“Bakı” klubunun hücumçusu Rauf Əliyevin apasport.az saytına müsahibəsi
- “Xəzər Lənkəran” sizi heyətinə qatmaqda maraqlıdır...
- Bilirsiniz, mənə təklif gələ bilər, amma məxsus olduğum klub var. Komandanın bir araya gəlməsini gözləyirik. Yəqin ki, rəhbərlik futbolçular haqqında qərarını açıqlayacaq.
- “Xəzər Lənkəran” sizə təklif göndərib?
- Bəli, məni komandada görmək istəyirlər. Lakin azad futbolçu deyiləm və “Bakı”ya məxsusam. Ona görə də bu qərarı mən verməyəcəm.
- “Ağ-yaşıl” formada oynamağa razısınız?
- Gələcəkdə hər şey ola bilər. Sadəcə, indi bu barədə ona görə danışa bilmirəm ki, “Bakı” klubundan heç bir xəbər yoxdur. Nə rəhbərlik, nə də baş məşqçi bizimlə əlaqə saxlayıb. Nə olacağını bilmirik.
- Futbolçular fasiləyə yollandıqdan sonra heç kim sizinlə əlaqə saxlamayıb?
- Xeyr. Sadəcə, mövsümün sonunda dedilər ki, iyunun 25-də toplanış olacaq.
- “Bakı” ilə 6 aylıq müqaviləniz qalıb?
- Bəli.
- Mətbuatda yazılanlara görə, “Bakı” transferiniz müqabilində “Xəzər Lənkəran”dan 500 min dollar pul istəyib...
- 500 min dollar? Xəbərim yoxdur. Hər şey ola bilər. “Bakı”ya məxsusam. Klub rəhbərliyi mənə nə desə, onu etməliyəm.
- Maaşlarınız hələ də verilmir?
- Hələ pul almamışıq. İnanıram ki, maaş problemi tezliklə həll olunacaq. Gözləyirik.
- “Bakı” klubunun dağılacağı və ya gələn mövsüm daha çox gənclərlə oynayacağı deyilir...
- İnanmıram ki, komanda birdən-birə bütövlüklə gəncləşdirmə siyasətinə keçsin. Çünki bu elə klubdur ki, hər zaman iddiası olub. Gözlənilmədən iddiasız bir kluba çevrilə bilməz.