<span style="color:red;">Tahir Süleymanov : “100 minlik futbolçuları 300-500 minə klublara sırıyırdılar, indi isə...”
04 iyul 2019 13:28 (UTC +04:00)

Tahir Süleymanov: “100 minlik futbolçuları 300-500 minə klublara sırıyırdılar, indi isə...”

Artıq gələn həftədən  Avrokubok həyəcanı başlayır. Azərbaycanı Çempionlar Liqasında “Qarabağ” , Avroliqada isə 3 klub – “Neftçi”, “Qəbələ” və “Səbail” təmsil edəcək. Sonuncudan başqa 3 klubumuz Azərbaycandan kənarda təlim-məşq toplanışını da başa vurublar.

Bəs görəsən, klublarımız Avrokuboklara nə qədər hazırdır? Bu və digər məqamlarla bağlı tanınmış futbol mütəxəssisi Tahir Süleymanov Lent.az-ın əməkdaşının suallarını cavablandırıb.

 

-  Tahir müəllim, artıq üç klubumuz ölkə xaricində təlim-məşq toplantısı keçirib. Bir mütəxəssis kimi komandalarımızın hazırlığını yəqin ki izləmisiz. Necə dəyərləndirərdiniz?

 

- Klublarımız avrokuboklara hazırlıq üçün təlim-məşq toplanışlarını fərqli ölkələrdə keçdilər. Artıq son mərhələ, ilk oyunlara hazırıq dönəminə qədəm qoyurlar. “Qarabağ” ənənəsinə sadiq qalaraq Avstriyaya üstünlük verib. Yoxlama oyunlarındakı rəqibləri də özlərinə uyğundur. Son illər davamlı olaraq Avrokubokların qruplarında çıxış edən “Viktoriya” kimi komandalarla qarşılaşmalar yaxşı haldır. “Qarabağ” stabil, təcrübəli heyətə malikdir və bu tipli turnirlərə necə yanaşmağı bilirlər.

“Neftçi” Türkiyəyə üstünlük verdi. Açığı yay aylarında qardaş ölkədə səviyyəli rəqiblər olmur. Nə yaxşı ki, son yoxlama oyunu “Vorskla” ilə oldu. Hava şəraitinə görə bir görüş az keçirilməsi isə yerinə düşmədi. “Neftçi” kimi klub hazırlıq ardıcıllığını nəzərə alaraq adına layiq rəqiblərlə qarşılaşmalıdır. Petrovun da oyun sayının azlığından söz açması yerindədir. Gənc futbolçuların da heyətə qatılmasını nəzərə alsaq, 4-5 yoxlama görüşünün keçirilməsi daha faydalı olardı. Xaricə səfərlərin əsas məqsədlərindən öndə olanı sparrinq qarşılaşmalardır.

Bolqarıstanı seçən “Səbail” özünə görə orta gücdə komandalarla oynadı. Məğlub olsalar da, ən azından çempionatda xeyrini görəcəklər. Vaxtında heyətin yığılmaması isə öz mənfi təsirini göstərəcək. Seleksiya işi zamanında olmalı, transferlər vaxtında həyata keçirilməlidir. Təlim-məşq toplanışlarının məqsədi toplum halında hərtərəfli hazırlıqdır. Belə olmadıqda səfər effektivliyini itirir, ayrı-ayrı vaxtlarda düşərgəyə gələn futbolçulara ümumi planda məşqlər keçmək çətinlik yaradır. Fərdi məşqlərlə ümumi hazırlıq planı pozulmuş olur. Bunlarla yanaşı bu yay klubların ən böyük problemlərindən biri millidə çıxış edən futbolçular olacaq. Çempionat bitər-bitməz, Yurçeviçin iki həftəlik üzücü toplanışı, fiasko məğlubiyyətləri, geri klublarına dönən futbolçulara təsirsiz ötüşməyəcək. Futbolçuların qırıq-qırıq istirahəti, fiziki, psixoloji yüklənmələri klub məşqçilərinin işini ağırlaşdırıb. İlk mərhələdə zəif rəqiblər olsa da, növbəti oyunlarda milli futbolçuların çıxışlarında geriləmə baş versə, təəccüblü olmayacaq. Üstəgəl də əsas futbolçuların zədəli olması, onların hazırlığı çətin rəqiblərlə oyunlarda özünü göstərə bilər.

 

- Klublarımızın transfer fəallığı bir mütəxəssis kimi sizi razı saldımı?

 

- Azərbaycan futbolunda transferlərlə bağlı qəribə tendensiya müşahidə edilir. Sanki liqamızda elə səviyyədə legionerlər çıxış edir ki, onlar uğrunda amansız “mübarizə” gedir. Çempionatımız elə gücdə deyil ki, belə hallar yaşansın. Əksinə, ildən-ilə geri gedir, klublar dağılır, zəifləyir. Daxili bazarda əcnəbi transferlər istisna ola bilər. İndi isə təəssüf ki, kütləvi hal yaşanır. Təbii, bunun da öz səbəbləri var. Əksər klublarda son illərdəki transferlər o qədər uğursuz alınıb ki, iş yerlərini itirmək qorxusundan, məsuliyyətdən qaçmaq istəyindən digər klublardakı əcnəbilərə üstünlük verilir. Klub rəhbərliyində təmsil olunanların böyük ölçüdə futboldan xəbərsiz olmaları, nəzarətsizliyin, tələbkarlığın aşağı olması məşqçi və funksionerlərin əl-qolunu açıb. Əgər əvvəlki illərdə 10-a yaxın klubun maliyyə imkanları həddindən artıq geniş idisə, 100 minlik futbolçuları 300-500 minə klublara sırınırdısa, indi maksimum 2-3 komandanın Azərbaycan şərtlərinə uyğun normal büdcələri var. Orta, baha qiymətə gətirilən səviyyəsiz legionerlər dərhal gözə girir. 90 faiz klublarda hər 6 aydan bir legionerlərin bir çoxu məcburiyyətdən göndərilir, dəyişdirilir. Təzyiqlərdən sığortalanmaq üçün hazır, yerli legioner “materiala” üz tutulur. Hətta 7-8 il öncə gətirdiyimiz legionerlər yenidən komandalara transfer olunur. Belə durum tək legionerlərlə bağlı deyil, yerli futbolçuların qıtlığı da özünü göstərir. Onsuz da 8 komandadır. Eyni futbolçular bir mövsüm bir klubda, növbəti il başqa komandalarda çıxış edirlər. “Qarabağ” stabil heyətə malik olsa da, hədəflərə uyğun hər il daha da güclənməlidir. Ötən mövsüm bir çox uğursuz transferlərdən sonra klubu Halldersson, Kuba kimi ödənişli futbolçular tərk edib. Reynaldo və başqaları özlərini doğrulda bilmədilər, Delarj hələ ki, yük kimi klubun boynundadı. Son illərin davamlı qrup nailiyyətləri, qazanılan milyonlar bunları sığortalayır. Nəhəng klubların qarşısına çıxmaq üçünsə səviyyəli legionerlər lazımdır. Belələrinin qiyməti baha olur, digər tərəfdən də zəif, azarkeşsiz, polşalı futbolçunun sözü olmasın, ”meqa zəif”, boş tribunalı çempionata gəlmək istəmirlər. Orta legionerlər isə “Qarabağ”ın indiki səviyyəsinə uyğun deyil. “Neftçi”dən tanış olan Aylton gətirildi. Komanda nə qədər təcrübəli olsa da, müdafiənin mərkəzinə və qolçu futbolçu-legionerə ehtiyac duyulur. Rəşad Sadıqova 2-3 cəbhədə davamlı, eyni səviyyədə çıxış etməsi çətin olar. Bədavi-Rahil tandemi ağır Avropa oyunlarının yükünü qaldırmaqda çətinlik çəkər. Yerli futbolçu baxımından da yetərincə problemlər var. Qara Qarayevdən sonra əsas heyətdə möhkəmlənən klubun öz yetirməsi yoxdur. Çıxış etmiş və bu gün komandada oynayan futbolçular əsasən “Neftçi”, “Bakı”, “İnter”ın yetirmələridir. “Qarabağ” kimi klub bu boşluğu mütləq aradan qaldırmalıdır. “Neftçi”nin transfer siyasəti dünyanı gəzib sonda Qəbələyə üz tutmaqdır. “Neftçi” böyük klubdur və tarixi komandada belə duruma yol verilməməlidir. O qədər uğursuz legionerlər gətirilib ki, artıq kluba məsullar özlərini sığortalayırlar. Kütləvi şəkildə “işlənmiş materiallar” “Neftçi”yə gətirilməməlidir. “Neftçi” balanslaşdırılmış heyətə sahib deyil. Eyni mövqeyə 2-3 yerli, əcnəbi futbolçular olduğu halda, digər mövqelərdə boşluqlar açıq hiss edilir. Dabo zədəli, Mirabdulla Abbasov göndərildi. Hücumda hələ ki bir Rauf Əliyevin ümidinə qalınıb. “Neftçi” kimi klubun isə hədəfi birmənalı qruplardır. Dayaq bölgəsində, müdafiənin sağ-solunda ötən ilki problemlər qalmaqdadır. Yerli futbolçularla, daha doğrusu klubun öz yetirmələrinə olan münasibət isə futbol cinayətidir. İstedadlı futbolçular didərgin salınır, kluba aid olmayan, ruhunu bilməyən orta, daha aşağı səviyyəli yerli futbolçular komandaya cəlb olunur. Artıq 4-5 ildir bu “strategiya” davam edir. Hazırda “Neftçi”dən göndərilmiş öz yetirmələrini bir araya yığsan, hətta legionersiz belə çempionluğa oynaya biləcək komanda formalaşar. Klubdan qovulan futbolçuların əksəriyyəti 18-22 yaşlarında “Neftçi”də çempionluqlar, kuboklar qazanan oyunçulardı. Onlarda uşaqlıqdan “Neftçi”də çıxış edərək çempionluq ruhu formalaşıb. Bir səviyyəli futbolçunun yetişməsi üçün illər lazımdır. Təəssüf ki, Qurban Qurbanovun övladı Musa Qurbanlı da göndərilib. 10-12 yaşından klubda daimi diqqətimizdə saxlanılırdı. Tək perspektiv deyil, eyni zamanda “Neftçi” nüfuzunun göstəricisi, müsbət ictimai rəyin formalaşması, rəqiblərə, elə “Qarabağ”ın özünə belə psixoloji təzyiq idi. “Neftçi” o qədər böyük klubdur ki, “Qarabağ”ın baş məşqçisinin övladı da "Neftçi"də yetişir. İstər meydanda, istərsə klub nüfuzunda bunların hamısından “Neftçi”ni məhrum ediblər. “Səbail” yeni klubdur, hədəfləri legioner almaq yox, ilk növbədə struktura, uşaq futboluna, yerli futbolçuların yetişməsinə yönəlməlidir. Bu gün əgər baş məşqçi A. Hacıyev transferlərin gec gəlməsindən şikayət edirsə, bu klub sistemində işlərin heç də yüksək qurulmamasının göstəricisidir. Qeyd olunanlar tənqid deyil, mövcud durumun real təhlilidir. Azərbaycan çempionatının səviyyəsinə, qiymətinə uyğun oynaya biləcək 1000 yox, on minlərlə legioner futbolçu var. Düzgün seçim edildiyi, məsuliyyətin, nəzarətin olduğu, şəxsi maraqlar deyil, klub, nəticələr düşünüldüyü halda yeni adlar ölkə futboluna gətirmək mümkündür və belə də olmalıdır. Seleksiya işində 5-dən 4-ü, minimum 3-ü səviyyəli futbolçu çıxırsa, bu əla, yaxşı göstərici sayılır. Komandanın nəticələri əsasən klubda heyətin düzgün qurulmasından, seleksiyanın keyfiyyətindən asılıdır.

 

 

- Çempionlar Liqasında yenə “Qarabağ”la təmsil olunacağıq. Bu il nə gözləmək olar bu klubdan?

- "Qarabağ" artıq çox böyük təcrübə toplamış, davamlı Avropa nəhəngləri ilə qarşılaşan, qruplar oynayan komandadır. Rəqib münasibdir, ağdamlılardan güclü deyil. “Qarabağ” ənənəvi olaraq hazırlıq prosesini elə qurur ki, 4-5 oyundan sonra gücünü bərpa edir, pley-off mərhələsinə pik formada yaxınlaşır. Bu baxımdan ilk oyunlarda mərhələlər həmişə olduğu kimi təcrübə, ustalıq hesabına keçilməlidir. Ən çox narahatlıq yaradan məqam qeyd etdiyim kimi millinin futbolçularıdır. Sirr deyil ki, yığmanın özəyini “Qarabağ”ın futbolçuları təşkil edir. Demək olar ki, fasiləsiz, fiziki, psixoloji yüklənmələrlə çıxış edəcəklər. Belədə oyunçularda eniş yaşana və yorğunluq fonunda zədə halları çoxala bilər. Eyni zamanda çempionatın zəifliyi, rəqabətsizliyi də gec-tez özünü göstərə bilər. UEFA-nın şərtləri nə qədər sərtləşsə də, hədəf bəllidir, ÇL-in qrupu, alınmasa, minimum Avroliqa qrupu. Son çempionatda əzmkarlıq, prinsipiallıq göstərərək yenidən zirvəni qorumaqları “Qarabağ” üçün əlavə psixoloji stimuldur.

 

- Bəs Avroliqadakı 3 təmsilçimizin şansları necədir?

 

- “Neftçi” qrup yolunu düşünməlidir. Bunun üçün klubun maliyyə dayaqları, istənilən şəraiti var. Təəssüf ki, nə rəhbərlik, nə baş məşqçi Bordin, nə də ki futbolçular nəinki qruplar, heç pley-off adı çəkməyə çəkinirlər. “Neftçi” kimi klubun başqa hədəfi ola bilməz. Onun rəqibi “Sperantsa”nı izləmişəm. Bilirsiz ki, Moldovoda çempionat davam edir. Birmənalı bildirirəm, müstəqillik illərimizdə “Neftçi” tarixində avrokuboklarda hələ belə zəif rəqib olmayıb. Öz ölkələrində 8 komanda arasında autsayderlər sırasında olması da buna sübutdur. Bizim çempionatda çıxış edən ən zəif komanda belə “Sperantsa”dan 2-3 dəfə güclüdür. Ötən mövsüm “Uypeşt” moldavanlardan 5 yox, 10 qat güclü komandadır. Rəqib o qədər zəifdi ki, futbolçularımız gərək meydanda dayansın ki, “Sperantsa” maksimum heç-heçə edə bilsin. Reytinq xallarının düzəlməsi üçün məqam yaranıb, hər iki oyunda qələbə qazanılmalıdır. Sual oluna bilər ki, rəqib bu qədər zəifdisə, “Neftçi” niyə belə ehtiyatlı davranır. “Neftçi” heç kimdən çəkinməməlidir. Klub bizə doğma komandadır, qeyd etdiklərim tənqid deyil, ötən mövsümün səhvlərinin təkrar olunmaması üçündür. “Neftçi”də adına layiq qələbə ruhu olmalıdır. “Çempion olmalıydıq”, “az qalmışdıq çempion olaq”, “yeni mövsümdə “Qarabağ”ı saxlamağa çalışacağıq” kimi rəhbərlikdən, məşqçilərdən tutmuş futbolçulara qədər belə fikirlər kənara qoyulmalıdır. Fanat, azarkeşlər “Neftçi”nin çempionluq ruhunu qoruyub saxladıqları kimi klubdakılar nümunə götürsünlər. Məğlub psixologiya ilə zirvələr fəth edilə bilməz. Moldova klubu keçirilsə, “Arsenal”la qarşılaşacağıq. Rusiya "Arsenal"ı qorxunc komanda deyil. Daha güclü, daha çətin rəqiblər düşə bilərdi. “Arsenal” orta səviyyəli komandadır. Belə rəqibləri keçmədən qruplar ola bilməz. "Neftçi" 2-ci mərhələdə də rəqibi keçmək iqtidarındadır.

"Səbail" Avroliqaya tam hazır deyil. Heyətin formalaşmaması, təcrübənin olmaması, hazırlıq oyunlarında rəqib qapısına bir topun belə vurulmaması və digər amillərin olması nikbinlik yaratmır. Üstəgəl Rumıniya çempionluğunu hədəfləyən rəqib. “Səbail”ın nisbətən şansı heyətdəki Avroliqa, qrup təcrübəsi görmüş futbolçuların olmasıdır. Əgər komanda fiziki, taktiki, psixoloji hazır olarsa, əzmkarlıq göstərib, sona kimi mübarizə aparıb sürprizə imza atmaq olar. Bir daha vurğulayım, “Səbail” kimi komandaların vəzifəsi əsasən yerli futbolçuların yetişdirilməsi olmalıdır.

Çempionat bitən kimi “Qəbələ”ni nəinki legionerlər, təcrübəli yerlilərlə öz yetirmələri də tərk etmiş oldu. İkinci mərhələdən yarışa qatılacaq “Qəbələ” rəqibini gözləyir. Böyük ehtimalla qonşu gürcülər ola bilər. Yaxşıya ümid edək, sürpriz nəticələr gözləyək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1563
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar