“3 saatdır burdayam, növbəm hələ çatmayıb. İstədiyim sektorlara biletlər tükənib. Ən pisi də odur ki, bir nəfər azı 10 bilet alır”. Bu sözləri bizə kassanın qarşısında Tural adlı azarkeş deyir.
Həqiqətən də, Avropa liqasında qrup mərhələsinin son oyununda, Milan “İnter”i ilə qarşılaşmaya maraq o qədər böyükdür ki, Tofiq Bəhrəmov adına stadionun qarşısında əməlli izdihamdır. “Qarabağ”ın ölüm-dirim savaşına çıxacağı oyuna 2 gün qalmasına baxmayaraq artıq bilet həyəcanı yaşanır. Lent.az-ın əməkdaşının verdiyi məlumata görə, 2 və 3 manatlıq biletlər artıq satılıb. Kassada 5 və 10 manatlıq biletlər qalıb. “Qarabağ” klubunun rəsmləri biletləri stadionun kassalarına hissə-hissə verir. Sabah satışda 1 manatlıq biletlərdə olacaq. Kassaların qarşısındakı dəmir sədləri keçib ən ucuz biletlərə sahib olmaq isə əməlli mübarizə tələb edir.
Əli adlı azarkeş də bir adama 10 ədəddən çox bilet almasından şikayətlənir. “Mən Türkiyədə tələbə həyatı yaşamışam. Orada “Fənərbağça”nın oyunlarına getmişəm. Şükrü Saracoğlu stadionunda bir şəxsə ən çox 3 bilet verilir və bununla da “qara bazar”ın qarşısı alınır. Burda klub rəhbərliyi nə qədər də desə, kassalardakılar səhlənkarlıq edir. Sanki “qara bazarla” şərik işləyirlər. Səhərdən burdayam, hələ bilet ala bilməmişəm”.
Qeyd edək ki, “Qarabağ” - “İnter” oyunu dekabrın 11-i, Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək. Matçın start fiti 21-00-da çalınacaq.
Onu da qeyd edək, komandaların İtaliyadakı qarşılaşmasında 2-0 hesabı ilə “İnter” qalib gəlib.