İyulun 31-də respublika daxili işlər orqanlarının cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov daxili işlər orqanlarının 2013-cü ilin 6 ayında da qanunla müəyyən edilmiş funksiyaları layiqincə yerinə yetirdiyini, kriminogen durumun nəzarətdə saxlanıldığını vurğulayıb.
Qeyd edilib ki, 6 ay ərzində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində müasir informasiya texnologiyalarının praktiki tətbiqi davamlı olub və texniki vasitələrlə müəyyən edilən inzibati xətaların sayı 2012-ci ilin anoloji dövrü ilə müqayisədə 3 dəfə artıb. Ümumilikdə, ötən ilin 6 ayına nisbətdə 52 faiz çox və ya 683.430 müvafiq qayda pozuntusu müəyyən edilib. Bu vacib işin müsbət nəticələrindən biri də piyadaların avtomobillə vurulması hadisələrinin 2 dəfə azalması olub. Digər tərəfdən, baş vermiş yol-nəqliyyat hadisələrinin 33,3 faizinin sürət həddinin aşılması, 32,3 faizinin qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə, 9,5 faizinin yolayrıcılarının keçilməsi qaydalarının pozulması, 3,1 faizi nəqliyyat vasitəsinin sərxoş halda idarə olunması nəticəsində baş verdiyini bildirən nazir müavini həmin inzibati xətalarla bağlı adekvat tədbirlərin görülməsinin zəruriliyini diqqətə çatdırıb. Bildirilib ki, prezident seçkisi ilində qarşıda duran vacib vəzifələrdən olan vətəndaşlara şəxsiyyəti təsdiq edən sənədlərin verilməsi işi də ciddi nəzarətdə saxlanılıb. Hesabat dövründə 201.153 nəfər ümumvətəndaş pasportu, 571.703 nəfər şəxsiyyət vəsiqəsi ilə təmin edilib. Analoji iş Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin «ASAN» xidmət mərkəzlərində də həyata keçirilib.
Nazir müavini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə və qəbuluna xüsusi diqqət göstərmək və həssas yanaşmaq barədə tələb və tapşırıqlarının icrasının da məqsədyönlü surətdə davam etdirildiyini və cari ilin birinci yarısında 21009, o cümlədən elektron poçt ünvanına daxil olmuş 4449 ərizə və şikayətin araşdırıldığını, bütün müraciətlər üzrə obyektiv və qanunauyğun qərarların qəbul edildiyini, təşəbbüskarların yazılı məlumatlandırıldığını vurğulayıb. Bildirilib ki, Nazirliyin rəhbərliyi və struktur xidmətləri tərəfindən aparatda və respublikanın bölgələrində ötən ilin müvafiq dövrü ilə müqayisədə 914 nəfər çox, yəni 2414 vətəndaş qəbul edilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb. Məruzəçi Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı sayəsində şəxsi heyətin yüksək tələblərə cavab verən şəraitdə xidmətinin təşkili, orqan və hissələrin yeni informasiya texnologiyaları ilə təchizatı ilə bağlı görülən işlər barədə də ətraflı məlumat verib. Məruzəətrafı çıxışlarda Nazirliyin ayrı-ayrı struktur qurumlarının və şəhər, rayon polis orqanlarının rəisləri görülmüş işlər, mövcud nöqsanların aradan qaldırılması üzrə tədbirlər və qarşıda duran vəzifələr barədə məlumat veriblər.
İclasa yekun vuran general-polkovnik Ramil Usubov əməliyyat-xidməti fəaliyyətin bütövlükdə qənaətbəxş olduğunu, qanunla müəyyən edilmiş vəzifələrin layiqincə yerinə yetirildiyini, habelə cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi tədbirlərində, xüsusi əməliyyatlarda əməkdaşların və hərbi qulluqçuların yüksək peşəkarlığı, mütəşəkkilliyi ilə fərqləndiyini, eləcə də digər hüquq-mühafizə orqanları ilə birgə ölkədə daxili sabitliyin və asayişin qorunması işinin hazırda da uğurla davam etdirildiyini bildirib. Şəxsi heyətin fədakar əməyinin dövlət başçısı cənab İlham Əliyev tərəfindən növbəti dəfə yüksək qiymətləndirildiyini də Kollegiya iştirakçılarının diqqətinə çatdıran nazir prezidentin xüsusi diqqət və qayğısına cavab olaraq əməkdaşların qanunla müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsinə daha böyük məsuliyyətlə yanaşmasını tələb edib. Həmçinin, vətəndaşların müraciətlərinə baxılması, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının qorunması, peşəkarlığın artırılması kimi mühüm məsələlərlə bağlı qarşıda duran vəzifələri müəyyənləşdirib. General-polkovnik Ramil Usubov cari il iyulun 2-də ölkə prezidenti İlham Əliyevin daxili işlər orqanlarının cəmiyyətdə daha çox hörmət qazanmasının, insanlara daim diqqət və qayğı göstərməsinin, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə ön sıralarda olmasının vacibliyi barədə göstərişlərinin nazirliyin aparatında, onun orqan və hissələrində gələcək fəaliyyət proqramı kimi qəbul edildiyini diqqətə çatdırıb və bununla əlaqədar Kollegiya iclasının qərarında təsbit olunmuş vəzifələrin icrasına dair tapşırıqlar verib. Daxili işlər naziri əmin olduğunu bildirib ki, şəxsi heyət cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin təmin edilməsi sahəsində qanunla müəyyən olunmuş funksiyaları, prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, sabitliyi, əmin-amanlığı, dövlətin və vətəndaşların qanuni mənafelərini etibarlı qoruyacaq.