"Anamla evlənəndə bizimkilərə 4 min rubl verib ki..." - <span style="color:red;">İNTERNAT DRAMI
13 iyul 2015 13:00 (UTC +04:00)

"Anamla evlənəndə bizimkilərə 4 min rubl verib ki..." - İNTERNAT DRAMI

Görüşməzdən öncə Youtube-da mahnılarını dinlədim. Sonra hekayəsini...

 

Kimsə inciməsin, tanınmışlarla, xüsusi ilə də müğənnilərlə müsahibə etməyi sevmirəm. Oxucu rəğbəti qazanmaq üçün hamısı özünə fərqli keçmiş uydurmağa çalışır... Eşidiblər ki, ulduz olmaq üçün insanın həm də ürəkdağlayan keçmişi  olmalıdır...

 

Müsahibimin səsi də var, istedadı da... Amma heç bir restoranda iş tapa bilmir. Səbəb çox sadədir – məşhur deyil! Halbuki, adamın məşhur olmaq üçün necə hekayəsi var...

 

Təbiətdə, ağacların çox olduğu yerdə söhbət etməyimizi istədi: “Təbiətdə xoşbəxt, hüzurlu olur, özümü valideynlərimin yanında hiss edirəm”.

 

“İnternat dramı”nda növbəti qəhrəmanım müğənni Xəyal Tağıyevlə parkda görüşdük.

 

***

 

I hissə

 

Haqverdi türmədən təzəcə çıxmışdı. Amma bu onun neçənci yatıb çıxmağıydı, heç kim bilmirdi. Necə ki, onun neçə dəfə evlənib boşandığını da heç kim dəqiq xatırlamırdı.

 

Kənddə hamı ona Dəli Haxı deyirdi. Qarmaraqarışıq adamıydı. Başının cəncəli heç vaxt əksik olmazdı. Bir ayağı  elə hey türmədəydi. Yatıb çıxırdı və dinc durmayıb, yenidən  nəsə törədirdi.

 

Və bir gün yenidən həbsə düşür, anası gəlini yola vermir, gəlin də uşağını götürüb – kimi qucağında, kimi də doğmağa macal tapmamış – kor-peşman atasının evinə qayıdırdı.

 

Haxı isə hər qayıdışında sanki heç nə olmayıbmış kimi, yenidən evlənirdi. Neçə illərdi ki, hər şey beləcə təkrarlanırdı.

 

Kənddə hamı Haxıya yaxşı bələd olduğundan kimsə ona qız verməzdi. O da öz işini yaxşı bildiyindən, həmişə qonşu kəndlərə üz tutardı.

 

Bu dəfə isə Haxının evlilik macərası tamam başqa cür alındı.

 

Kəndin içində at minib çapan bir gözəl türmədən növbəti dəfə yenicə çıxmış Dəli Haxının ağlını başından aldı. Bir ara, - kimdi axı bu kənddə mənnən qohum olan, - deyə tərəddüd etdi. Ancaq, yenə də qızın kimlərdən olduğuyla maraqlandı.

 

- Pələng Hüseynin qızıdır. Hüseyn bu qızını o biri uşaqlarından da çox istəyir. Doqquz uşağın səkkizi bir yanadır, Maya bir yana. Neçə yerdən elçi gəlib, heç kimi bəyənib verməyib, – dedilər.

 

Mayanın atası kənddə cəsurluğu ilə tanınırdı. Bir dəfə meşədə ona hücum edən ayını yalın əlləriylə öldürə bilmişdi. Və bu hadisədən sonra kənd camaatı ona Pələng Hüseyn deyirdi.

 

“Dəli Haxı Pələng Hüseynin qızını qaçırdıb” xəbəri yayılanda hamı gözlədi ki, Hüseyn bu işi belə qoymayacaq. Amma  bütün qız qaçırmalarda olduğu kimi, əvvəlcə ailələr bir-birlərinin üstünə dartışdılar, söyüşdülər, bir neçə gün sonra hər kəs evinə çəkildi. Daha nə etməli, su girdi qaba, oldu içməli.

 

Pələng Hüseyn bu dəfə armudun ən yaxşısına əl uzadan “ayı”nın xətrinə dəyə bilmədi.

 

Beləcə, heç kimi qızına layiq bilməyən Pələng Hüseyn dinməz-söyləməz Dəli Haxı ilə qohum oldu. Aylar keçdikcə kənd camaatı Mayanın şişməyə başlayan qarnına baxıb bir-birinə “Maya yazıqdır, barı Allah Haxıya ağıl verə, özü cəhənnəm, bu dəfə də xalxın qızını bədbəxt eləməyə” deyirdilər.

 

Dəli Haxı, oğurluq üstündə həbs olunanda Maya cəmi üç ay idi ki, ana olmuşdu. Bir neçə ay uşaqla ər evində, qaynanası ilə yaşadı. Amma Haxının anası o biri gəlinlərin başına açdığı oyunları təkrarlayanda, Pələng Hüseynin ürəyi dözmədi:

 

- Olan olub, balamı bunların qapısında qulluqçu saxlamayacağam ki! Qayıtsın gəlsin! Nə qədər mən sağam, qoymaram qızım onun-bunun əlinə baxsın. Hələ bu günə kimi heç bir gəlin o qapıda Haxını gözləməyib.

 

Beləcə, Maya da övladı ilə atası evinə qayıtdı.

 

***

 

- Ailənin neçənci uşağısınız?

 

- Məncə on üçüncü. Azərbaycanda, Rusiyada və Gürcüstanda bacı-qardaşım var. Deyəsən, Qazaxıstanda da var, hər halda, mənim araşdırdığıma, eşitdiyimə görə... Bilmədiklərim də var. Anam isə atamın ya üçüncü, ya da beşinci arvadı olub. Dəqiq deyə bilmirəm, atam çox əlləm-qəlləm adam olub, həyatı qarışıq olub.

 

- Ailə quranda ananızın neçə yaşı varmış?

 

- Deyəsən, iyirmi üç. Atam  anamdan çox böyük olub. Anam gözəl qadın olub, yaşıl, iri gözləri... Yaxşı da at çapırmış... Beləcə, mən qeyri-adi bir ailənin ortaya çıxartdığı məhsulam...

 

- Neçənci ildə doğulmusunuz?

 

- 5 dekabr 1983-cü ildə, Qazax rayonunun Yuxarı Əskipara kəndində anadan olmuşam...

 

- Bacı-qardaşlarınızla münasibətiniz var?

 

- Qazaxdakılara gedib gəlirəm. Yaşca məndən çox böyükdürlər. Rusiyada və Gürcüstandakıların yerini isə heç kim bilmir... Atalarından başqa.

 

- Babanızın yanında nə qədər yaşadınız?

 

- Mənim üç yaşım olanda xalalarım bir uşaqla nə qədər tək qalacaqsan deyib, anamı Türkmənistana ərə verdilər. Mən isə gah xalamgildə, gah da dayımgildə qalırdım. Onu başa düşürdüm ki, anam harasa gedib... Xatırlayıram, arada anamdan bağlama gəlirdi. Yığcam, taxta qutuda... Üstündə də məktub...

 

***

 

Maya oğlunun adını Xəyal qoysa da, hamı uşağı atasının adı ilə – Dəli Haxı çağırırdı. Bir səhər xalası anasından gələn bağlamanı açarkən, onu çağırdı:

 

- Haxı, gəl! Anan sənə paltar göndərib!

 

Doğmalarının arasında böyüsə də, heç vaxt xüsusi qayğı, sevgi görməyən uşaq elə sevinirdi ki, sanki anası Türkmənistandan kostyum yox, bağlama dolusu sevgi göndərmişdi. Əynindəkiləri elə ordaca çıxarıb yerə atdı. Süd rəngli qısaqol köynəklə şortikin üstündə fil və kəpənək şəkilləri var idi. Bir də kiçik cib...

 

Xəyala elə gəlirdi ki, anası ona uzaq şəhərdən güclü olmaq üçün fil, oynamaq üçün isə kəpənək göndərib. Təzə paltarını geyinən kimi küçəyə qaçdı. Hava qaralana, hamı evinə yığışana qədər evə gəlmədi ki, təzə paltarını görsünlər. Nadinc olsa da, paltarını təzə saxlamağa, üstünü batırmamağa çalışdı. Gün boyu təzə paltarında gəzdi. Axşam düşdü, əynini soyunub yatdı. Səhər oyananda isə yanında yenə köhnə paltarları idi.

 

“Anam göndərən filli kostyumum hanı” soruşsa da, cavab verən olmadı. Bir neçə gün sonra xalası öz nəvəsi ilə onlara gələndə Xəyal “filli kostyumunu” tanıdı. Uşağın üstünə atılıb, paltarından yapışdı:

 

- Çıxart! Mənimdir! Bunu mənə anam göndərib!

 

- Çıxartmıram! Mənimdir! Nənəm alıb!

 

Uşaqların dava-dalaşına xalalar yığıldı:

 

- Bəsdir, Haxı! Səninki deyil, o cırılıb.

 

- Cırılmayıb! Mən onu cırmamışdım!

 

Yayın sonuna kimi Xəyal özünün “filli kostyumunu” xalası nəvəsinin əynində görəndə dava düşürdü...

 

***

 

- Bir dəfə isə anam Qazağa gələndə gördü ki, qalmışam ortalıqda, cırıq, çirkli maykada gəzirəm. Çayda çimirəm, itirib-axtaran yoxdur... Məni də götürüb özü ilə Türkmənistana, Tecen şəhərinə apardı.

 

- Ananızla gedəndə neçə yaşınız var idi?

 

- Beş yaşım.

 

- Ananızın yeni ailəsi necə idi?

 

- Problemləri var idi. Kişi özündən hardasa iyirmi yaş böyük idi. Beş uşağı vardı. Üçü ailə qurmuşdu, ikisi onlarla yaşayırdı...

 

- Sizinlə necə davranırdı?

 

- Çox pis. Öz uşaqlarını çox istəyirdi, amma məni daima döyür, incidir, işlədirdi. Balaca olmuşam, detalları qohumlarım daha yaxşı xatırlayır. Deyirlər yatdığın yerdə gəlib təpikləyirdi...

 

- Ona necə müraciət edirdiniz?

 

- Adı Nurməhəmməd idi, hamı Ballı deyirdi. Mən də Ballı dayı deyirdim.

 

- O sizi döyəndə ananız mane olmağa cəhd etmirdi?

 

- Necə edəydi? Dəfələrlə özünün döyüldüyünü görmüşdüm. Həm də anamla evlənəndə uşaq istəmədiyini demişdi. İndi anamın məni özü ilə gətirməsində onun icazəsi olmamışdı axı... İnsanları qınamaq düz deyil. Ballı dayının da öz həqiqəti olub. Bilirsiniz, eşitdiyimə görə, anamla evlənəndə bizimkilərə dörd min rubl pul verib. 1985-ci ildə kənd yerində bu az pul deyildi. Deyib ki, uşağa ev alın, həyatını təmin edin, qalan pulla da özü-özünü saxlayana kimi ona baxın. Amma mənim evimə gətirməyin. Özümün beş uşağım var, bəsdir. Buna görə də anam da bir söz deyə bilmirdi. Xatırlayıram, bir dəfə Hüseyn babam qonaq gəlmişdi. Mənim günümü görüb anamı danladı ki, uşağa belə işgəncə verməzlər. Beş yaşlı körpə günlərlə evə gəlmir, ağaclarda gecələyir. Döyülməsin deyə evdən qaçaq düşüb. Gözləyib, gecə Ballı dayı yatandan sonra gizlicə gəlib girirdim evə. Axırda anam məni bir ailəyə övladlığa verdi...

 

- Necə xatırlayırsınız həmin günü?

 

- Ballı dayının hansısa maşını olan bir qohumu aparırdı bizi. Əvvəlcə səhradan keçib meşəyə daxil olduq, sonra isə bir kəndə... Çox ekzotik təbiəti var idi, bu günə qədər də unutmamışam. Hər tərəfinə heyranlıqla baxırdım. Kəndin təbiətinə vurulmuşdum. O vaxtdan gözüm müxtəlif təbiət mənzərəsi, güllər, fərqli ağaclar axtarır, o kəndə bənzədirəm. Heyvanları sevirəm. Ətrafımda heyvan olanda xoşbəxt oluram. Yadıma gəlir, o qohum bizi bir evə gətirdi. Oturub söhbət etdilər. 40-42 yaşları olan qadın idi. Bunlar da Ballı dayının uzaq qohumu idilər...

 

- Ananızla ayrılmağınızı necə xatırlayırsınız?

 

- Ayrılmağımız qəribə oldu. Günorta yatan uşaq deyildim, anam dedi ki, gəl bir az yataq, oyanandan sonra səni gəzməyə aparacağam. Bizim də axı həmişə münasibətlərimiz soyuq olub. Heç vaxt birlikdə gəzməyə getməmişik deyə bu təklif qəribə gəldi. Uzandım, yatdım...

 

***

 

Yuxudan oyananda həmin qadın başının üstündə dayanmışdı. Çox xoşbəxt görünür, gülümsəyirdi. Xəyalın əllərini ovcuna alıb soruşdu:

 

- Necəsən?

 

Uşaq türkmən dilini tez öyrənmişdi. Rahat danışa bilirdi:

 

- Yaxşıyam.

 

- İndi atan gələcək.

 

- O kimdi?

 Xəyal dik qalxıb, yerinin içində oturdu.

 

- Görmək istəyirsən? İstəyirsən, qarşılamağa gedək?

 

Gündüzləri yatmaq vərdişi olmadığından özünü narahat hiss edirdi. İndi başa düşə bilmədi ki, yuxu görür, yoxsa doğrudan da atası var. İlk dəfə düşündü ki, görən mənim atam kimdi? Kənddə uşaqların atası olduğunu görmüşdü, amma özünün atası haqda heç kimdən eşitməmişdi. Heç şəkli də yox idi. Sevincək yerindən atılıb, ayağa qalxdı:

 

- İstəyirəm!

 

Qadın Xəyalı geyindirib həyətə çıxartdı.

 

Ağacların arası ilə uzanıb gedən yolun lap başında qoyun sürüsü görünürdü. Qadın sürünün yanında, eşşəyin belində gələn orta yaşlı çobanı göstərdi:

 

- Sənin atandır, gəlir...

 

Xəyal qadına sözünü tamamlamağa imkan vermədi.

 

“Ata” deyərək üstünə qaçan uşağı görəndə, çoban da də eşşəkdən düşüb, ona tərəf gəldi. Yaxınlaşdılar. Çoban qollarını açdı:

 

- Gəl, gəl atanın qucağına!

 

***

 

- O  məni bağrına basdı. Mən onu  bərk-bərk qucaqladım, düşündüm ki, yəqin həqiqi atamdır. Onu özümə ata bildim... Sonra məni eşşəyin belinə mindirdi, gəldik evə. İkimiz də çox xoşbəxt idik, yox, üçümüz də. Elə bil doğulandan tanıyırdım onları. İkisi də hər hərəkətimə elə maraqla, baxır, qayğıma qalırdılar ki...

 

- Sizin valideynə ehtiyacınız olduğu qədər, onların da övlada ehtiyacı var imiş...

 

- Hə, nazımla oynayırdılar. Mən sürünün içinə girib qoyunların arası ilə qaçanda onların mənə necə fərəhlə baxdığını görən insan başa düşər mən onlar üçün kim idim...

 

- Ananızı soruşmadınız?

 

- Heç yada da salmadım. Mühit elə idi ki, özümü doğma ata-anamın yanında hiss edirdim. Bir dəfə soruşdum anam hanı, qadını göstərib dedilər budur... Sevdim onları...

 

- Onlar da sizi atanızın adı ilə çağırırdılar?

 

- Adımı dəyişib, Kakış qoydular. Öz soyadlarını verdilər. Sonra bütün kəndi toplayıb, mənə sünnət elədilər. Nə qədər adam, musiqiçilər var idi... Mən də başda oturmuşdum. Evdə taxt qurmuşdular, xalçalar sərmişdilər, qoyun kəsdilər... Mən meşəyə qaçdım... Tutub gətirdilər ki, fikrimizi dəyişdik... Aldadıb gətirdilər... (Gülür) Sünnətdən sonra bazara getməyimizi xatırlayıram. Bazarda nəyə baxırdımsa, atam deyirdi yükləyin maşına.

 

- Məsələn, nəyə baxırdınız?

 

- Biz ancaq qoyun saxlayırdıq. Başqa heyvanımız yox idi. Keçi istəyirəm, alırdı, at istəyirəm deyirdim, alırdı. Bir dəfə hətta dəvəyə baxıb dedim “Oy! Ata, dəvə. Bizim heç dəvəmiz yoxdur”. “Artıq var” deyib, satanlara tərəf döndü ki, “yükləyin maşına”. Xoruz istədim, məni bazarda toyuq-cücə satılan yerə saldı ki, seç. Mən də ağappaq xoruzları seçdim. (Gülür) Atam dedi ki, toyuq da seç ki, yumurtlasınlar. Dedim “yox, onlar xoşuma gəlmir. Xoruzun qəşəng lələkləri var, yolub başıma taxacağam”. Sonra... Birlikdə qoyun otarmağa gedirdik...

 

Bir dəfə bərk yağış yağırdı. Qoyunumuzun ekiz balası oldu. Elə sevinirdim ki, bizim qoyunun balası var. Dirəndim ki, aparım evə, anama göstərim. Burda qalsalar yağışda ölərlər. Atam dedi sənə ağır olacaq, axşam aparıb göstərərik, gəl indi ağacın altında yağışdan gizlədək. Dedim yox. Ürəyimi qırmadı. Quzunun hərəsini xurcunun bir tərəfinə qoyub, keçirtdi çiynimə... Yaxşı nə baş versə gəlib anama deməliydim. Dediyim nə olur olsun, elə sevinirdilər ki... Uşağa o qədər ehtiyacları var idi ki, mənə bir saniyə də olsun qəribçilik hiss etdirmirdilər... Ömrümdə ilk dəfə idi ki, sevgi, qayğı görürdüm. Lazımlı idim. Onlar mənə, mən də onlara. Yoxsa o vaxta qədər ətrafımdakı insanlar hamısı mənə lazımsız olduğumu hiss etdirmişdilər. 

 

***

 

Kakış başına doladığı kəndirə xoruz lələkləri taxıb valideynlərinə göstərmək üçün evə tələsdi. Gördüyü mənzərədən qapıda donub qaldı. Anası ağlayırdı...

 

(Davamı olacaq)

 

# 6794
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar