“Neftçi”nin yeni transferləri danışdı
01 fevral 2010 10:30 (UTC +04:00)

“Neftçi”nin yeni transferləri danışdı

“Mən “İnter”də Azərbaycan çempionu və mükafatçısı olmuşam. “Neftçi”yə keçid mənim üçün çətin qərar oldu”.


Lent.az-ın məlumatına görə, bu fikirləri bu gün keçirilən təqdimat mərasimində “Neftçi” komandasının yeni futbolçusu Cavid Hüseynov deyib.


Azərbaycan millisində də çıxış edən yarımmüdafiəçi digər klublardan daha sərfəli təkliflər almasına baxmayaraq, məhz flaqmana üstünlük verdiyini bildirib. O, seçimini “Neftçi”nin adı və klub prezidenti Sadıq Sadıqovla əlaqələndirib.


“Neftçi”də əvvəllər də çıxış etmiş Valeri Abramidze isə zarafata üstünlük verib. Onun fikrincə, əvvəlki “Neftçi” ilə indiki arasındakı fərq yalnız geyim firmalarındadır: “Əvvəllər biz “Lotto”nun formasını geyinirdik, indi isə “Adidas”ın”.



Gürcüstanlı müdafiəçi məqsədlərinin Unibank Premyer Liqasında “ilk 6”lığa düşməkdən ibarət olduğunu söyləyib. O, bir komanda kimi mövsümün ikinci yarısına hazır olduqlarını və əsas heyətdə kimin meydançaya çıxmasının baş məşqçi Vaqif Sadıqovun seçimindən asılı olduğunu vurğulayıb.


Moldova yığmasının hücumçusu Sergey Alekseyev bir çox həmyerlisinin də ölkəmizdə çıxış etdiyini xatırladıb. Onun sözlərinə görə, həmyerliləri buradakı şəraitdən razıdırlar: “Mən də “Neftçi” barədə eşitmişdim. “Xəzər-Lənkəran”a isə 2 il öncə “MDB və Baltikyanı ölkə çempionlarının Birlik Kuboku”nda penaltilər seriyasında uduzduq. Həmin vaxt mən “Şerif”də çıxış edirdim”.


“Sovet dövründə Azərbaycan futbolu “Neftçi” demək idi. İndi isə bu komandada bir neçə dostum oynayır”. Bu fikirləri isə Estoniya milli komandasında da çıxış edən hücumçu Vladimir Voskoboynikov deyib.

27 yaşlı forvard ölkəmizə gələnədək Azərbaycan yığmasının Rusiya ilə 2010-cu il dünya çempionatının seçmə qrup matçını izlədiyini bildirib. Onun sözlərinə görə, futbolumuzu çox yaxşı gələcək gözləyir: “Burada çox istedadlı gənc futbolçular oynayır. Mən onlarda bir perspektiv görürəm”.

“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov isə Voskoboynikovun hələ 2007-ci ildə flaqmana transferinin baş tutmamasını futbolçunun o vaxtkı klubu – Moskva “Torpedo”sunun son dərəcə böyük məbləğ istəməsi ilə əlaqələndirib.

Elşən
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 776

Oxşar yazılar