“Güləşçilərimiz İrəvanda əsgər kimi döyüşməyə hazırdır”
16 yanvar 2010 11:00 (UTC +04:00)

“Güləşçilərimiz İrəvanda əsgər kimi döyüşməyə hazırdır”

Bu sözləri Lent.az-a açıqlamasında Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov deyib.


Cəfərov bildirib ki, yunan-Roma güləşi üzrə milli komandamızın fevralın 13-də Ermənistanın paytaxtı İrəvanda start götürəcək Dünya Kubokuna qatılıb-qatılmaması özündən asılı məsələ deyil. Bununla belə, təcrübəli mütəxəssis nüfuzlu yarışa yollanmağa hər zaman hazır olduqlarını vurğulayıb: “Güləşçilərimiz gecə-gündüz məşq edirlər. Onlar əsgər kimidirlər. Hər zaman əmrə hazırdırlar. Göstəriş verilsə ki, getmək lazımdır, can-başla icra etməyə, Dünya Kubokunda döyüşməyə hazırdırlar”.


Qeyd edək ki, iki gün davam edəcək Dünya Kuboku Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində keçiriləcək. Yarışa Rusiya, Gürcüstan, Türkiyə, Macarıstan, İran və Kuba yığmalarının qatılacağı dəqiqləşib. Milli komandamız isə ötən il dünya çempionatında ümumi hesabda 3-cü yeri tutduğu üçün Dünya Kubokuna vəsiqəni təmin edib.

Elşən Məmmədov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1604

Oxşar yazılar