Sosial şəbəkələrdə paytaxtda qadınlara qənim kəsilən naməlum şəxslə bağlı məlumatlar yayılıb.
Lent.az-ın xəbərinə görə, bildirilir ki, həmin şəxs qadınlara müxtəlif adlarla yaxınlaşır, onlara kəsici alətlə xəsarət yetirib qarət edir.
Mövzu ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsi ilə əlaqə saxladıq.
Bu barədə Lent.az-a danışan Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, faktsız, sübutsuz iddia olunan yazılardan məlumatımız var, müvafiq araşdırma aparılıb.
E.Hacıyev bildirdi ki, sözügedən halla əlaqədar paytaxtın polis orqanlarına hər hansı müraciət daxil olmayıb:
“İddiaların əsası yoxdur, paytaxtda ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı istiqamətində polis üzərinə düşən vəzifələri yerinə yetirir. Əgər kimdə belə fakt varsa, bu barədə polisi dərhal məlumatlandırmağı tövsiyə edirik”.