Qan içində sevgi, 27 illik həsrət, “məni öldür, get...” - <span style="color:red;">FİLM KİMİ HEKAYƏT  – <span style="color:red;">VI HİSSƏ  - <span style="color:red;">SON  - VİDEO
29 iyul 2019 16:50 (UTC +04:00)

Qan içində sevgi, 27 illik həsrət, “məni öldür, get...” - FİLM KİMİ HEKAYƏTVI HİSSƏ - SON - VİDEO

0

 

Belə deyirlər; sevgidə son yoxdur. Bitən sevgi yoxdur, bitmiş kimi görünən sevgilər vardır. Sevgi bir ürəkdən o biri ürəyə ən qısa yoldu, düzxətli bir yol. Heç bir yerə ani də olsa dönməyən bir yol. Və əgər o yol cəbhə xəttindən keçibsə, illərin, nə illər e, on illərin sınağından çıxıbsa... Əslində, buna sınaq da demək olmaz. Harada sınayacaqdılar ki? 27, hə, düz 27 il idi ki bir-birini itirmişdilər. Amma hər şey belə başlamışdı…

 

(əvvəli: https://lent.az/news/321513)

 

...Bir daha baxır telefonun ekranına. Doğrudanmı bu odur? Tez-tələsik siqaretə əl atır. Əlləri titrəyə - titrəyə mesencerinə yazır: “Salam, Vəfa”.

 

- Oxudu, amma cavab vermədi. Mən bir daha yazdım: “Mənəm, Ülfət”. Yenə oxudu, yenə cavab vermədi.

 

Və nəhayət…

 

Vəfa danışır:

 

- İsrarla yazırdı. Əl çəkmirdi. Sonda cavab verdim. Sadəcə, “salam” yazdım.

 

Bu məqamda bir qədər geriyə qayıtmalı olacağıq.

 

Vəfa müharibədən sonra Gəncədə elmi-tədqiqat institutunda çalışmışdı. Ülfət isə xeyli işə baş vurmuşdu. Amma uzun illərdən sonra təsadüf onları bir dəfə üz-üzə gətirmişdi.

 

Zaman, 1999-cu ilin dekabrı.

 

Həmin vaxt Ülfət “20 yanvar” metrostansiyasında qatara minir. İşdən gəlirmiş. Yorğun imiş. “İnşaatçılar”da, qapılar açılanda birdən gözü o biri vaqondakı qıza sataşır. Dəli kimi “Vəfa!!!” qışqırıb, ora qaçır. Basabasda vaqondan birtəhər çıxır. Amma o biri vaqona çata bilmir. Qapılar bağlanır üzünə…

 

Və ən dəhşətlisi bu da deyil. Ən dəhşətlisi odur ki, təxminən 2011-ci ildən hər ikisi facebook-dadılar. Və bu sosial şəbəkədə dost da olublar. Birinin profilində gül şəkli olub. Digərinkində də tamam başqa bir şəkil. Və bu adamlar illərlə bir-birinə yazdıqlarına rəy bildiriblər, bəyənmə ediblər. Amma...

 

Ülfət danışır:

 

- Yadımda deyil, profilimə nə şəkli qoymuşdum. Soyadım da Cıdıroğlu. Abdullayev kimi yox, məhz Cıdıroğlu. Vəfa isə Əliyeva kimi gedirdi. Haradan biləydim budur. Mən onun  soyadını bilmirdim. Mən isə bilirsənmi profil şəkli yerinə niyə öz şəklimi qoymamışdım? Xırda bir səbəbə görə. Sadəcə, bunu bacarmırdım. Vəssalam.

 

***

 

Zaman: 2018-ci il, Bakı.

 

Vaxtıyla döyüş yoldaşı olmuş Nizami kişinin yas mərasimi imiş. Yas çadırında oturubmuş. Başqa bir döyüş yoldaşı Mərziyə xanım Ülfəti bayıra çağırır.

 

- Mənə dedi ki, bir nəfər “Azadlıq” metrosunun yanındadır, yolu tanımır. Onu bura gətirmək lazımdır. Soruşdum ki, kimdir, mən tanıyan adamdımı? Dedi, hə, Vəfadır. Bir anlıq özümü itirdim. Necə? İnan ki, metronun yanına necə gedib çıxmağım yadımda deyil. O idi. Dəyişməmişdi. Salamlaşdıq. Yas yerinə qədər kəlmə kəsmədik. Telefon nömrəsini götürdüm. Bundan sonra tez-tez zəngləşməyə başladıq.

 

Onlar növbəti dəfə dekabrda görüşürlər. Ülfət qərara alır ki, artıq vaxtdır. Bundan o yana keçmək olmaz.

 

- Mənim bir istəyim vardı. Ailəm olsun, vətənim bütöv olsun. Bu illər ərzində nə ailəm oldu, nə də vətənim bütöv oldu. Amma ürəyim həmişə Vəfanın yanında olub. Görüşəndə elə beləcə də dedim. Dedim ki, həyat bizi çox sınağa çəkdi. Mən baba, sən nənə yaşındasan. Bəlkə sən məni mən istəyəndən də çox istəyirsən. Qayıtdı ki, mən heç nə bilmirəm, heç nə deyə bilmərəm. Zarafatla dedim ki, kim bilir, gedim ona deyim. Dedi ki, mənə vaxt ver.

 

Vəfa:

 

- Qapımıza çox elçi gəlmişdi. Amma həmişə yox demişdim. İndi… İndi isə tərəddüd edirdim. Baxmayın, yaş keçib, görün neçə yaşımız var. Onun 53, mənim 49. Bu yaşda ailə qurmaq istəmirdim. Amma əl çəkmədi. Elə hey israr edirdi. Canımı qurtarmaq üçün razılaşdım (Gülür).

 

Ülfət:

 

- Mən hərtərəfli danışdım Vəfayla. Hətta o məqama kimi ki birdən fikirləşərsən, övladımız olmaz-filan, qəti bu barədə düşünmə. Allah verər, qurban olum, çox yaxşı. Verməz, yenə də Allah bilən məsləhətdir. Bir az fikirləşdi. Sonra üzü güldü.

 

Zaman: 2019-cu il, aprelin 7-si.

Məkan: Samux.

 

Vəfagil Gəncədə yaşasalar da, əslən samuxludurlar. Onların nişanı da məhz Vəfanın ata-baba yurdunda, Samuxda baş tutur.

 

Ülfət danışır ki, nişan barədə çox məhdud dairədə məlumatlıydılar.

 

- Mən maksimum çalışırdım ki, az adam bilsin. Heç toy da istəmirdim.

 

Vəfa:

 

- Əksinə, mən toyda israrlıydım (Gülür). Dedim, gəlin paltarında çıxacam evimizdən.

 

Əvvəl Vəfanın toyu olur. Gəncədə. Özü də toyu hansı günə salsa yaxşıdır? 30 iyun -  Sevgililər Gününə.

 

Ülfət:

 

- Qəsdən bu günə salmışdılar (Gülür). Düzü, onun yanında oturmaq istəmirdim. Utanırdım. Bu yaşla bəy kürsüsündə? Dedim, bəlkə rəfiqələrinlə oturasan? Gördüm, küsdü. Tez razılaşdım.

 

Vəfa:

 

- Yox, toyun 30 iyuna salınması təsadüf idi. Düzdü, Ülfət onu da demişdi ki, ay nə bilim şampan şəlaləsi, fişəng-filan da olmasın. Dedim, hər şey olacaq (Gülür).

 

***

 

Qız toyunu yola verəndən sonra Ülfət bacı və qardaşlarına israr edir ki, oğlan toyu keçirilməsin. Gedib gəlini gətirsinlər, vəssalam. Bu dəfə qardaşı hökm edir: “Get, toya çağıracağın adamların siyahısını tut”.

 

Ülfət:

 

- Mən yalandan yola verirdim ki, hə, yaxşı, tutaram. Qardaşım Məmmədlə aramızda 10 yaş fərq var, məndən böyükdür. Yanında siqaret belə çəkmirəm. Bir gün bacım qayıtdı ki, Məmməd deyir siyahını tutdu? Gördüm, vəziyyət qəlizdir (Gülür). Dedim, yaxşı tuturam. Beləcə, qohum-əqrəba və döyüş yoldaşlarından, yaxın dostlardan ibarət siyahı tutduq. Toyu 1 həftə sonraya, iyulun 7-nə təyin etmək istəyirdik, amma fikrimizi dəyişdik. Çünki Vəfanın toyunda iştirak edən qazi qardaş və bacılarımıza bir həftə ərzində iki dəfə əziyyət vermək istəmirdik. Ona görə də iyulun 12-nə təyin etdik.

 

Toy Şəkidə, Baş Göynük kəndindəki şadlıq evində baş tutur. Keçmiş döyüş yoldaşları həyatda da yoldaş olurlar. Azərbaycanın hər yerindən Ülfət və Vəfanın toyunda iştirak etmək üçün qazilər təşrif buyururlar. Toy salonu Azərbaycan bayraqları ilə bəzədilir. Elə onların oturduğu masanın üstündən də milli bayrağımız asılır. 

 

Ülfət:

 

- Qazilərimizin rəqsinə baxıb, düşünürdüm. İlahi, mən onların çoxunun öz toyunda, hətta övladlarının toyunda belə iştirak etmişəm. Allahın qismətinə bax, deyirdim. Bu nə maraqlı ömür idi yaşamışam. Necə gözəl bir gündür...

 

Vəfa xanımdan soruşuram:

 

- Gözünüzün önündə qazi qardaşlarınız, bacılarınız. Heç o qan-qada, lənətə gəlmiş müharibə yadınıza düşdümü?

 

- Bircə kəlmə deyəcəm. Həmin an xoşbəxt idim.

 

- Bəs gələcək övladınıza ad fikirləşmisiniz?

 

...Bir-birinə baxıb, gülümsəyirlər. Necə xoşbəxtdilər, İlahi…

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 26327

Oxşar yazılar