"“Borussiya”nın bu mövsümkü çıxışı rəhbərliyi qane edir. Komanda həm Bundesliqada, həm də Avropa Liqasında iddiasını ortaya qoya bilib”. Apasport.az saytının məlumatına görə, bunu Dortmund “Borussiya”sının icraçı direktoru Hans-Yoahim Vatske deyib.
Avropa Liqasında C qrupuna başçılıq edən Almaniya klubu bu gün IV tur çərçivəsində təmsilçimiz “Qəbələ”ni qəbul edəcək. “Borussiya” qalib gələrsə, 1/16 final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edə bilər.
İcraçı direktor da rəhbərliyin komandadan bunu gözlədiyini söyləyib: “Növbəti qələbə sayəsində komandamız xallarının xayını 10-a çatdırmış olar. Bu isə qrupda işin böyük hissəsini görmək anlamına gəlir. Çox yaxşı mövsüm keçiririk və ardıcıl qələbələri sıralayırıq. Komandamızın həmin seriyanı bu gün də davam etdirməsini istəyirik. Baş məşqçimiz Tomas Tuhel kollektivi qısa müddətdə toparlamağı bacardı və artıq həm Avropa Liqasını, həm də Bundesliqanı qazanmaq barədə düşünürük”.
Qeyd edək ki, “Siqnal İduna Park”da keçiriləcək “Borussiya” – “Qəbələ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.