Olimpiya çempionumuz Şərif Şərifov final yolunda son rəqibi dünya və Avropa çempionu, həmçinin "Bakı-2015" Avropa Oyunlarının qalibi Abdulrəşid Sadulayev (Rusiya) olub. "Rus tankı" ləqəbli güclü rəqibi ilə mübarizədə Şərifin gücü yalnız 1 xal almağa çatıb. 1:8 hesabı ilə uduzan idmançımız mübarizəni bürünc medal uğrunda davam etdirəcək.
18:32
Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov 1/4 finalda Polşa təmsilçisi Mateus Baranovski ilə qarşılaşıb. Polşalı güləşçi də həmyerlimizə ciddi müqavimət göstərə bilməyib. Nəticədə görüşü 7:0 hesablı üstünlüklə tamamlayan Şərifov adını yarımfinala yazdırıb.
Ən ağır çəkidə çıxış edən Cəmaləddin Məhəmmədov da turnirə 1/8 finaldan başlayıb. O, ilk cəhdində ABŞ güləşçisi Tervel Dlaqnevlə münasibətlərinə aydınlıq gətirib. İlk hissəni cərimə xalı hesabına öndə tamamlayan güləşçimiz ikinci hissədə fəallığı artıraraq, daha 4 xal əldə edib. Lakin Cəmaləddin 5:0-lıq üstünlüyü sona qədər qoruya bilməyib. Dlaqnev sona yaxın ardıcıl 6 xal qazanaraq, qalib gəlib və 1/4 finala adlayıb. Məhəmmədov təsəlliverici görüşlərdə iştirak etmək üçün amerikalının finala qədər irəliləməsini gözləməlidi.
Qeyd edək ki, yarışa ilk qoşulan sərbəst güləşçilərimizdən Hacı Əliyevlə (57 kq) Cəbrayıl Həsənov (74 kq) bürünc medal qazanıblar.
17:40
Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.
Lent.az-ın məlumatına görə, yarışda 86 kiloqram çəki dərəcəsində çıxış edən Olimpiya çempionumuz Çin idmançısı Bi Şenqfenq ilə qarşılaşıb. Rəqibini məğlub edən Şərif Şərifov dörddəbir finala yüksəlib.
Güləşçimizin dörddəbir final mərhələsindəki rəqibi müəyyənləşib. Yarımfinala gedən yolda güləşçimiz Polşa idmançısı Zbiqnev Mateus Baranovski ilə qarşılaşacaq.
16:20
Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edəcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının daha iki üzvü mübarizəyə start verəcək.
Belə ki, 86 kq çəki dərəcəsində çıxış edən Şərif Şərifov və 125 kq-da ölkəmizi təmsil edən Cəmaləddin Məhəmmədov medallar uğrunda yarışacaqlar.
Sərbəst güləş
86 kq
Olimpiya çempionumuz Şərif Şərifov turnirə 1/8 finaldan start verəcək. Londondakı uğurunu təkrarlamaq arzusunda olan milliləşdirilmiş legionerimiz birinci görüşünü çinli Şenqfenq Biyə qarşı keçirəcək. Qarşılaşma saat 17:25-də başlayacaq.
Əgər o, 1/4 finala yüksələrsə, yarımfinal üçün Mateus Baranovski (Polşa) - Sandro Aminaşvili (Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.
125 kq
Ən ağır çəkidə çıxış edən Cəmaləddin Məhəmmədov da turnirə 1/8 finaldan başlayacaq. O, ilk cəhdində ABŞ güləşçisi Tervel Dlaqnevi sınağa çəkəcək. Qarşılaşma saat 17:45-də start götürəcək.
Pəhləvanımız bu rəqibini geridə qoya bilsə, Robert Baran (Polşa) - Ayal Lazarev (Qırğızıstan) cütünün qalibi ilə qüvvəsini sınayacaq.
Qeyd edək ki, yarışa ilk qoşulan sərbəst güləşçilərimizdən Hacı Əliyevlə (57 kq) Cəbrayıl Həsənov (74 kq) bürünc medal qazanıblar.