<b>Azərbaycan çempionatını daha iki klub tərk edə bilər </b>- <span style="color:red;">AÇIQLAMA
02 fevral 2018 14:00 (UTC +04:00)

Azərbaycan çempionatını daha iki klub tərk edə bilər - AÇIQLAMA

0

 

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Antalyada mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, o, “Miracle” otelində azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb.

 

- Təlim-məşq toplanışı artıq neçə ildi ənənəyi çevrilib. Bunu da AFFA rəhbərliyi yaradıb. Bilirsiz ki, toplanışda hakimlərimizin idarə etdikləri oyun sayı mövsümdəki matç sayına bərabər olur. Ümumilikdə hakimlərimiz 74 oyun idarə ediblər. Məqsəd odu ki, onlar fiziki göstəricilərini artırsınlar və hansısa klubun haqqı tapdalanmasın. Klubların da işləri ilə maraqlanırıq, ancaq müdaxilə etmirik. Ona görə maraqlanırıq ki, sabah hansısa iradlarını eşidəndə biz də öz fikirlərimizi bildirək. Klublarla bağlı yetərincə məlumatlarımız var. Hakimlər hər gün səhər saat 7-də müəllimlərini gözləyirlər.

 

- Fariz Yusifov toplanışda iştirak etmirdi. Halbuki çempionatda əsas oyunlar ona həvalə edilir...

- Bir dəfə bir oyuna baxırdıq. Əli müəllim dedi ki, Xaqani Məmmədov meydanda oturaraq oyun idarə etsəydi, bundan yaxşı idarə edərdi. Fariz müəllim də peşəkar hakimdi, idmanla məşğuldu. Onun peşəkarlığına şübhə ola bilməz. İnanıram ki, yenə ümidlərimizi doğruldacaq. Keçən mövsümdə ən ağır oyunlarda o, idarəçilik edib.

 

- “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədovla aranızda soyuqluq yarandığı haqda xəbərlər yayılıb. Onun görüşmək cəhdlərinə razılıq vermədiyiniz bildirilir...

- SSRİ vaxtında bir insan kommunist partiyasına qəbul olunanda 3 nəfər onun namizədliyinə zamin durmalı idi. Mən də Tərlan Əhmədovun “Neftçi”yə gedişinə zamin durmuşam. Tərlan gözəl məşqçi, gözəl insandı. Amma çıxışımın əvvəlində dedim ki, klubların nə işlə məşğul olması haqda məlumatımız var. Mənə deyildi ki, Tərlan vaxtınının çoxunu klubdan kənarda keçirir. Mən də bu səbəbdən ona iradımı bildirdim, dedim ki, axı sənə zamin durmuşam. Yəni sadəcə, incimişəm. Amma Tərlan yaxşı məşqçidi, onun xasiyyətinə bələdəm. Bilirəm ki, Tərlana cavab verməməyim onu yerindən tərpədəcək.

 

- Hakimlərin hazırda necə formada olduğunu bilirsiz. Qış fasiləsindən sonra “Qarabağ” və “Qəbələ” arasında keçiriləcək oyuna kimi layiq görürsüz?

- Bu günə qədər hansı hakimin hansı oyuna getməsi ilə bağlı istəyimi irəli sürməmişəm. Halbuki, müqavilə əsasında bunu etməyə ixtiyarım var. Çempionatı keçirən qurum rəhbəri kimi, məndə məlumatlar olur. İradlarımı bildirməyə ixtiyarım var. Amma deyə bilmərəm ki, Əlini yox, Vəlini qoy. Sadəcə, iradlarımı bildirə bilərəm. “Qarabağ” və “Qəbələ” arasındakı oyun çempionluğun taleyini həll etmir. Hələ qarşıda neçə tur olacaq. Rauf Cabbarov, Fariz Yusifov, Əliyar Ağayev və digər hakimlərimiz də bu matça təyinat ala bilər. Rövşən Əhmədovun oğlu hazırda hakimlik edir. Çox gözəl uşaqdı, amma ona atası mane olur. Çünki Rövşən tələsir. O, istəyir ki, uşaq birdən-birə yetişsin. Hər şeyin vaxtı var. Rövşənin oğlu Rəşad Əhmədov bu gün artıq hazırdı. İnanıram ki, həmin oyunu ona versək, gözəl idarə edə bilər. Sadəcə, Rəşada mənim kimi insan dəstək verməlidi. Mən də buna hazıram.

 

- Çempionatın qalan hissəsindəki mübarizəni necə qiymətləndirirsiz? Sizcə, çempion kim olacaq?

- Çempionun kim olacağını deyə bilmərəm. Yoldaşlıq görüşlərində komandalarımızın uduzması onların zəifliyi demək deyil. “Səbail”in matçında oldum. Gördüm ki, baş məşqçi bəzi futbolçuların mövqeyini dəyişib. Bunu Qurban Qurbanovun özündə də görmüşəm. Bu il daha çox 3-4-cü yerlər uğrunda çox böyük mübarizə gedəcək. Elə burdan səslənirəm ki, Xaqani müəllim, sən də hazırlaş (gülür).

 

- I divizionla bağlı hansı fikirdəsiz? Aşağı dəstədən Premyer Liqaya komanda çıxacaqmı?

- “Xəzər” klubu çox xoşuma gəldi. Orda iddialı komandalarımız var. Mənim üçün I divizion çox önəmlidi. İstərdim ki, şəxsi büdcəsi ilə maliyyələşən klublarımız daha çox olsun. Amma elə klubumuz var ki, deyir çempionata sal, sonra şərtlərə cavab verərik. Bir-iki dəfə bu səhvə yol verdik, sonra peşman olduq. Buna yol verməmək üçün çempionata mövsümün sonuna qədər oynayacaq komandaları buraxırıq. Antalyada “Xəzər” rəhbərliyi ilə söhbətimiz oldu. Dedilər ki, gələ bilərik. Niyə də gəlməsinlər, biz də buna razıyıq. Onu da deyim ki, I divizionda növbəti çempionat tamam fərqli olacaq. Cari mövsüm başa çatana qədər daha 1-2 klub çempionatı tərk edə bilər. Artıq bəzilərinin izinə düşmüşük. Məlumatlarımız öz təsdiqini tapmaq üzrədi. Özü də elə klublardı ki, rəhbərləri böyük danışırlar.

 

- Millinin Moldova ilə oyunu haqda fikriniz necədi?

- Yeni futbolçular gördüm. Bəzi oyunçuları vaxtilə görməmişdik, bu dəfə gördük. Millinin də toplanışı idi. Qurban müəllim gənc futbolçulardan istifadə etməyi bacarır. İnanıram ki, tez bir zamanda yığma komandalarımız da azarkeşlərini sevindirəcəklər. Millinin oyununda bir nəfər yoldaşı gördüm. Bakıdan birbaşa Antalyaya yığmanın matçına baxmaq üçün gəlmişdi. Özü də iş-güc adamı idi. Bir də balaca uşaqları gördüm, onlar da milliyə dəstək verdilər.

 

- Gürcüstan futbolunda komandaların əvəzedici heyətləri və bir neçə aşağı yaş qrupları ləğv olunub. Bizdə də belə bir sistem tətbiq oluna bilərmi?

- Bu addımın müsbət olub-olmayacağını hələ bilmirik. Amma gör-götür dünyasıdı. Futbol komandaları nə qədər çox yarışlarda iştirak edərlərsə, bir o qədər yaxşıdı. Gürcülər cəmi 3 aşağı yaş qrupu saxlayacaqlar. Məncə, bu, yanlış fikirdi. Hər yaş qrupunun öz çempionatı olmalıdı. Bilirsiz ki, PFL yaranana qədər bizdə əvəzedicilərin çempionatı ləğv olunmuşdu. Biz onu bərpa etdik. Əvəzedici heyəti ləğv etmək yox, başqa planımız var. O gün Rəşad Sadıqov bura gəlmişdi. Söhbət etdik, ümumi bir fikir irəli sürdük. Onu bu gün açıqlamaq istəmirəm. Amma çox bəyəndim, yaxşı fikirdi. Əgər icra edə bilsək, hamımızın ürəyincə olacaq. Sadəcə, klubların razılığı olmalıdı.

 

- Klublarımızın maddi cəhətdən əvvəlki illərə qayıtmaq imkanı varmı?

- Şükür Allaha, vəziyyətimiz bu gün yaxşıdı. Məncə, əvvəlkindən də yaxşı olacaq. Bu gün klublarımızın əksəriyyəti daha çox keyfiyyətə üstünlük verir.

 

- PFL sosial layihələrlə bağlı vaxtilə çox hərəkətli idi. Qurum yenə bu baxımdan aktivləşəcəkmi?

- Klublarımızın vəziyyəti düzəlirsə, inşallah, bizim də vəziyyətimiz düzələr (gülür). Əvvəl klublarımızın vəziyyəti yaxşı olmadığı üçün borc məsələsində onları çox sıxa bilmirdik. Vəziyyət normaldı. Amma klublarımızdan borclarımızı ala bilsək, vəziyyət daha da yaxşılaşacaq.

 

- İki futbolçu ömürlük uzaqlaşdırılandan sonra başqa sanksiyalar olmadı...

- Hər birimizin bir məqsədi var: təmizlik, düzgünlük olsun. Baş katib Elxan Məmmədov da bunu istəyir. Oyunçularla bağlı vəziyyətdə sakitlik deyil. İşlər gedir. AFFA və PFL birgə çalışır. Hər şey məxfidi. Açıqlasaq, işin gedişinə mane ola bilər.

 

- Növbəti mövsümdə Premyer Liqada 8-dən çox komanda olacaqmı?

- Klublarımızın vəziyyəti yaxşıdı. Bu il Antalyaya 8 klubun hamısı gəldi. I diviziondan Premyer Liqaya gəlmək istəyənlərə maneə törətməyəcəyik. Əgər maddi durumları imkan verərsə, dəstək olmaq bizim borcumuzdu. AFFA-nın prezidenti Rövnəq Abdullayev demişkən, gəldilər, qoymadıq? “Xəzər” və “Binə” müraciət edib. Hər şey ola bilər. Amma indidən konkret söz deyə bilmərəm. Təki gələn il Premyer Liqada 12 komanda olsun.

 

- “Araz Naxçıvan”ın Premyer Liqaya qayıtmaq variantı varmı?

- Real danışmaq lazımdı. Naxçıvan blokada şəklindədi. Bu yaxınlarda eşitdim ki, oraya qatarla gedib-gəlmək bərpa olacaq. Əgər bu baş versə, məncə komanda qayıda bilər. Həm də digər klubların Naxçıvana getmək imkanları da yaranar. “Arax Naxçıvan”ın istəyi var, amma ümumi vəziyyət indiki durumda buna imkan vermir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 409

Oxşar yazılar