Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını qətlə yetirməkdə təqsirləndirilən 17 nəfərlik dəstə - Nurəddin Xəlilov, Müşfiq Mikayılov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Lent.az məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib. Dövlət ittihamçısı çıxışa hazır olmadığı üçün məhkəmə iyunun 6-na təyin edilib. Həmin gün prokuror çıxış edəcək.
Qeyd edək ki, ittihama əsasən, 2014-cü il noyabrın 24-də Qəbələ şəhər sakini olan iş adamı Vahid Vahabovun yaşadığı evdə meyiti tapılıb. Müəyyən edilib ki, Vahid Vahabovun qonşusu Coşqun Kərimbəyli onun imkanlı şəxs olduğu barədə yaxın dostları, radikal ekstremist yönümlü dini təriqət üzvləri olan əvvəllər məhkum edilən Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Rəşad Həşimli və Əhməd Kərimova məlumat verib. Onlar külli miqdarda pul və qızıl - zinət əşyalarını ələ keçirmək məqsədilə Vahid Vahabovun evinə basqın ediblər, odlu silahla onu öldürüblər, həyat yoldaşına müxtəlif dərəcəli xəsarətlər yetiriblər. İstintaq hərəkətləri nəticəsində dəstə üzvlərinin daha bir neçə şəxsin evinə quldurluq yolu ilə basqın etdikləri də məlum olub.