Sürücü və avtomobil sahibləri üçün vacib <span style="color:red;">XƏBƏR
26 fevral 2014 11:30 (UTC +04:00)

Sürücü və avtomobil sahibləri üçün vacib XƏBƏR

0

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və avtomobil sahiblərinə müraciət edib.  Lent.az-ın idarənin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə bağlı müraciətdə bildirilir:

Nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsində vətəndaş məmnunluğunun təmin edilməsi, rahatlığın əldə olunması məqsədi ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa bir sıra əlavə və dəyişikliklər edilib, istehsal ilindən asılı olaraq nəqliyyat vasitələrinin texniki baxışa təqdim olunma müddətləri barədə normativ sənədlərdə müvafiq dəyişikliklər aparılıb, Bakı şəhərində, eləcə də regionlarda müasir standartlara uyğun texniki baxış mərkəzləri yaradılıb. Belə ki, mövcud qanunvericiliyin tələblərinə əsasən respublikada qeydiyyatda olan mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları istehsal olunduqları vaxtdan dörd il keçdikdə iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə ildə bir dəfə texniki baxışa cəlb olunurlar. Avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə isə istehsal olunduqları vaxtdan bir il keçdikdə ildə bir dəfə texniki baxış keçirilir.

Məlumat üçün bildiririk ki, mexaniki nəqliyyat vasitələrinin sürücüləri və ya sahibləri

* istehsal ili 2003-cü ilədək (2003-cü il daxil olmaqla), 2005-ci, 2007-ci, 2009-cu illər olan minik avtomobillərini;

* istehsal müddəti 2012-ci ilədək olan (2012-ci il daxil olmaqla) avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələri və təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrini 2014-cü ildə yanvar ayının 1-dən oktyabr ayının 31-dək dövlət texniki baxışının keçirilməsi üçün təqdim etməlidirlər.

Nəqliyyat vasitələrinin markaları nəzərə alınmaqla texniki baxış müddəti aşağıdakı kimi müəyyən edilmişdir;

“VAZ”, Qaz”, “Moskviç”, “ZAZ”, “UAZ” markalı və digər MDB istehsalı olan minik avtomobilləri üçün:

01 yanvardan 01 maya qədər;

Xarici dövlətlərdə və onların baza modelləri əsasında MDB-də istehsal olunan minik avtomobilləri üçün:

01 maydan 01 avqusta qədər;

Yük avtomobilləri və avtobuslar üçün:

01 sentyabrdan 31 oktyabra qədər.

Avtomotonəqliyyat vasitələrinə texniki baxış nəqliyyat vasitəsinin qeydiyyat yerindən asılı olmayaraq sahibinin istəyinə uyğun Baş DYP İdarəsinin Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən müasir avdanlıq və ölçü cihazları ilə təchiz edilmiş texniki

müayinə mərkəzində və ya respublikanın digər rayonlarındakı regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində həftənin bütün günləri, fasiləsiz olaraq, keçirilir.

Texniki baxışdan keçmiş hər bir nəqliyyat vasitəsinə texniki baxış talonu verilir. Nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan şəxs, ona məxsus nəqliyyat vasitələrini həmin talonda müəyyən edilmiş vaxtdan gec olmayaraq (təqdim olunma ili texniki baxış talonunun üz hissəsində iri şriftli rəqəmlərlə, müddətin son tarixi isə talonun üzərində dəlik vasitəsilə qeyd olunur) növbəti dövlət texniki baxışına saz vəziyyətdə təqdim etməyə borcludur.

Azərbaycan Respublikasında ilkin qeydiyyata alınan nəqliyyat vasitələrinə buraxılış ilindən asılı olaraq bildiriş talonları verilir ki, bu da həmin nəqliyyat vasitəsinin növbəti texniki baxışa tədim olunma müddətini bildirməklə yollarda lüzumsuz saxlanılmasının qarşısını almaq məqsədi daşıyır.

Hər iki talon içəri tərəfdən avtomobilin qabaq şüşəsinin aşağı sağ küncünə hər iki tərəfdən 15 sm məsafədə yapışdırılmalıdır.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 154.1 maddəsinin tələbinə müvafiq olaraq, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən müəyyən edilmiş qaydada və müddətdə (müddətin son tarixi texniki baxış talonunun üzərində dəlik vasitəsilə qeyd olunur) nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəxslər 50 manat miqdarında, vəzifəli şəxslər 100 manat miqdarında, hüquqi şəxslər 300 manat miqdarında cərimə edilirlər.

Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda 10 gün ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu müddət ərzində şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. Qeyd olunan müddət ərzində həmin nəqliyyat vasitəsinin texniki baxışdan keçirilmədən idarə edilməsinə görə fiziki, vəzifəli və hüquqi şəxslər təkrar məsuliyyətə cəlb olunurlar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 8501

Oxşar yazılar