Bakı Apellyasiya Məhkəməsində qanlı cinayət törətməkdə təqsirləndirilən Maarif Babayevin ilkin instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları, apellyasiya şikayətinin dəlilləri araşdırılıb. Məhkəmə baxışı aprelin 8-ə təyin edilib.
Qeyd edək ki, 2015-ci ilin sentyabr ayının 11-də Binə qəsəbəsi Bünyadzadə küçəsində baş verib. 1981-ci il təvəllüdlü Maarif Babayev qəsəbə sakini 1980-ci il təvəllüdlü Rauf Rzayevi bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Babayev tutulub. İlkin məlumatına görə, Maarif Babayev qeyri-rəsmi nigahda yaşadığı qadını Rauf Rzayevlə görüb və onu bıçaqladıqdan sonra avtomobilini götürüb. O, cinayəti qısqanclıq zəminində törətdiyini bildirib.
M.Babayev Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlığa ağır zərbə vurma) və 221-ci (xuliqanlıq), 185-ci (avtomobil başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan ələ keçirmə) maddələri ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda Maarif Babayev 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmlə razılaşmayan müdafiə tərəfi apellyasiya şikayəti veriblər.