Slovakiyalı məşqçi: “Ermənilərin torpaqlarınızın 20 faizini işğal altında saxlamasından xəbərdaram”
Bakının “Rəvan” komandasının fiziki hazırlıq üzrə yeni məşqçisi Rastislav Svitski futbol klubunun rəsmi saytına müsahibə verib. Lent.az 2002-ci ildə Preşov Universitetinin "Humanitar və Tibb elmləri" ixtisası üzrə doktor elmi dərəcəsi alan mütəxəssislə müsahibəni təqdim edir:
- "Rəvan”a gəlişiniz necə oldu?
- Bildiyiniz kimi, Slovakiyanın köklü klublarından olan "Koşitse”də çalışırdım. İlin sonuna yaxın menecerim zəng eləyib Azərbaycandan təklif olduğunu, komandanın Premyer Liqada mübarizə apardığını söylədi. 8 il eyni komandada işlədiyimdən dəyişikliyə ehtiyac duyurdum. Çünki uzun müddət eyni yerdə işlədikdən sonra özüm üçün yeni çağırış axtarırdım. Ancaq Slovakiyanı da tərk etmək istəmirdim. Çünki ailəm var. Bu üzdən menecerimə ilk cavabım "yox” oldu. Ancaq klubun vitse-prezidenti Bəhruz Şirəliyevlə danışdıqdan sonra fikrimi dəyişdim. O məni bura gəlməyə inandıra bildi. Komandanın hazırkı durumda mənə ehtiyacının olduğunu söylədi. Bir qədər maraqlandıqdan sonra komandaya həqiqətən xeyir verə biləcəyimi anladım. Ona görə də indi qarşınızdayam (gülür).
- "Rəvan”a yeni nə verə bilərsiniz?
- Artıq bir həftəyə yaxındı ki, komanda ilə işləyirəm. Ona görə də futbolçuları az-çox tanıyıram. Onlar peşəkardır. Sadəcə, işlərinə tam konsentrasiya olmalarına yardım edəcəyəm. İstəyirəm hətta ehtiyatda qalan futbolçular da komandaya kömək etməyə 100 faiz hazır olsun. Üstəlik, futbolçuların meydanda 50-60 dəqiqə yox, lazım gələrsə 120 dəqiqə yüksək tempdə oynamasına, yüksək səviyyədə mübarizə aparmasına çalışacağam. Bu, bəlkə də mənim üçün əsas hədəf olacaq. Çünki fiziki hazırlığa mən cavabdehlik daşıyıram. Baş məşqçi ilə bu barədə söhbətimiz olub, o komandanı fiziki cəhətdən yükləməyimə mane olmur. Məncə, işbirliyimiz uğurlu olacaq. Bir-birimizi əla başa düşürük.
- Futbolçuları fiziki cəhətdən yükləməklə nəyə nail olmaq istəyirsiniz?
- Cari mövsümün yerdə qalan bölümündə onları yeni iş üslubuma alışdıracağam. Yeni mövsüm isə tam fərqli komanda görəcəksiz. Futbolçuların maksimum potensialını bilməklə optimal səviyyə müəyyənləşdirəcəyəm. Komandanın mexanizm kimi işləməsinə çalışacağam. 3-4 ay sonra fərqi özünüz hiss edəcəksiniz.
- Baş məşqçidən danışdınız. Bildiyiniz kimi, Ramil Əliyev gəncdir. Bu barədə nə deyərdiniz?
- Mənim üçün məşqçinin gənc olması problem deyil. Əksinə, onun futbolçular arasındakı nüfuzu məni valeh etdi. Bir də ki indi bütün dünyada gənc məşqçilərə etimad göstərilməsi dəbdədir. O, məşqlərə yenilik gətirir. Üstəlik, gənc mütəxəssislər indiki günümüzlə ayaqlaşmağa çalışır, internetden, yeni sistemlərdən yararlanır, öz üzərində çox çalışır. Köhnə futbol adamları isə sanki belə yeniliyə biganə qalır. 20-30 il əvvəl işlətdiyi metodları indiki dövrdə də tətbiq etməyə səy göstərir. Məncə, bu yanlış yanaşmadır. Çünki indi bütün idman növləri daha sürətli olub. Əvvəlki yanaşma ilə işə uyğunlaşmaq düzgün deyil.
- Ümumiyyətlə, buna qədər Azərbaycan, onun futbolu barədə məlumatınız var idi?
- Bəli, var idi. Bəzi komandalarınızın avrokubokların təsnifat mərhələsində az-çox uğurlu çıxış etdiyini bilirdim. Düzdü, adları tam yadımda qalmayıb, amma bir klubunuz hətta Avropa Liqasında qrup mərhələsinə də vəsiqə qazanmışdı. Fikirləşdim ki, belə çempionatda işləməyə dəyər. Yəni "Rəvan”a yardım edə bilərəm. Yeni yaranmış komandadır, qarşıdakı illərdə avrokuboklara qatılmaq uğrunda mübarizə aparmağa tam qadirdir. Azərbaycan futbolu da gündən-günə inkişaf edir.
- Bəs ölkə kimi Azərbaycan haqda nə bilirdiz?
- Burda vaxtilə problem olduğuna oxumuşdum. Dağlıq Qarabağ problemini deyirəm. Ermənilərin Azərbaycan torpaqlarını işğal etdiyini öyrənmişdim. Hətta ermənilərin torpaqlarınızın 20 faizini işğal altında saxladığını da bilirəm. Hava limanından mehmanxanaya qədər olan yolda gördüklərim isə məni yaxşı mənada təəccübləndirdi. Bakı çox inkişaf etmiş şəhər təsiri bağışlayır. Hiss edirəm ki, tədricən Avropaya uyğunlaşma gedir. Məncə, bu əladır. Yaxın gələcəkdə paytaxtınızın və ölkənizin daha da gözəlləşəcəyinə əminəm.
- DÇ-2002-nin seçmə turnirində Azərbaycan millisi Slovakiya ilə oynamışdı. 2001-ci ilin yayında Bakıda sizin milliyə 2:0 hesabı ilə qalib gəlmişdik. Həmin oyunu xatırlayırsınız?
- Xeyr xatırlamıram. Amma evdəki oyunda sizin millini məğlub etdiyimizi bilirəm. Məni düzgün başa düşün, eyni zamanda həm futbol, həm həndbol, həm də basketbol komandalarında işləmişəm. Ona görə də bu idman növlərinin hamısı ilə dərindən maraqlana bilmərəm. Yalnız nəticələrə fikir vermişəm. Buna görə də yalnız qələbə qazandığınızı bilirəm.
- CV-nizlə yaxından tanış olduqda lap uşaq yaşlarından idmana meyilli olduğunuz görünür. Bu nə ilə bağlıdır, bəlkə ailədən gələn, irsi xüsusiyyətdir?
- Bəli, düz qeyd etdiniz, ailəvi maraqla bağlıdır. Atam baytarlıq universitetində dosent olsa da, işdən sonra tez-tez bodibildinqlə məşğul olurdu. Özü də şagirdləri var idi. Belədə məndə də maraq yarandı. İlk vaxtlar hokkeylə, futbolla, ağır atletika ilə məşğul olsam da, sonradan yüngül atletikaya meyl saldım. Buna görə də idman məktəbində, sonra da Bratislavadakı Komenski Universitetində təhsil aldım. O vaxtlar dostlarım arasında peşəkar idmançılar çox idi. Onlar fərqli idman növləri ilə məşğul olurdu. Boş vaxtlarımızda birgə məşq edirdik, yarışırdıq. Özləri də bildirirdi ki, mənimlə məşq etməklə daha hazırlıqlı olurlar. Bu üzdən sonradan müxtəlif idman növlərində çalışa bildim.
- Maraqlıdır ki, çalışdığınız ilk komanda basketbol kollektivi olub. Bəs necə oldu ki, futbola gəldiniz?
- Belə deyim də. İdman növləri fərqli olsa da, fiziki hazırlıq üzrə məşqçinin işi demək olar eyni olur. Yəni komanda üzvlərini maksimum dərəcədə yüklənməyə alışdırmaq. Başqa sözlə, oxşar cəhətlər çoxdur. Hazırlığın 50 faizi praktiki olaraq eynidir. Yalnız 50 faizlik iş idman növündən asılı olaraq dəyişir. Futbola gəlişim isə 2005-ci ilə təsadüf edir. "Koşitse”nin Yozef Yokişiç adlı meneceri mənə zəng vurub klubda aşağı yaş qrupları üzrə komandalarda fiziki hazırlığın səviyyəsini qaldırmağın zəruriliyini söylədi. Maraqlandım, razılaşdım.
- Koşitsedə işlədiyiniz dönəmdə komandadan hansısa ulduz futbolçu çıxıb?
- Mən "Koşitse”də fəaliyyətə aşağı yaş qrupları üzrə komandalarda başlamışam. U-19 komandamız Slovakiya çempionu olduqdan sonra futbolçuların əksəriyyəti əsas komandaya getdi. İlk vaxtlar müəyyən problemlər oldu, 2 il əziyyət çəkdilər. Sonra gənc futbolçular komandaya alışdı, tədricən uğurlu çıxış oldu. İndi komanda çempionatda 4-cü pillədədir. Mənim dövrümdə komandada parlayanların əksəriyyəti indi Praqa "Slaviya”sındadır. Ancaq bir futbolçu daha məşhurdur. Bu, Nemanya Matiçdi. O iki il bizimlə olub. "Koşitse”dən "Çelsi”yə keçmişdi, indi isə "Benfikada top qovur. Albert Rusnak adlı futbolçu isə hazırda "Mançester Siti”nin futbol akademiyasındadır. Rusnakın 13-14 yaşı olanda ona fərdi məşqlər keçmişəm.
- Evlisiniz?
- Xeyr, hazırda evli deyiləm. Sabiq həyat yoldaşımla boşanmışıq. Məşqçi işinin çətinliyi, daim səfərlərdə olmağımız ailəni qorumağımıza mane oldu. Ancaq boşansaq da, normal münasibətlərimiz var. Sabiq həyat yoldaşımla bir-birimizi əla başa düşürük.
- Bəs uşağınız var?
- 7 yaşlı oğlum var. Artıq 1-ci sinfə gedir.
- O da idmançı olacaq?
- Bunu çox istəyirəm. Ancaq hansı idman növünü seçəcəyini bilmirəm. Axı "Koşitse”də yalnız futbol və hokkey üzrə bölmələr var. Bu üzdən qonşu şəhərlərə getməli olurduq bəzən. Hal-hazırda gimnastika və akrobatika ilə məşğul olur.
- Onu bura gətirmək istəmirsiniz?
- Niyə də yox? Ola bilsin yayda 2-3 aylığa istirahətə gəldi. Bəlkə də sabiq həyat yoldaşımla birgə onları Bakıya gətirdim. Sənəd üzərində oğlum anasının himayəsində olsa da, onunla tez-tez görüşürdüm. Məşqlərdə, yarışlarda bir yerdə olurduq.
- Artıq Bakımızla yaxından tanış olmaq imkanı əldə etmisiz?
- Tam deməzdim. Çünki məşqlər və yoxlama oyunları demək olar bütün vaxtımı alır. Üstəlik, məşqdə yeniliklər tətbiq etmək üzərində çalışıram. Bir sözlə, elə də vaxtım olmayıb ki, şəhəri rahat gəzim və doyunca ona tamaşa edim. Yalnız gecelər dənizkənarı parkda tez-tez oluram. Bulvar əladır.
- Gördüklərinizə əsasən Bakı haqda nə deyə bilərsiz?
- Şəhər çox gözəldir, buna söz ola bilməz. Ancaq yaşayış səviyyəsi arasındakı fərqlər məni çaşdırdı. Axı bir yandan böyük villalar, digər yandan da aztəminatlı ailələrin qaldığı şəraitsizliyi görürəm. Bəzilərinin bahalı maşınlarda gəzdiyini, bəzilərinin isə avtobus dalınca qaçdığını görmüşəm. Bizdə - Slovakiyada belə fərq yoxdur. Hamının yaşayış səviyyəsi demək olar, eynidir.
- Müasir futbolun özəllikləri barədə nə deyə bilərsiniz?
- Futbolda da başqa idman növləri kimi sürət artımı baş verib. İndi ani qərarlar qəbul etmək bacarığı çox vacibdir. Üstəlik, fiziki hazırlığın da önəmi artıb. Komandaların arasındakı səviyyə fərqi getdikcə azalmaqdadır. Maliyyə ”feyr-pley”i işə düşəndən sonra fərq bir az da azalacaq.
- Avropa futbolunu yaxından izləyirsiniz?
- Bəli.
- Bəs hansı komandalara azarkeşlik edirsiz?
- Oyununu xoşladığım 3-4 komanda var. Bunlar ”Mançester Siti”, ”Benfika”, ”Bavariya”dır. Təbii ki, ”Koşitse”nin də qəlbimdə özəl yeri var.
- ”Barselona”nı bəyənmirsiniz?
- Bu haqda məndən Slovakiyada da çox soruşublar. ”Barselona” özünəməxsus oyun üslubu ilə seçilən komandadır. Ancaq mənə İngiltərə futbolu daha yaxındır. Çünki atletik mübarizə fonunda daim yüksək rəqabət müşahidə olunur.