Azərbaycan milli komandası futzal üzrə Avropa çempionatında mübarizəni qrup mərhələsindəcə dayandırıb. Lent.az-ın məlumatına görə, Belçikanın Antverpen şəhərindəki “Lotto Arena” idman kompleksində İtaliya yığması ilə qarşılaşan millimiz 0:7 hesabı ilə məğlub olub.
Yığmamızın qapısına qollardan 2-ni rəqib komandanın əsas və ehtiyat qolkiperləri vurub. Bu, baş məşqçi Joze Alesio Da Silvanın fərqi azaltmaq üçün qapıçı mövqeyinə meydan oyunçusu buraxdığı zaman baş verib.
Millimizin yer aldığı C qrupundakı hər üç komandanın aktivində 3 xal olsa da, vurulan və buraxılan topların nisbətinə əsasən İtaliya yığması 1-ci, Sloveniya futzalçıları isə 2-ci yeri tutaraq 1/4 final mərhələsinə vəsiqə qazanıb.
İtaliya ilə oyundan sonra Joze Alesio çox məyus olduqlarını bildirib: “Komandamızın növbəti mərhələyə çıxmaq potensialı var idi. Məğlubiyyətdə bütün komanda günahkardır. İlk növbədə də mən. Belə vəziyyətdə məğlub olmaq çox üzücüdür. I hissədə buraxdığımız 3 səhvdən sonra qapımızda eyni sayda qol gördük. Daha sonra risk etməyə başladıq və səhvlər çoxalmağa başladı. Avropa çempionatını belə tez tərk etməməli idik”.