11 yaşlı Gülayətin <span style="color:red;">QAN DONDURAN DRAMI : “Müdirin bacısı qızı bizi oxlovla döyürdü”
30 mart 2015 14:54 (UTC +04:00)

11 yaşlı Gülayətin QAN DONDURAN DRAMI: “Müdirin bacısı qızı bizi oxlovla döyürdü”

 

Gülayət Hacıyeva Amerika Birləşmiş Ştatları, Stetson Hüquq Universiteti Beynəlxalq Cinayət Hüququ bölumunün magistrıdır. Eyni zamanda burada dosent köməkçisidir. Lent.az-ın “İnternat dramı” layihəsinə həyat hekayəsini danışmağı özü istədi.

 

***

 

Əvvəli http://news.lent.az/news/196609

 

- Orda harada qalırdınız?

 

- Vaqon idi. İçi elə qızırdı ki, dəhşət! Çimməyə də yer yox idi, aylarla çirkli qalırdıq. Tualet yox idi, kənardakı ağacların dibindən istifadə edirdik. Yanımızda nəzarətçi qalan kişi tərbiyəçi ağcaqanadları qovmaq üçün malın təzəyini yandırırdı.

 

- Siz orda olanda uşaq evinə gələn qonaqlar görmürdülər uşaq sayı azdır?

 

- Müdir deyirdi ki, onları cəmiyyətə alışdırmaq üçün layihəmiz var, indi uşaqlar burda deyil... Eh, uşaqlara qarşı o qədər ədalətsizliklər var idi ki…

 

- Daha ətraflı danışa bilərsiniz?

 

- Uşaqların adına torpaq alır, sonra o torpağı satırdılar. Qızları işə düzəldir, maaşlarının yarısını əllərindən alırdılar. Müdir bizi varlı adamların evində işlədir, pulu isə özü götürürdü. “İkinci əl” mağazası açmışdı, bizə gələn paltarların hamısı orada satılırdı…

 

- Harada idi mağaza?

 

- Nizami küçəsində. Oranı da biz təmizləyirdik, ona görə yaxşı bilirdik. İki şirkətin adını xüsusi ilə çəkmək istəyirəm – Azercell və Azersun Holdinq. Azercellin o vaxtkı prezidentini yaxşı xatırlayıram. Keçəl idi, uzun saçları olan qızı var idi, həyat yoldaşı da çox qəşəng qadın idi. Yeni ildə ailəlikcə gəlmişdilər yanımıza. Bu iki şirkət bizə çox yardım edir, qayğımıza qalırdı. Çox istəyərdim ki, bu müsahibəni oxusunlar. Bilsinlər ki, nə gətirirdilərsə, hamısı satılırdı. Azercellin hədiyyələri də, Azersunun ərzaqları isə…

 

- Şirniyyat sexinə daşınırdı?

 

- Həm də dondurma sexinə. Dondurmanı da öz uşaqlarımıza satdırırdılar. Kimə ki, satdırırdılar, o uşaq araya salıb bir-iki dondurma yeyə bilirdi, yoxsa heç birimizə verilmirdi. Sonra bir neçə dəfə polis uşaqları küçədən tutub gətirdi, artıq məcbur olub mağazaya verdilər. Əl işlərimizi sərgiyə çıxardıb, satırdılar. Pulları isə görmürdük.

 

- Bəlkə uşaq evinə bu pullarla nə isə alınırdı?

 

- Ehtiyac yox idi. Təkcə Azercell-lə Azersun-un gətirdiyi ərzaqlar bizə bəs idi, hələ çox idi. Bundan başqa, universitetlərdən tələbələr, təşkilatlar, xeyriyyəçi insanlar və müğənnilər də daima gəlirdi. Yəni, uşaq evinə həddindən artıq ərzaq, paltar və əşya yardımı edilirdi. Bu azmış kimi, uşaq əməyini istismar edirdilər. Yenə o pullar uşağın adına toplansa, məzun olandan sonra uşağa verilsə, onda buna yaxşı niyyət demək olar. Gözdən pərdə asmaq üçün bəzən bir-iki uşağı oxudar və ya toyunu edərdilər. Onda da sənədləşdirər, yüzlərlə şəkil çəkdirib, gələn qonaqlara göstərər, necə böyük iş gördüklərini bildirərdilər. Halbuki, bu işi görmələri üçün dövlət onlara güvənirdi... Sərgi vaxtı kənardan düzülməyimizi heç vaxt unutmuram. Adamlar da “yetimdilər” deyib, ürəkləri ağrıyır, hər şeyi baha-baha alırdılar.

 

- Sərgidə hamınızın əl işi olurdu?

 

- Bəli. Kənardan hicablı bir qadın gələr, bizə toxumaq öyrədərdi. Hətta bir dəfə məndən soruşdu ki, niyə pis toxuyursan, halsızsan. Dedim ki, yorğunam. Nə etmisən, soruşdu, dedim, işləmişəm, mağazanı təmizləməyə getmişdim. Hicablı olduğu üçün ona güvəndim. O isə gedib müdirə demişdi ki, Gülayət şikayət edir, onu işlətdiyini deyir.

 

- Buna görə cəza oldu?

 

- Olmazmı? Qadın gedən kimi təhqir olundum. Müdirin bacısı qızı isə məni döydü. Müdir özü döymürdü, amma bacısı, uşaqları çox incidir, hətta oxlovla döyür, saçlarını yolurdu. Sanki psixoloji problemləri var idi. Ərindən ayrılmışdı, iki qızı var idi, onları da çox vaxt qohumları saxlayırdı. Hərdən uşaq evinə də gətirirdi. Məni döyən də böyüyü idi. Müdirin bacısı bir dəfə qızlardan birini evinə işləməyə aparıb, gecə də saxlayıb. Sonra gecə evinə kimsə gəlib, qızı çıxardıb qapıda gözlədib...

 

Qışın soyuğu, qız çox pis xəstələndi. Səhər onu uşaq evinə gətirəndə qızın halı çox pis idi. Soruşduq nə olub, dedi gecə müdirin bacısının yanına bir kişi gəlmişdi, məni evdən çıxardıb səhərə kimi qapının qabağında saxlatdı, soyuqladım. Bunu dediyi üçün o qızı nə günə qoydular, necə döydülər...

 

- Axı məktəbə gedib gəlirdiniz, döyüldüyünüz hiss olunmurdu?

 

- Əlbəttə, hiss olunurdu. O qıza görə polisə düşdülər. Neçə dəfə məsələni araşdırmaq üçün məktəbə polis gəldi...

 

- Axırı necə oldu?

 

- Qızın ayağına krem çəkib dedilər ki, yıxılıb. Bir də, bizdə bacı-qardaş var idi. Ataları rəhmətə getmişdi, anaları xəstə idi. Bacısını vurmuşdular, o da bilməmişdi neyləsin, gedib məktəbdə demişdi ki, uşaq evində bacımı vururlar. O oğlanı cəzalandırmaq üçün onu küçədən gələn uşaqlara döydürdülər. Dedilər ki, uşaqlar özü dalaşıb. Küçədən gələn uşaqlar çox aqressiv, dəhşətli olurlar. O oğlanın bu günə qədər də qaşında çapıq var. İllər sonra onlar şəhərdə rastlaşanda döyən uşaq oğlandan üzr istəmişdi ki, bağışla, onlar mənə səni döyməyi tapşırdı, məcbur idim...

 

- Burada da polis gəlib uşaqları aparırdı?

 

- Özüdə axşam saat 10-dan sonra gəlirdi həmişə. Bir də polis küçədə reyd edəndə, bizə çoxlu qarpız, yemiş, xiyar, pomidor və meyvə gətirərdi. Təbii ki, polis gedən kimi, ərzaqlar da gedərdi.

 

- Hara?

 

- Müdirin və qohumlarının evinə. Sanki bütün sülalələri uşaq evinin hesabına dolanırdı. Evlərinin işini görməkdən başqa, hələ uşaqlarını da bizə saxladırdılar. Biz qardaşımızı özümüz saxlamışdıq deyə, bilirdilər ki, bacarırıq. Amma qardaşım sakit uşaq idi, onu saxlamaq asan idi...

 

- Kimin uşağını saxlayırdınız?

 

- Müdirin qardaşının təzə uşağı olmuşdu. Ona, bir də müdirin anasına baxmaq üçün məni apardılar. Ömrümdə yaşlı adama baxmamışdım, mənə çətin idi, üstəlik deyirdilər qadını çimizdir. İnsafən, qadın yaxşı qadın idi.

 

- Bu nə qədər davam elədi?

 

- Bir aya qədər onlarda qaldım. Evi təmizləyir, anasına və körpəyə baxırdım. Gördülər bacarmıram, geri qaytardılar. Dedilər cəmiyyətə yararsızsan.

 

- Demək ki, cəmiyyətə yararsız olmaq, onlar üçün yararsız olmaqmış...

 

- Bəli. Cəmiyyət üçün yararlı olmaq uşaqların adına gələn mebelləri evinə aparmaqmış. Onlarda qalanda gördüm.

 

- Qardaşınız sizdən ayrı böyüdü?

 

- 1-ci sinifdə oxuyurdu, başqa uşaq evinə göndərdilər. Ceyran adlı qız var idi, onun da bacısını Əhmədlidəki uşaq evinə apardılar. Bayramdan bayrama gedib görmək imkanımız var idi. Çox qısa müddətli görüşlərimiz olurdu, hər dəfə də ağlayır, “bacı, məni də apar” deyirdi. Sözün həqiqi mənasında ayrılıq nədir, biz onda bildik. Allah heç kimə belə faciə yaşatmasın, arxanca ağlayan var və bu sənin doğmandırsa...

 

- Qardaşınızın yanına tək gedib gəlirdiniz?

 

- Yolu öyrətmişdilər. Artıq 9-cu sinifdə oxuyurdum. Metro ilə gedir, sonra da avtobusa otururdum.

 

- Yol pulunu haradan alırdınız?

 

- Uşaq evinə gələn bəzi adamlar var idi ki, görürdün bizə pul verirlər. Biz də bacımla bu pulu saxlayıb, yol pulu edirdik. Müdir isə nadir hallarda yolpulu verərdi. Bir tərbiyəçi var idi, o da xəlvətə salıb cibimizə pul qoyardı. Ona çox minnətdaram.

 

Qayıdanda yol boyu gözümdən yaş axırdı. Qardaşımın çox gözəl rəssamlıq qabliyyəti var idi. Bu bacarıq bizə kimdən keçib bilmirəm, bacımda da var. Mən də çəkirəm. Əsasən abstrakt rəsmlər çəkirəm, amma qardaşım qədər gözəl çəkə bilmirəm. O, hər dəfə şəkil çəkib verirdi...

 

- Nə çəkirdi?

 

- Ev şəkli çəkirdi, biz də hamımız o evin içində...

 

- Ordakı vəziyyətdən sizə nə isə danışırdı?

 

- Revmatizması əsas orda başlamışdı, çox soyuq idi. Deyirdi ki, buranın tərbiyəçiləri uşaqları daha çox pis döyür. Qardaşım danışırdı ki, döyüləndə uşaqlar qorxudan şalvarlarını isladırlar. Bunun üçün də ayrı döyülürlər. Uşaqların qulağından tutub divara çırpırlar deyirdi. Gecə yatsınlar deyə daha çox qorxudurdular. Psixoloji, fiziki çox təsir var idi. Hiss edirdim ki, bu həmişə yanımızda olan uşaq deyil. Daha emosional danışmağa başlamışdı. Bacımla deyirdik ki, sözə qulaq as, yeməyini yeyəndən sonra dərsini oxu. Uşaq idi, qorxurduq nəsə deyər başına vurarlar. Döyülməsini istəmirdik. Arxamızca necə qışqıra-qışqıra ağlayırdı...

 

Bir dəfə yanımıza gələn qonaqlardan bir kişi mənimlə mehriban söhbət etdi, soruşdu ki, bacı-qardaşın var? Ona dedim ki, kiçik qardaşım var, bizi ayırıblar, çox darıxırıq. Sən demə o da çox vəzifəli adammış, gedib İcra başçısına nə isə deyib. İcra hakimiyyətindən zəng edib müdiri danlamışdılar. Müdir ağladı ki, sizə yaxşılıq yoxdur, sizi küçədən yığıb baxırıq, çörək veririk, yenə bizdən şikayət edirsiniz. Elə həmin günü qardaşımı gətirdilər. Onda gördülər qardaşım ayaq üstdə dayana bilmir...

 

- Nə olmuşdu?

 

- Xəstələnmişdi. Revmatizmadan əli-ayağı yara tökmüşdü. Xəstəxanaya yerləşdirdilər, bir müddət müalicə aldı.

 

- Xəstəxananın pulunu uşaq evi ödədi?

 

- Yox, ora gələn dindar ailələrdən biri ödədi. Bu hadisədən sonra müdir bacıma da, mənə də nifrət edirdi. Əlacı olsa bizi boğardı. Uşaqlara bizi göstərib deyirdi ki, aranızdakı satqınlardan muğayat olun, sizi də satmasınlar. Məsələn, Gülayətə çörək veririk ki, ölməsin, utanmır, qapıdan girənə bizi satır. O qədər belə sözlər deyirdi ki, düşünürdüm niyə ölmürəm. Bizim tək dərdimiz kiçik qardaşımız idi. Döyülməyi, təhqir olunmağı və işlədildiyimizi deməmişdik. Xəstəxanadan çıxandan sonra kiçik qardaşım da yanımıza gəldi. Amma bu, o dönəmlərdə idi ki, artıq bacımın 18 yaşı tamam olurdu. Çıxmaq məcburiyyətində qaldı.

 

- Tək qız hara çıxdı? Getməyə yeri yox idi axı...

 

- Uşaq evində bunu düşünən olmur. Dirəndilər ki, artıq 18 yaşın olub, çıx! Biz Bakıya gələn gündən dörd nəfər olduğumuza görə həmişə ittiham olunmuşuq. Deyiblər çoxsunuz, biz dörd nəfərə çörək veririk. Əgər atacaqdılarsa, niyə valideynləriniz dörd uşaq dünyaya gətirib. Elə danışırdılar, sanki atamızın ölməyi, başımıza gələnlər bizim günahımızdır... Biz uşaq evinə düşməzdən əvvəl çox xoşbəxt ailə idik. Mən bu gün də çox xoşbəxtəm ki, bacım və iki qardaşım var, kimsəsiz deyiləm, onlar mənim hər şeyimdir. Amma orda bunu hər gün başımıza çırpırdılar.

 

- Məzun olandan sonra bacınız hara getdi?

 

- Bacım hicablı, namaz qılan idi, “Quran”ı öyrənmişdi. Ora gələn bir hicablı xanımla rəfiqə olmuşdular. İlk dəfə çıxanda onlarda qaldı. Evlərdə uşaqlara “Quran” dərsi keçməyə başladı. Sonra qəyyumluq sənədi hazırlayıb, bizi yanına aldı, kirayədə yaşamağa başladıq.

 

- Uşaq evindən neçə yaşınız olanda çıxdınız?

 

- Mən 17, qardaşım 15, ən balacamız isə 8 yaşında.

 

- Ordan çıxmaq necə idi?

 

- Bacım gəlib o kağızı yazanda çox xoşbəxt idik. 9-cu sinfi bitirib, Bakı Biznes Korporasiyası Kollecində hüquq üzrə oxuyurdum. Qiyabi təhsil alır, İranın Bakıdakı səfirliyinin mədəniyyət evində uşaqlara ingilis dilini öyrədirdim. Bu işi də mənə bacımın ətrafındakı dindar adamlar tapmışdı. Aldığım maaş yol puluma, özümə yetirdi. Bacımla bir-birimizə dəstək olurduq. Sonra qardaşım əsgərliyə getdi, ordan maaşını alıb göndərdi. Qayıdandan sonra isə reklam sahəsində işləməyə başladı. Onun qayıtması bizə böyük dəstək oldu.

 

- Kiçik qardaşınızın taleyi necə oldu?

 

- Qismət onu yenidən Qubaya qaytardı. Amma bu dəfə valideynli uşaqlarla bərabər, tam hüquqlu kimi. Liseyə qəbul olundu. Üçümüz də işləyib təhsil haqqını ödəyirdik. O da bizə kömək edirdi.

 

- Necə?

 

- Dərslərini çox yaxşı oxuyurdu, qatıldığı bütün yarışlarda birinci olurdu və bunları nəzərə alaraq təhsil haqqında 50 faiz güzəşt tətbiq edirdilər.

 

Mən insanları çox sevirdim deyə, Əlillər Cəmiyyətində həftədə iki dəfə könüllü ingilsi dili dərsi keçirdim. Bir gün Amerika səfirliyinin məktəblər arasında keçirdiyi bir layihədə işləmək qismət oldu. Yaxşı da maaş verirdilər. Həm də Soros Fondunda yaranan pulsuz ingilis dili kurslarına gedirdim.

 

Sonra imtahan verib, İstanbulun Beykent Universitetinə qəbul olundum. Bacımla qardaşım da dəstək oldu, getdim Türkiyəyə. Qızlarla kirayədə yaşayırdıq. Qardaşım pul göndərirdi. Həm də ingilis dili öyrənmək istəyən tələbələrə dərs keçirdim. İngilis dili bölümündə oxuduğum üçün, mənə çox asan idi. Öz üzərimdə də işləyirdim, dil biliyimi təkmilləşdirirdim.

 

Dəsrdən sonra Gülhanə Ağır Cəza Məhkəməsində məhkəmə proseslərini izləyir, staj yığırdım. Türkiyədə iki ilədək qaldım. Magistraturaya girmək istəyirdim. Amerikada oxumaq və işləmək proqramı ilə tanış oldum, uşaqlarla bir yerdə baş vurduq. Qazandım!

 

2010-cu ildə Amerikaya gəldim. İngilis, rus, türk və Azərbaycan dillərini bilməyim burada rahat iş tapmağıma kömək oldu. İnternet vasitəsi ilə CV-mi bir neçə yerə göndərdim, qısa zamanda miqrasiya işləri ilə məşğul olan “Andrew P.Johnson”, Wall Streetde, Nyu-Yorkun ən məşhur küçəsində yerləşən hüquq firmasından işə dəvət etdilər.

 

- Orda nə iş görürdünüz?

 

- Sənədləri tərcümə edir, miqrantların hekayəsini yazırdım. Bir növ, məhkəməyə qədər bütün sənədləri araşdırır və dosyeni məhkəməyə hazırlayırdım. Məhkəmədə iştirak etmək üçün isə lisenziyam yox idi. Azərbaycanda aldığım diplom sayılmırdı. Daha çox dosyeləri təhqiq edirdim. Bu iş çox xoşuma gəlirdi. 2012-ci ilə qədər burada çalışdım. Sonra isə başqa hüquq firmasına baş vurdum. Miqrasiya sahəsində iki il yetərincə təcrübə toplamışdım. Hüququn başqa sahələrini də öyrənməliydim. Bu dəfə ailə və uşaq hüquqlarını seçdim.

 

- Günləriniz necə keçirdi?

 

- Amerikada demək olar ki, həyatımın ən asan günlərini yaşamışam. Burada maddi sıxıntım olmadığına görə ailəyə də dəstək ola bilirdim. Bahalı şəhərdir, amma baxır necə yaşayırsan. Əyləncəsi çox və bahalıdır. Amma mən ilk gündən əyləncəyə pul xərcləmədim. İşlədiyim gündən pulumu yığıb dedim ki, mən bu pulu təhsilimə yatıracağam. Mənimlə eyni proqramla gələn tələbələr var ki, hələ də universitetə qəbul olunmayıblar. Çünki əllərinə gələn pulla Amerikanın bütün ştatlarını gəziblər. Mənsə son pennimə qədər universitetə ödədim və kiçik qardaşımın təhsilinə kömək etdim. İndi Türkiyədə ali təhsil alır. Bacım da təhsil alır.

 

2010-cu ildən 2014-cü ilə qədər Amerikada işlədim. Sity Nyu-York universitetində oxudum, hüquq ingiliscəmi inkişaf etdirdim. Bu normal ingiliscədən çox fərqlidir, onu bilmədən hüquq üzrə təhsil almaq çox çətindir. Sonra Floridada Stetson Hüquq Universiteti Beynəlxalq Cinayət Hüququ bölumundə magistraturaya qəbul olub, təhsilimi davam etdirdim.

 

30 min dollarlıq bursla qəbul olundum. Yəni pulumu onlar ödədi.

 

- Tələblər nə idi?

 

- Yaxşı oxumalısan, bu pula həqiqətən ehtiyacın olmalıdır və ən önəmlisi bu günə kimi nə etmisən, cəmiyyətə nə kimi faydan olub. Uşaq evində böyüdüyüm halda Türkiyədə təhsil almağım, orada məhkəmədə çalışmağım, Azərbaycanda ağır şərtlərlə kollec bitirməyim, maddi sıxıntılarıma baxmayaraq Əlillər Cəmiyyətində könüllü ingilis dili dərsi keçməyim burada mənim işimə yaradı. Çətin şərtlərim olsa da oxumaq həvəsim olub, buna çox yer verdilər.

 

Bir də qalmaq pulu var, onu da təbii ki, yığmışdım. Dosent yardımçısı işləməyə başladım. Maaş alıram və işlədiyim üçün universitet qalmaq yeri ilə təmin edir. Universitetdə həftənin 20 saatı işləyir, beynəlxalq uşaq hüquqları üzrə araşdırma edirəm. Eyni zamanda da beynəlxalq hüquq cinayəti ixtisası üzrə təhsil alıram. Özəlliklə də uşaq hüquqlarına diqqət ayırıram. Doktorluğumu uşaqların davranışı və hüquqları üzərinə etməyi düşünürəm. Bütün bunlardan başqa da iki layihə işləyirəm.

 

- Hansı layihələri?

 

- Amerikadakı azərbaycanlılar zamanla əllərinə qərənfil alıb Xocalı soyqırımı ilə bağlı çıxış edirlər. Bu maarıfləndirici deyil. Çünki ildə bir dəfə keçirirlər. Universitetlərdə dərs keçmək isə daha effektli olur. Amerikada yəhudilərin soyqırım günü, ermənilərin qondarma soyqırımı qeyd olunur. Professor ermənilərin qondarma soyqırımı haqqında danışanda, mən etiraz etdim. Bizim işğal altında torpaqlarımız var, müharibədə yüzlərlə günahsız uşaqlar öldürülüb, dedim.

 

Professor bu haqda indi eşitdiyini dedi. Sən bu haqda məruzə hazırla və qrupda oxu dedi. Var gücümlə çalışıram ki, soyqırım dərslərinə Xocalı faciəsini də salım. Dərsliyə salınması üçün əlimdən gələni etməyə çalışacağam. Dövlətin və səfirliyin də dəstək edəcəyinə ümid etmək istəyirəm. Pul lazım deyil, hüquqi sənədləri özüm hazırlayacağaq, Xocalı faciəsinin dərsliklərə salınmasında dövlətin mənəvi dəstəyinə çox ehtiyacım var.

 

İkinci layihəm isə uşaqlarladır. Müharibə görməyən I dünya ölkələri ilə müharibə görən ölkələrin uşaqlarından şəkillər toplayıram.

 

- Nə şəkilləri?

 

- 6-15 yaş arasındakı şagirdlər müharibə nədir, sülh nədir mövzusunda şəkillər çəksin xahişi etdim. Martın 24-də universitetdə bu şəkillərdən ibarət sərgi təşkil etdim. Sərgi aprelin sonuna qədər açıq olacaq. Sonra isə sərgi Nyu-York və Vaşinqtonda davam edəcək. Bu şəkillər müharibənin uşaq yaddaşına, həyatına vurduğu zərbələri, müharibə və sülh şəraitində böyüyən uşaqların fərqini göstərir. Amerikada uşağa müharibə şəkli çək deyəndə pakemon, Azərbaycandakı uşaq isə tankın şəklini çəkib. Fələstinli isə ölmüş uşaq şəkli...

 

Burada tək müharibəyə yox, uşaq evindən çıxana da münasibət fərqlidir. Amerikaya gələndən sonra uşaq evindən olduğumu rahat deyə bilirəm. Bunlar sənə acımır, sayğı duyurlar. Burada insanı keçmişinə görə dəyərləndirmirlər. Tam tərsi, ağır keçmişin varsa, sənə daha çox sayğı var. Hörmət edirlər ki, sən öz ayaqlarının üstündə dayanmısan. Əgər bir həkim, ya vəkil atasının ofisində işləyirsə, o insana cəmiyyət sayğı duymur. Universitetdı professorlar da başda olmaqla, hamı məni “exceptional student” çağırırlar. Yəni, özəl, xüsusi, istisna tələbə. Bu, çox xoşuma gəlir.

 

Bizim cəmiyyətdə uşaq evindən gəldiyini demək böyük cəsarət istəyir. “Yetiməm” deyəndə azərbaycanlı ilə amerikalının sifət mimikası belə başqa olur, mentalitetimiz fərqlidir. Uşaq evində böyümüşəm, Amerikada təhsil alıram deyəndə müsbət qarşılayan da olur. Amma əksər halda kinayə ilə deyirlər ki, yetim ola-ola necə gedib çıxmısan ora?

 

Düşünmürlər ki, belə sözlərlə ürək qırırlar. Mən körpə yaşımdan ağır işlər görə-görə kitab əlimdən düşməyib. 39 qızdırma ilə dərsə getmişəm, bir gün dərs buraxmamışam. Bir dəfə Bakıdakı uşaq evini təmir edirdilər. Məktəbdən gəldim ki, hamımızın çarpayısını irəli çəkiblər. Tez soruşdum mənim kitablarım hanı? Ustalardan biri başladı gülməyə ki, qorxma, kənara qoyduq. Hamının balışının altından paltar, oyuncaq çıxdı, cəmi bir balışın altından kitab, dedi. Həmişə oxumuşam. Bu yaşa qədər mənim heç vaxt ağlıma gəlməyib şəxsi həyat qurmaq. Ancaq oxuyum demişəm. Oxumaq mənə atamın vəsiyyətidir. Bakıda kollecdə oxuduğum vaxtlarda gecələr çörək zavodunda işləyirdim. Səhər yenə dincəlmədən dərsə gedirdim. Bütün qazandığım pulu təhsilimə yatırmışam. Həmişə bir dəst paltarım, bir cüt ayaqqabım olub. Günlərlə ac qaldığım olub, sadəcə düyü qaynadıb yediyim, bir çipsi ilə dolandığım vaxtlar olub. Türkiyədə yol pulum olmurdu, üç saatlıq yolu piyada gedib gəlirdim. Amma həmişə atamın səsi qulağımda olub – “oxumaq və əxlaq”. Əxlaq və elm mənim üçün həyatda birinci yerdə dayanıb.

 

- Boş verin, bəzi tiplər var ki, uğurları ilə valideynlərini sevindirmirlər, üstəlik oxuyana da istehza edirlər...

 

- Çəkdiyim bütün əziyyətlərdən sonra kiminsə “Yetimçiliklə ora necə gedib çıxdın?” sualı adama çox ağır gəlir. Mən nə əzablar çəkdiyimi bir Allah bilir. Elə şeyləri insana çox görürlər ki...

 

Heç unutmuram, məktəbdə tarix və konstitusiya dərsində uşaq hüquqları keçəndə müəllim dedi ki, hər bir uşağın sevilmə, qorunma haqqı və fikrini ifadə etmək azadlığı var. İlk dəfə orda eşitdim ki, bizim sevilmək kimi bir haqqımız var, bizim hüquqlarımız var...

 

Sonra bir dəfə müəllim usaq evinde, məni vuranda dedim ki, mənim hüquqlarım var, məni vura bilməzsiniz. O da dedi ki, sənin hüquqların sən küçəyə atılanda pozulub və ondan sonra artıq sənin heç bir hüququn yoxdur! Sən artıq hüquqsuz bir əşyasan. Bu, ali təhsilli, saçları ağarmış bir qadın idi...

 

- Uşaq evində arxanızca gələn olurdu?

 

- Atamın iki qardaşı var idi, ikisi də vəfat edib. Atamdan böyük olublar. Anam tərəfdən isə heç kim gəlməyib. Onlara qonaq getməyimiz yadıma gəlir az-maz... Bilirəm ki, bir əmimin oğlu çox gənc yaşında vəfat etdi, sonra valideynləri dözməyib öldülər. Əmim xəstə idi, o da yadıma gəlir...

 

- Çıxanda kimisə axtardınız?

 

- Orda olanda bizi kimsə axtarmadı deyə, mən də axtarmadım. Bibimi axtardıq. Moskvada olduğunu bilirdik...

 

- Tapdınız?

 

- Tapdıq. Yaşlı qadın idi. Onunla bacım danışdı. Bizdən xəbər tutanda çox sevindiyini dedi. Sanki böyüdükdən sonra heç kimə ehtiyac duymursan. Uşağa daha çox körpəlikdə kimsə lazım olur.

 

Bir də, bir əmim var idi, gəmiçi olduğunu, Həzi Aslanov paraxodunda kapitan olduğunu bilirdim. Ona bir ümid kimi baxır, hər yerdə axtarırdım. Uşaq evinə gələn qonaqlara deyirdim ki, mənim əmim var, bəlkə tapasınız. Onlar da ciddi qəbul etmirdilər.

 

Ordan çıxandan sonra özüm axtarmağa başladım. Limana gedib işçilərdən soruşdum. Ola bilsin adını dəqiq bilmirdim. Adıgözəl bilirdim, amma ola bilsin öz adı başqa olub, ailədə onu bu adla çağırırmışlar.

 

- Bəs niyə arxanızca gəlməyib?

 

- O, bizim uşaq evində olduğumuzu heç vaxt bilməyib...

 

- Necə?

 

- Atamla aralarında inciklik olub, o da ailədən ayrılıb gedib, gəmidə çalışıb. Yoldaşının rəhmətə getdiyini, uşağının olmadığını, körpə olanda məni övladlığa götürmək istədiyini bilirdim. Ona görə də ağlımda qalmışdı ki, əgər onu tapsam, gəlib bizi aparar. İndi də inanıram ki, aparardı...

 

Bilirsiniz, atamla niyə küsüblər? Deyib ki, sənin dörd uşağın var və birini mənə vermirsən. Atamı qınamıram, övladı verə bilməzsən. O da inciyib, çıxıb gedib. Ömrünün qalanını gəmidə, səyahətlərdə keçirib.

 

- Axtarışlarınız nəticə verdi?

 

- Uzun axtarışlardan sonra xəbər aldım. Bu gün kimi yadımdadır, avtobusda gedirdim, bacım zəng etdi. Hardasan soruşdu, biləndə ki, avtobusdayam, dedi ki, növbəti dayanacaqda en, sakit bir yerdə əyləş və mənə zəng et. Tibb Universitetinin qarşısındakı dayanaqda avtobusdan endim. Adam az olduğu üçün elə orda əyləşib zəng etdim, bacım dedi ki, əmim tapılıb, morqdadır. Bibim zəng eləmişdi, polis Moskvaya, ona zəng edib əmimin öldüyünü deyib. Həyatımda heç vaxt o günkü qədər ağlamamışdım...

 

- Heç üzünü görmədiyiniz insan üçün ağlayırdınız...

 

- Axı özümü bildim biləli, onu axtardım. Elə bilirdim o bizi bir araya yığacaq, ailə olacağıq... Hətta bir dəfə şeir də yazmışdım...

 

Mənim körpə qəlbim düşüncələrlə

Əhatə olunmuş bir gəmidədir...

Yelkəni küləyin ixtiyarında,

Mənzilim kim bilir, hələ haradır..

 

Müdirə oxudum, qulaq asıb dedi ki, özün kimi lazımsız bir şey yazmısan.

 

Eh, yenə də deyirəm sağ olsunlar, pis-yaxşı baxdılar, onlar demiş, “çörəklərini yedik”. Baxmayaraq ki, biz, onların yox, dövlətin çörəyini yeyirdik, nə edək ki, elə insanların əlindən yeməli olurduq. Bütün bunları sizə danışmaqda da məqsədim ictimaiyyəti uşaq evində baş verənlərlə tanış etməkdir. Çox istərdim ki, səlahiyyətli orqanlar ordakı uşaqların taleyi haqda düşünsün. Uşaq evlərindəku müdirlərin, tərbiyəçilərin özbaşınalığına son qoyulsun.

 

Həyatımda iz buraxan bütün yaxşı insanların adlarını burada sadalamasam da, hamısını ehtiramla yad edir, minnətdarlığımı bildirirəm. İndi kitab üzərində işləyirəm. Artıq uşaq evində baş verənlər haqda 10 hekayə hazırdır. Ümid edirəm, insanlar bunu oxuyandan sonra bizə - uşaq evindən çıxan günahsızlara qarşı anlayışla davranacaq.

 

Bir də, sonda... Quba uşaq evindən olan uşaqları axtarıram. Əgər bu yazını oxuyub, Lent.az-la əlaqə saxlasalar, çox sevirənərəm. Onlar mənim ailəmin, uşaqlığımın bir parçasıdırlar...

 

SON

 

# 8871
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar