamla onun mübahisəsini edirdik. Mən deyirdim adım budur, anam deyirdi yox, sənin adın Alik olacaq... O da rus adı idi... Mən öz-özümə danışır, o isə qulaq asırdı. Hərdən hiss edirəm ki, mən anama bənzəyirəm, insanları saatlarla dinləyə bilərəm...

 

- Yaş keçdikcə insan öz içində ana-atasını tapır...

 

- Doğrudan...? Belədirsə daha tez yaşlanmaq istəyərəm. Onlarla bağlı çox şeyi bilmək istəyirəm...

 

- İnternatdan məzun olandan sonra heç valideynlərinizi axtarmağı düşünmüsünüz?

 

- “JEK”dən anamın ünvanını tapdım... Həyətə getdim, amma qapını döymədim... Heç bilmirəm niyə getmişdim... Mən artıq onu bağışlamışam. Həyatda cəmi iki dəfə onları görmək istəmişəm. Amma yanımda olmadıqları üçün istəyimdən əl çəkmişəm. Biri uşaq evinə gələndə, biri də internatdan məzun olanda... Çox çətin idi o ərəfələr... Məktəbi qurtarmaq istəmirdim. Sanki duyurdum ki, həyatda heç nə havayı olmayacaq. Onda hiss etdim ki, ata-anam olsaydı, həyatım daha yaxşı olardı. Leyla müəllimə bizi əmin edirdi ki, hər şey fərqli olacaq. Universitetə girib oxuyacaq, işləyəcək, evlənəcəksiniz... Uşaqlar da xəyal qururdular ki, evim olacaq, ailəm olacaq... Amma haradan? Necə? Bilmirdik! Bunun yolunu göstərmirdilər.

 

- Və hovuzda çimdiyiniz üçün sizi internata göndərdilər...

 

- Qərar verdilər. Amma yay idi, tətildən sonra göndərəcəkdilər. Bu arada, onsuz da necə də olsa artıq cəzalandırılmışam, deyərək, ikinci “cinayəti” də etdim. Həmişə uşaq evindən kənarda nə olduğunu bilməyi çox istəyirdim. Uşaq evinin damına çıxdım. Bu da qadağan idi, amma başını qaldırırsan səma! Açıqlıq! Bu xoşbəxtliyi duymaq üçün bütün cəzalara dözmək olardı. Ancaq heç bir cəza olmadı. Çağırdılar, damın üstündən düşüb, direktorun yanına getdim. İlk dəfə idi ki, cəzalandırmaq üçün məni döymədi. Mən içəri girəndə akt imzalanırdı, bütün müəllimlər internata getməyimə razı olmuşdular...

 

- İnternata bircə sizi göndərdilər?

 

- Şahin, Xəyal, mən və iki qız. Şahinlə Xəyal ikisi də internata getməmək üçün uşaq evindən qaçdılar.

 

- Hara?

 

- Onların anası var idi... Mənimsə getməyə heç yerim yox idi, hara göndərsələr, razılaşmağa məcbur idim.

 

- Şahinlə Xəyalın axırı necə oldu?

 

- Anaları uşaq evinə müraciət edib, övladlarını geri aldılar. Qaldıq biz üçümüz. Düşündüm ki, burada hamı məni tanıyır, qaçmayım, deyərlər Əli qorxdu. Gedim, yolu tanıyım, internatdan qaçaram. O iki uşağın internata getməmək üçün qaçmaqları ən daş ürəkli müəllimləri də yumşaltmışdı, başlamışdılar Leyla müəllimədən bizim üçün xahiş etməyə. O da razılaşdı, amma bir şərtlər... Elə bir şərt ki, Əli onu heç vaxt etməzdi...

 

- Nə şərti?

 

- Gəlib ayağımdan öpsünlər, göndərməyim, demişdi. Qızlar ikisi də belə etdi, onları saxladılar... Mən isə bunu heç vaxt etməzdim... 2001-ci il, sentyabrın 7-si idi. Uşaqlar nahara gedəndə məni çağırdılar. Əvvəl ayaqla getdik, sonra avtobus, sonra metro, sonra yenə də avtobus... Saat 4-də artıq internatda idim...

 

***

 

Xəbəri Əlinin özündən əvvəl gəlmişdi: VII sinfə bir oğlan gəlir.

 

O gələndə Xəzər rayonunda yerləşən valideyn himayəsindən məhrum olan uşaqlar üçün 2 saylı ümumi orta internat məktəbində uşaqlar həyəti təmizləyirdilər. Hamı bu balacaboylu oğlanın 7-ci sinifdə oxuduğuna şübhə edirdi.

 

İnternatın direktoru Zaur müəllimin ilk sözləri belə oldu:

 

- Bura sənin üçün uşaq evi deyil, internatdır! Başqa mühitə gəlmisən!

 

Uşaqların dərs hazırladığı otaqda isə hamı deyib-gülürdü. Direktorun danışığı ilə uşaqların davranışı çox fərqlənirdi. Əli ondan əvvəl uşaq evindən gətirilən bir oğlanı görüb, yaxınlaşdı:

 

- Mən səni tanıyıram, Oqtay!

 

- Mən də səni tanıyıram, Əli!

 

***

 

- Bununla da içimə bir az rahatlıq gəldi ki, burada məni tanıyan kimsə var, tək deyiləm. Oqtay dedi gəl, gedək qəbiristanlığa, əncir yeməyə... Getdik! Axı nahar eləməmişdim, Oqtayın məzarların üstündə açdığı süfrə - əncir mürəbbəsi ilə çörək lap yerinə düşdü!

 

- Qəbiristanlıqda mürəbbə çörəyi haradan aldınız?

 

- Oqtay haradansa tapıb gizlətmişdi. Sadəcə ortaya çıxardıb dedi ki, bax, Əli, əncir mürəbbəsi ilə çörək! Qəbiristanlıq çox böyük idi, ətrafa baxanda düşündüm ki, adam burada azar. Oqtay isə artıq buraları yaxşı tanıyırdı. Qısa zamanda mən də onun kimi bağlardan mürəbbə, meyvə oğurlayıb, qəbiristanda gizlədib, yeməyə başladım.

 

- Qəbiristanlıq uşaqlar üçün qorxulu yer deyil?

 

- Biz ora qəbiristanlıq kimi yox, iş yeri kimi baxırdıq. Bilirdik ki, hər həftənin cümə axşamı orada olmalıyıq. Axı hamı yaxınlarının məzarını ziyarətə gəlirdi. Bir neçə dua öyrənmişdik. Yaxınlaşıb oxuyurduq, bizə “hörmət” edirdilər. Bundan başqa, məzarların üstünə “halva-çörək” düzürdülər... Onları yığıb, yeyirdik...

 

- Bu qədər sərbəst davranmağınıza kimsə mane olmurdu? Orada mollalar yox idi?

 

- Var idi... (Gülür) Yaşlı adam idilər, söyə-söyə arxamızca qaçırdılar. Biz də çevik uşaqlar idik, bir göz qırpımında gözdən itirdik... Beləcə, qısa müddətdə internatdan qaçmaq sevdasından əl çəkdim. Düşündüm ki, qaçıb neyləyəcəyəm? Darıxmaq, tənhalıq duyğularını isə yataq otağında yaşayırdım. Yatağımda ağlayırdım... Günlər beləcə keçirdi. Haradasa sevinirdim ki, uşaq evindən, Leyla müəllimədən canım qurtarıb... Və burada həyatımdakı ən önəmli, sonralar hamıdan çox sevəcəyim insanla tanış oldum...

 

***

 

İnternata gəldiyinin ikinci günü Əli hazırlıqdan qayıdanda yaşlı bir qadın şagirdlərdən soruşurdu:

 

- Deyirlər, təzə oğlan gəlib, ingilis dilini yaxşı bilir...

 

- Budey, budur! – uşaqlar xorla Əlini göstərdi.

 

İnternatda xarici dil kimi alman dili keçirildiyindən, uşaqlar ingilis dilini bilmirdilər. Qadın Əlini çağırdı:

 

- Gəl bizə, səninlə bir az söhbət edim. İstəyirəm ki, nəvəmin ingilis dili dərsi ilə məşğul olasan...

 

Qadın Ağdamdan məcburi köçkün idi. Övladları ilə internatda məskunlaşmışdı. Azərbaycan dili və ədəbiyyatı müəllimi olan Sveta xanım internatda tərbiyəçi işləyirdi. Həyat yoldaşı vəfat etmişdi, üç qızı, iki oğlu var idi...

 

***

 

- O ailədə özümə qarşı daima təmənnasız sevgi, hədsiz qayğı və diqqət gördüm. Doğmalıq hissini ilk dəfə onlarla duydum... Qısa zamanda məni ailənin üzvü kimi qəbul etdilər. Sveta müəllimə allahın qarşıma çıxartdığı möcüzəsi idi... Mən onun simasında gördüm ki, insan necə sevə bilər. Məni övladlarından ayırmır, eyni dərəcədə sevirdi. Ömrünün sonuna qədər də sevdi... Son nəfəsində də adım dilindən düşmədi. Yanına kim gəlsə soruşurdu ki, “Əli, sənsən?” Ona “müəllimə” deyirdim. Evlərinə gələn qohumlar, qonaqlar təəccüblənir, “sən də övladları kimi ana de” deyirdilər. Müəllimənin acığı tuturdu – “Əli ilə işiniz olmasın! Ürəyi necə istəyir, elə desin”, deyirdi... Onunla istənilən mövzuda söhbət edə bilirdik. Bu ailə məni özünə elə çəkirdi ki, bəzən dərsdən qaçıb, onlara gedirdim. Hətta bir dəfə direktor Zaur müəllim harada olduğumu öyrənmək üçün məni döymüşdü. Halbuki orada olduğumu bilirdi, sadəcə əlində sübutu yox idi...

 

- Onlara getmək olmazdı?

 

- Qətiyyən! Onlara internatın üçüncü mərtəbəsində bir otaq vermişdilər. Böyük bir ailə dar otağa sığınmışdı. Bununla belə o dar, şəraitsiz otaqlarında mənə də yer açırdılar... 2004-cü ildə ev alıb, internatdan köçdülər. Arada da tez-tez Moskvaya, oğlunun yanına gedib-gəlirdi deyə, mən məzun olanda internatda deyildi... İnternat... İnternat tamam başqa yerdir. Sanki kimsəsiz adadır... Bu kimsəsiz adada sənə seçimlər verilir – yaxşı yaşamaq istəyirsənsə, get, oğurluq, yaltaqlıq et! Əsas odur ki, yaşa! Başdan-ayağa cəngəllik həyatıdır. Uşaq evi səni daim təpki altında saxlayırsa, internat deyir, mən sənə seçim verirəm, özün qərar ver. Oxumaq istəyirsən, oxu! Həqiqətən də oxumaq üçün hər şərait var idi. Məktəbdə çox güclü müəllimlər və zəngin kitabxana var idi. Mənim də kitablara bağlantım var idi... Uşaq evində mənə hədiyyə edilən kitabları Leyla müəllimə əlimdən alıb öz evinə aparırdısa, burada uşaqdan kitab almırdılar. Bu arada, qəribə idi ki, öz qəddarlığı ilə seçilən Leyla müəllimə kitabqurdu idi...

 

- Kitablar həmişə faydalı olmur ki... Oxumaqla dərk etmək fərqli-fərqli şeylərdir...

 

- Düppədüz! Leyla müəllimə oxuduqlarından ən pisləri mənimsəyirdi...

 

- Özünüzü hansı əsərdə görürdünüz?

 

- Əsasən miflər, əfsanələr oxuyurdum. Orada özümü daha çox görürdüm.

 

- Simurq quşunun gələcəyinə inanırdınız?

 

- İnanmır, amma arzulayırdım. Rahat həyat sürmək üçün gözəgörünməz olmağı çox istəyirdim. Yəqin azad fikirli olmamdan irəli gəlirdi. Daim bir istəyim olub, haqlı da olsam, haqsız da, azad olum! Öz qərarlarımı özüm verim. Amma 2005-2006-cı tədris ilinin ilk günündə gecə yatağımda ağladım. Düşündüm ki, artıq bir də sentyabrın 15-i olmayacaq. Həyat qəribədir, nə qədər azadlıq arzulasan da, içində bir kədər olur. Başa düşəndə ki, internat həyatı bitir, pis oldum...

 

- Hara gedəcəyinizi düşünürdünüz?

 

- Heç düşünmək istəmirdim. Axı həqiqətən mənim gedəcək yerim yox idi. O ərəfədə mən ancaq bu günümlə yaşamağa məcbur idim.

 

- Bəs məzun olandan sonra hara getdiniz?

 

- Heç yerə! Biz internatda 11 il oxuyan sonuncu sinif idik. Bizdən sonra məktəbi doqquz illik edib, məzunları Qızıldaşa göndərdilər. Biz, 14 nəfər məzun olduq... 2006-cı il.... 6 qız, 8 oğlan idik... Uşaqlar hərəsi bir tərəfə getdi, internatdan ən axırıncı çıxan mən oldum... O da məcburi...

 

- O biri 13 uşaq hara getdi?

 

- Hamı mənim kimi kimsəsiz deyildi. Anası, ya qohumu olan var idi. 2-3 uşaq tamam kimsəsiz idik. Onlardan da bir qızın anasından qalma evi var idi, köçdü ora. Digərinin ana qohumlarını tapıb, təhvil verdilər... Nə isə ki, axıra mən qaldım. O vaxtkı müdirə Məlahət xanım dedi ki, çıx get, iki aylıq kirayə pulunu da verərəm...

 

- İş yox, peşə yox... İki aydan sonra nə ilə yaşayacaqdınız?

 

- Bu sizi narahat etdiyi qədər onları da narahat etsəydi, o uşaqların taleyi qaralara qarışmazdı. 2006-cı ildə, iyunun 21-də attestatlar gəldi. Yenə nahar vaxtı, hamı yeməyə gedəndə, qapını açıb, məni internatdan çölə saldılar... Rəsmən qovuldum...

 

- Əşyalarınız...

 

- Heç bir əşyam yox idi. Elə əynimdəki cır-cındırla başladım yeni həyata...

 

- Bəs uşaqlıq şəkilləriniz?

 

- Onları elə internata təzə gələndə itirmişdim. İtirmişdim deyəndə ki, altı şəklim var idi, hamısını Xəqani adlı dostum oğurlamışdı...

 

- Niyə?

 

- Qəribə xasiyyəti var idi Xəqaninin... Şəkilləri uşaq evindən gətirmişdim, burada kim istədi verdim baxmağa... Nə bilim... Sonra şəkillər itdi...

 

- Bəs mənə verdiyiniz şəkilləri necə əldə etmisiniz?

 

- Maraqlısı da odur. Məktəbi bitirəndən çox illər sonra Xəqani şəkilləri mənə verib dedi ki, bunları o vaxt səndən oğurlamışdım. Bilirdim ki, səndə qalsa itirəcəksən. Məndən iki yaş böyük idi, kimsəsiz idi, amma internata evdən gəlmişdi. Ona görə də belə şeylərə qarşı həssas idi, şəkil kolleksiyası var idi...

 

- Mənə cəmi iki şəkil vermisiniz... Demək, hələ dördü də var...

 

- Yox, Xəqani mənə elə cəmi iki şəkil verib. Düşünürəm ki, qalan dörd şəklim də ondadır, vaxtı gələndə verəcək...

 

- Və qapını açıb, sizi müstəqil həyata - internatdan küçəyə buraxdılar...

 

- İlk ağlıma gələn o oldu ki, indi anamın olması necə də lazımlıdır. Haradasa 5-10 dəqiqə darvazanın qabağında dayanıb düşündüm. Öz-özümə “neyləyəcəm” soruşdum, haradan başlayacağam? Elə oradaca anladım ki, bu iş düşünüb daşınmaqla mümkün olmayacaq. Əvvəlcə qarnımı doyurmalı, sonra isə gecələməyə yer tapmalıyam. Yollandım dükançı Ceyhunun yanına. Qapıdan girib, soruşdum ki, “Ceyhun, zibil var atım?” Beləcə, müstəqil həyata başladım. Ceyhun işimin müqabilində mənə pul verdi, yemək yedim... Gün boyu onun yanında işlədim...

 

- Gecə düşdü...

 

- Özümdən asılı olmadı, bir də gördüm ki, ayaqlarım məni internatın qapısına gətirib. Axı bu ayaqlar yer üzündə gediləcək başqa qapı tanımırdılar... O qapı isə üzümə bağlı idi. İnternatın həndəvərini dolaşıb, düz hasarının dibindəki atılmış vaqonu gözaltı elədim... Düzdür, əvvəlcə iyrəndim, burada necə qalacağam, dedim. Amma tez də özümə dedim ki, ən azından artıq yatağım var... Tez vaqonu təmizləyib, mağazadan gətirdiyim kartonları yerə döşədim. Oldu sultan yatağı! (Gülür) Gecə yataq dediyim o kartonların üstündə uzananda başa düşdüm ki, azadlıq budur... Yəni deyildiyi qədər də şirin deyil... Çox çətin gəlirdi, inana bilmirdim ki, səfil günündə yaşayan bu adam mənəm. Ayaqda qalmaq üçün əla bir həyat təcrübəsi idi. Ceyhunun yanında işə başladım, zibilləri atır, meyvələri daşıyır, müştəri çox olanda satışa da kömək edirdim...

 

- Heç ağlınıza gəldi ki, oğurluq edəsiniz?

 

- Yox. Bilirəm, internatda uşaqlara qoşulub çox oğurluq etmişdim, buna görə soruşursunuz. Amma o zaman məsuliyyətim internatın üzərində idi, əgər onlar dövlətin mənə ayırdığı yeməyi özümə versəydilər, oğurluq etməzdim. İndi isə öz məsuliyyətim var idi. Artıq halalı, haramı, həqiqəti dərk edirdim. Bu həyatda öz ayaqlarım üzərində dayanmağa qərarlı idim. Sıfırdan başladığımı anlayır, yeni həyatımın sağlam təməllər üzərində qurulmasını çox arzulayırdım. Artıq həyətlərdə ot biçir, digər mağazaların zibillərini atırdım. Bütün bir məhəllənin etibarını qazanmışdım. Camaat heç adımı da bilmirdi, yetim olduğum üçün adıma “heyvan uşaq” deyirdilər...

 

- Və hələ də vaqonda yaşayırdınız?

 

- Düz bir il yaşadım vaqonda. Sonra bir gün təsadüfən yolda Sveta müəllimə ilə qarşılaşdım. Artıq Moskvadan qayıtmışdı...

 

***

 

- Sən burada neynirsən? – Sveta müəllimənin ilk sualı belə oldu.

 

- Burada qalıram... – Əli əlini qeyri-müəyyən istiqamətə uzatdı.

 

Sveta müəllimə əl çəkməyib, elə hey “harada” deyə soruşur, qaldığı yeri ona göstərməsi üçün israr edirdi:

 

- Allah xatirinə, qaldığın yeri mənə göstərməlisən!

 

- Nəyi göstərəcəyəm, müəllimə, buradır də... – Əli vaqonu göstərib, başını aşağı dikdi. Sveta müəllimə vaqona yaxınlaşdı, qapını açıb içəri baxdı, ağladı...

 

- Əşyalarını yığ, gedirik! – ərklə dilləndi.

 

Əli sıxılırdı. Nə daima sevgisini hiss etdiyi insana yox deyə bilir, nə də çətinliklə qovuşduğu azadlığını əldən vermək istəyirdi. Ailədə yaşasa, orada da internatdakı kimi qadağalar, müdaxilələr olacaqdı. Əli bütün bunların yenidən təkrarlanmasını istəmirdi...

 

***

 

- Müəllimə getdi, axşam isə qızı Elladanı yolladı. Ailənin bütün üzvləri mənimlə evin sonbeşiyi kimi davranır, ərklə danışırdılar. Ellada qəfil vaqonun qapısından girib, əmr verdi ki, Əli, tez elə, əşyalarını topla, ana bizi gözləyir. Dedim yaxşı, amma bir şərtlə ki, sizdə yaşamaq xoşuma gəlməsə, səhər qayıdacağam. Razılaşdı, getdik... Yoxlamaq istəyirdim görüm həyatıma nə qədər qarışacaqlar. Səhər tezdən “işim var” deyib, getdim, bir də gecə yarısı qayıtdım. Səhər müəllimənin o biri qızı Nərgiz məni oyatdı ki, qalx, yeməyini ye... Düşündüm indi danlanacam ki, gecə harada idin... Gördüm heç üstünə gələn yoxdur. O vaxtdan düz 7 il orada yaşadım. Həyatımın ən gözəl illəri idi, indi də danışanda müəllimə üçün burnumun ucu göynəyir... Hələ Nərgiz... İnsanı bir kəlmədən başa düşürdü... Bu adamlar mənə ailə sözünü tam anlamında yaşadan adamlardılar, bu sevgi üçün onlara borcluyam...

 

- 7 ildən sonra ayrılıb hara getdiniz?

 

- Kirayəyə. Müəlliməgildəki rahatlıq məni qorxudurdu ki, arxayınlaşaram. Bu hüzur məni narahat edirdi. Daima içimdə bir əminlik var idi ki, arxamda bir ailə var. Qorxurdum... Həyatımı düzənə salmalı, çətinliyə alışmalı idim. Sveta müəllimə arxamca ağladı ki, nahaq gedirsən, getmə... Açığı, gedişimin səbəbini ona izah etmədim, bilirdim ki, qoymayacaq. Onun dünyadan köçməsi mənim üçün böyük itki oldu... Daima onun üçün rəhmət oxuyur, ruhuna dualar edirəm. Bu gün özü həyatda yoxdur, amma bilirəm ki, dara düşsəm, heç düşünmədən zəng edəcəyim adamlar onun övladlarıdır. Hər durumda varlıqlarını hiss edirəm.

 

- Onlarla yaşadığınız müddətdə də mağazada çalışırdınız?

 

- 2006-cı ildə “Baku Servis”də işə başladım. Onda özümü yenidən kəşf etdim. İlk dəfə idi böyük kollektivdə çalışırdım. Məlum oldu ki, içimdə uşaqlıqdan yetim qalan bir şıltaqlıq var və indi üzə çıxır. Rəhbərlikdən tutmuş işçilərə qədər mənə anlayış göstərir, şıltaqlığımın səbəbini xoşgörü ilə qarşılayırdılar. Bir il orada çalışdım. Sonra müxtəlif işlər görürdüm... İndi “Barattson” Beynəlxalq Təhsil Mərkəzində çalışıram. Təşkilat, təchizat işləri görür, eyni zamanda foto və videolar çəkirəm. Rəhbərlikdən də, kollektivdən də çox razıyam.

 

- Fotoqraflığa nə vaxt başladınız?

 

- Mənim üçün fotoya gəlişimin maraqlı tarixçəsi var. Bir qız var idi, bizi bir-birimizə insanlara yaxşılıq etmək duyğusu bağlayırdı. Fotoaparatı var idi, bir yerdə tədbirlərə gedəndə mənə verirdi ki, şəklini çəkim. Bir dəfə onun çox qəşəng fotosunu çəkmişdim. O kadrıma baxandan sonra foto işinə vuruldum. 2011-ci ildən foto ilə məşğul oldum. Sonra fotoaparat aldım. Bunun da necə olduğunu bilirsiniz... Bu gün evim və fotoaparatım var... 27 yaşım olanda Heydər Əliyev Fondunun dəstəyi ilə valideyn himayəsindən məhrum olan uşaqlar üçün tikilən binadan mənə də ev verdilər... 2014-cü il dekabrın 15-i idi. Axşam saat 4-5 olardı, bir dostumla görüşdən qayıdırdım, “Beşmərtəbə” deyilən ərazidə idim. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən zəng gəldi ki, get Masazırdakı evinin açarını götür... Qəribə duyğu idi...

 

- O evdə ilk gününüzü danışmağınızı istəyərdim...

 

- Titrəyirdim, sanki boşluğa düşmüşdüm... Bu həyatda insanların əsas mübarizəsi tək qalmamaqdır. Ən güclü adamlar da təklikdən qorxur. Ev alanda telefonum susmadı. Təbrik dalınca təbrik gəldi. Bir anlıq düşündüm ki, dostlar da ancaq sevincə şərik olmağı bacarırlar və bütün təbriklər gözümdən düşdü. Axı dünənə qədər çətin günlərim olmuşdu və yanımda kimsə yox idi. Heç kim məndən “nahar etmisənmi” deyə soruşmurdu. Maddi vəziyyəti bir kənara qoyaq, illərlə insanların diqqətinə ehtiyacım olmuşdu. Amma kimsə mənə fikir verməmişdi. İndi yenə də həmin adam idim, sadəcə bir otaqlı evim var idi...

 

Muzeydən çıxanda yaxınlıqda yerləşən həyətə getməyi təklif edir:

 

- Sizə maraqlı olacaq. Leyla müəllimə burada yaşayırdı, onlara tut çırpmağa gəlirdik...

 

- Araq çəkmək üçün...

 

- Bəli, həmin tut ağacını görmək istəyirsiniz?

 

İncəsənətin əsrarəngiz dünyasından ayrılıb, tut ağacının altında uşaqlığımıza qayıdırıq. Məlum olur ki, ikimizin də həyatında tut ağacı önəmli yer tuturmuş. Mənim tut ağacının altında, onun isə budaqlarında keçən bir həyatımız olub... Mənim burnumun ucu göynəyən tut ağacım işğal altındadır, onun görmək belə istəmədiyi tut ağacı isə şəhərin mərkəzində qol-budağını ətrafa yayıb...

 

Sükutu o pozur:

 

- V sinifdə oxuyurdum... Ayı, günü xatırlamıram, bir onu bilirəm ki, indiki kimi, günəş qürub edən vaxt idi... Həmin günü çox döyülmüşdüm, bədənim, sümüklərim ağrıyır, sanki iliklərim sızlayırdı... Bir az ağlayandan sonra sakitləşib, kənara çəkilib, özümə qapılmışdım... Onda qəfil öz-özümə dedim ki, mən böyüyüb məşhur insan olacağam və bu alçaqları öldürəcəyəm...

 

- Yenə elə düşünürsüz? Bəlkə o illərin ən qəddar obrazı olan Leyla müəllimənin həyətinə də sizi bu duyğu gətirib...

 

- Yox... Artıq elə düşünmürəm. Din məni dəyişdi... Sizə səmimi deyirəm, əslində ibadəti cəhənnəmə düşməmək üçün edirəm.

 

- Axı siz oranı görmüsünüz...

 

- Yox... Daha betəri var...

 

(SON)

# 6477
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar