İAM-ın statistik təhlili hakim təyinatlarına təsir etdi - <span style="color:red;">ETİRAF
11 mart 2014 19:00 (UTC +04:00)

İAM-ın statistik təhlili hakim təyinatlarına təsir etdi - ETİRAF

0

Xaqani Məmmədov: “Fariz Yusifovu həmin cədvəllə tanışlıqdan sonra “Qarabağ”ın oyununa təyin etdik”

 

Topaz Premyer Liqasının son turları üçün hakim təyinatlarına ilk 20 turun 100 oyununa dair İdman Araşdırmalar Mərkəzinin statistik təhlili böyük təsir göstərib. Bu barədə AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Lent.az-a etiraf edib.

 

O bildirib ki, məhz statistik təhlillə tanışlıqdan sonra Fariz Yusifovun bu mövsümdə ilk dəfə “Qarabağ”ın oyununa referi kimi təyinatı gerçəkləşib: “Açığı, məndə hakim təyinatlarının statistikası yox idi. Amma ilk 20 turu idarə edənlərlə bağlı İAM-ın hazırladığı baş hakimlər siyahısına baxandan sonra gördüm ki, doğrudan da Yusifov “Qarabağ”ın oyununu idarə etməyib. Bu səbəbdən, qış fasiləsindən sonra – 23-cü turda Yusifovu “Qarabağ”ın oyununa təyin etdik və yenə də edəcəyik. O, sırf təsadüf nəticəsində Ağdam komandasının oyunlarından kənarda qalmışdı”.

 

Yusifov 4-cü turdan sonra “Xəzər Lənkəran”ın da oyunlarına təyinat almayıb. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bunu klub prezidenti Mais Mənsimovun xahişi ilə əlaqələndirib. Amma Məmmədov bildirib ki, keçmiş FİFA referisinin yenidən Lənkəran komandasının oyununu idarə edəcəyi istisna deyil: “Dünyanın heç bir yerində hansısa klubun narazılığı hakim təyinatına təsir etməməlidir. Bəlkə də bir şey olub. Amma yəqin ki, biz onu aradan qaldıracağıq. Hər bir hakimi hara lazımdırsa, ora da təyin edəcəyik. Yusifovun yenidən “Xəzər Lənkəran”ın oyununu idarə edəcəyi istisna deyil”.

 

İAM-ın hazırladığı statistik təhlildə ilk 20 turda cəmi 11 referinin xidmətindən istifadə olunduğu göstərilib. Onlardan 10-u kişi, 1-i isə qadın baş hakim olub. 22-ci turda bu siyahıya Alik Yunusov da əlavə olunub. Üstəlik, Əliyar Ağayev, Rəhim Həsənov, Orxan Məmmədov, Fariz Yusifov, Vüsal Əliyev və Rauf Cabbarovla müqayisədə Ramil Diniyev, Elvin Əsgərov, Ömər Paşayev, Ramil Əhmədov və Səbayel Qurbanovaya çox az təyinat verilib.

 

Məmmədov bu məsələyə belə münasibət bildirib: “Qış fasiləsindən sonra gənc referilərə təyinatları çoxaltmışıq. Ömər Paşayev artıq 5 oyun idarə edib. Təyinatlardan 4-ünü ona son 7 turda vermişik. Bizim gənc referilərdən Ramil Əhmədova böyük ümidlərimiz var idi. Amma zədələnərək, sıradan çıxdı. Nəzərimizdə 2 gənc referi də var. Yəqin ki, yaxın vaxtlarda onları da sınaqdan çıxaracağıq. Səbayel Qurbanova Premyer Liqada 1 oyunun baş hakimi olub. Amma qadın referiləri daha çox I diviziona və əvəzedici heyətlərin oyunlarına göndəririk, Premyer Liqa qarşılaşmalarını isə idarə etmələrinə o qədər də ehtiyac görmürük”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 681

Oxşar yazılar