Vaqif Cavadov Azərbaycanı tərk etdi
26 yanvar 2010 10:30 (UTC +04:00)

Vaqif Cavadov Azərbaycanı tərk etdi

Ağdamın “Qarabağ” klubundan Hollandiyanın “Tvente” komandasına keçən Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadov bu gün Bakını tərk edib.


Bu haqda Lent.az-a 21 yaşlı hücumçunun atası Füzuli Cavadov məlumat verib. Füzuli Cavadov oğlunu yenicə Heydər Əliyev Beynəlxalq Hava Limanından Türkiyənin paytaxtı Ankaraya yola saldığını bildirib. Onun sözlərinə görə, oğlu üçün Hollandiyaya viza məhz Ankarada açılacaq: “Hollandiyadan bizimlə əlaqə saxlayaraq, bildirdilər ki, Vaqif Cavadova viza bu ölkənin Türkiyədəki səfirliyindən veriləcək. Çünki Hollandiyanın Azərbaycanda nümayəndəliyi yoxdur. Vaqif Ankarada viza alaraq, “zambaqlar ölkəsi”nə yollanacaq”.


Hələlik Vaqif Cavadov ailə üzvlərini Hollandiyaya apara bilməyib. Bu isə dəvətin yalnız futbolçunun özünə gəlməsi ilə əlaqədardır. Lakin Füzuli Cavadov yaxın günlərdə ailəliklə övladının yanına yollanacaqlarına ümidvar olduğunu bildirib.

Qeyd edək ki, Vaqif Cavadov “Tvente” ilə 3,5 illik müqavilə bağlayıb.
# 817

Oxşar yazılar