Ötən gün axşam saatlarında erməni silahlı bölmələrinin Tovuz rayonunun sərhəd kəndlərini atəşə tutması nəticəsində biri azyaşlı uşaq olmaqla, 3 nəfər yaralanıb.
Tovuz Rayon Mərkəzi Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, güllə yarası alan rayonun Əlibəyli kənd sakinləridir.
Onlardan 45 yaşlı, 3 uşaq anası Əliyeva Ənayət Totan qızı yaşadığı evin qapısı ağzında qəlpə yarası alıb.
Digər kənd sakini, 72 yaşlı Nağıyeva Qaraqız Qara qızı sağ ayağının 3 və 4-cü barmağını dəlib keçən güllə yarası, onun nəvəsi, 5 yaşlı Nağıyeva Nurcan Osman qızı isə ayağından qəlpə yarası alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin stabil olduğu bildirilir.
Məlumata görə, saat 18-dən başlayan atışma saat 23 radələrinə kimi davam edib.
***
10.09
Tovuzun Ermənistanla həmsərhəd olan 3 kəndində atışma baş verib. Lent.az-ın “Türkel TV”yə (TTV) istinadən xəbərinə görə, Ermənistan silahlı qüvvələri Tovuzun Əlibəyli, Hacallı və Koxanəbi kəndlərini atəşə tutub. Atışma iyulun 19-da, saat 18.00 radələrində başlayıb. Təxminən 5 saat davam edən atışma zamanı Əlibəyli kənd sakini Ənayət Əliyeva yaralanaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
46 yaşlı qadını evə atılan iriçaplı gülənin yaratdığı qəlpələr yaralayıb. Üç yerindən - ayağından, qolundan və qarın boşluğundan yaralanan Ənayət Əliyevanın vəziyyəti stabildir.
Sakinlər ermənilərin kəndi iriçaplı silahlardan, ara-sıra isə partladıcı təyinatlı silahlardan atəşə tutduğunu deyirlər.
Düşmənin xain həmləsinə Silahlı Qüvvələrimiz layiqli cavabı verib. Kəndlərdə vəziyyət stabildir.