Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu Füzuli İsgəndərovu qətlə yetirməkdə təqsirləndirilən Xalidə İsgəndərovanın cinayət işi üzrə proses keçirilib..
Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Xalidə İsgəndərova son söz deyib.
O, ərini öldürmədiyini, günahsız olduğunu söyləyib:
"Mənim tək günahım sağ qalmağımdır. Mən ərimi öldürməmişəm. Əksinə ona kömək etmişəm. Xahiş edirəm ki, qanun necə tələb edirsə, elə də ədalətli qərar verilsin. Artıq deyəcək sözüm yoxdur"- deyə təqsirləndirilən şəxs bildirib".
Qeyd edək ki, prokuror çıxışında təqsirləndirilən qadına 18 il 6 ay cəza istəyib.
Xatırladaq ki, məlum hadisə ötən ilin sentyabrında törədilib. F.İsgəndərov evinin yanında, qarajının önündə 19 bıçaq zərbəsi vurulmaqla amansızlıqla qətlə yetirilib. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.
Qeyd edək ki, qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, həmçinin Azərbaycanın sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.