AZAL klubunun baş məşqçisi Tərlan Əhmədovun apasport.az saytına müsahibəsi
- Təlim-məşq toplanışı haqda məlumat verərdiniz.
- Hazırlığımız planauyğun şəkildə davam edir. İyulun 13-də hazırlığın ikinci mərhələsini yekunlaşdıracağıq. Bu gün “Neftçala” ilə yoxlama oyunu keçirəcəyik. Həmin oyunda yeni futbolçuları sınayacağıq. Hazırda düşərgəmizdə Ukraynadan iki – Vladislav Çeçelenko və Vladimir Kokorenko, eləcə də Səudiyyə Ərəbistanını və İrandan bir futbolçu baxışdadır. Müqavilə ilə komandaya məxsus olanlarla iş plana üzrə davam edir. Yeniləri isə yoxlayırıq. Yaxın günlərdə bir neçə futbolçunun da bizə qoşulacağı gözlənilir. Bir sözlə, hər şey qaydasındadır.
- Artıq iki yoxlama oyunu keçirmisiniz. Hansı problemlər nəzərə çarpır?
- Bu oyunlar heç nə söyləmədi. Çünki oynadığımız komandalar elə də güclü komandalar deyildi. Buna görə də futbolçular təzyiq altında çıxış etməyiblər. Sadəcə, yorğunluq fonunda bu cür oyunların keçirilməsi lazım idi. Həm də baxışa gələn futbolçuları yoxlayırdıq. Əsas oyunlarımız Türkiyədə keçiriləcək. Boludakı matçlarda komanda üzvlərini yorğunluq fonunda, təzyiq altında yoxlayacağıq. Buna görə də burdakı qarşılaşmalara elə də önəm vermirik.
- Baxışa bu qədər futbolçu gəlib. Aralarında bəyəndiyiniz oyunçu olub?
- Yox, hələ ki, bəyəndiyim, oyunu ilə məni razı salan futbolçu yoxdur. “Rəvan”la oyundan sonra baxışda olanların bir neçəsini yola saldıq. “Neftçala” ilə oyunda isə qalanlarını yoxlayacağıq. Xoşumuza gələn olsa, saxlayacağıq. Əks təqdirdə, onları da göndərəcəyik.
- Deməli, Türkiyə toplanışına komplektləşmiş şəkildə gedə bilməyəcəksiniz?
- Hələ vaxtımız var. Qarşıdakı 1-2 gün ərzində komandaya yeni futbolçular qoşulmalıdır. Həmin futbolçuların oyunlarını izləmişik və təklif göndərmişik. Onlar gəlsə, komanda hardasa 70 faiz komplektləşmiş şəkildə Türkiyəyə gedəcək.
- Hansı mövqeləri gücləndirmək daha vacibdir?
- Yarımmüdafiə və hücum xəttini.
- Adrian Pit açıqlamasında AZAL-dan təklif aldığını deyib. Onun xidmətində maraqlısınız?
- Adrian Pitin adı transfer siyahımızda olmayıb. Bunu sizdən eşidirəm. O, heç vaxt gündəmimizdə olmayıb.
- Premyer Liqada çıxış edəcək digər klubların hazırlığı ilə necə, tanışsınızmı?
- Sözsüz, maraqlanırıq. Bilməliyik ki, komandalar hansı səviyyədədirlər, çempionata necə hazırlaşırlar. İndidən heç nə demək olmaz. Hər şey Allahın əlindədir. Elə klublar var ki, külli miqdarda pullar xərcləyib transferlər edirlər, amma sonda çempion ola bilmirlər. İndidən AZAL-ın xariqələr yaradacağını demək olmaz. İşimizi davam etdiririk. Nəyin, necə olacağı çempionatın gedişində məlum olacaq.
- Məşqləri süni örtüklü meydançada həyata keçirirsiniz. Havaların isti keçməsi işinizə mane olmur?
- Xeyr, hər şey qaydasındadır. Həm də gərək yerli iqlimə öyrəşək. Avqustda, çempionat başlayan vaxt bundan da isti olacaq. Onda neyləyəcəyik? Çempionatı yarımçıq saxlayacağıq? Bir-iki gün isti oldu. Məşqlərimizi səhər və axşam sərin vaxtlarda həyata keçiririk. Hər cür şəraitimiz var.