Bakıda qonşusunu bıçaqlamaqda təqsirləndirilən Məhərrəmov Quliyevin cinayət işi üzrə məhkəmə davam edib. Lent.az-ın məlumatınq görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış edərək M. Quliyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
M. Quliyevin vəkili çıxış edərək müvəkkilinin məcburi köçkün ailəsi olması, dayısı və əmisinin Qarabağ müharibəsində şəhid olmasını nəzərə alınmasını istəyib və cinayətin ictimai təhlükəli olmadığını bildirərək onun daha yüngül cəzaya məhkum edilməsini xahiş edib.
Proses mayın 25-də davam etdiriləcək.
Qeyd edək ki, M. Quliyev qonşusu və dostu İbrahim Heydərli ilə məhlədə kafedə pivə içiblər. Bu zaman İ. Heydərli M. Quliyevə siqaret çəkməsinə görə irad bildirib və çəkməməsini bildirib. Bu da mübahisəyə səbəb olub. Kafedən çıxan dostlar küçədə söhbətə davam ediblər. Bu zaman M. Quliyev üzərində gəzdirdiyi bıçaqla İ. Heydərlini vurub. Sonra da özü maşınla onu xəstəxanaya aparıb.
İ. Heydərli onu bıçaqlayan M. Quliyevlə barışdığını və şikayəti olmadığını bildirib.