Bakı şəhərinin Səbail rayonunda tapılan naməlum kişi meyitinin şəxsiyyəti müəyyənləşib. Lent.az xəbər verir ki, Üzeyir Hacıbəyli küçəsində binanın həyətində meyiti tapılan şəxsin paytaxt sakini, 1974-cü il təvəllüdlü Payevnin Dmitri Vladimiroviç olduğu müəyyənləşib. Onun xeyli müddətdir ki, küçələrdə yaşadığı və xəstəlikdən öldüyü məlum olub.
*****
4 yanvar
Dünən Səbail rayonunun Ü.Hacıbəyov küçəsindəki yaşayış binalarının həyətində təxminən 35-40 yaşlarında olan naməlum kişi meyiti aşkar edilib.
Lent.az-a Daxili İşlər Nazirliyindən daxil olan məlumata görə, onun xarakterik əlamətləri belədir: boyu 170 santimetr, arıq bədən quruluşlu, sarı saçlı, gözləri yaşıl, sinəsinin sol hissəsində alova bənzər döymə, sol biləyinin nəbz hissəsində isə “SGR” yazıları olan döymələr, əynində qara cins şalvar, qara gödəkçə, sarı və qırmızı zolaqları olan jaket və qara idman ayaqqabısı var.
Nazirlik vətəndaşlara müraciət edir: "Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Səbail Rayon Polis İdarəsinə (012) 437-02-02, 39-cu Polis Bölməsinə 498-02-02, həmçinin (050) 636-60-60, (055) 344-24-64, (055) 271-08-08 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur".