Yol nəqliyyat hadisəsi törədən sürücü tutulub. Lent.az Baş Prokurorluğa istinadən xəbər verir ki, noyabrın 24-də, saat 14:30 radələrində Neftçala rayon sakini Dabil Mustafayev sürücülük vəsiqəsi olmadan idarə etdiyi atasına məxsus “VAZ 1043” markalı, 47-BD-087 dövlət qeydiyyat nişanlı avtomobillə rayonun Qaçaqkənd-Xəzərkənd yolunda hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 2005-ci il təvəllüdlü Aysel Nəcəfovanı vurub. Nəticədə 10 yaşlı qız aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
Faktla bağlı Neftçala rayon Polis Şöbəsinin İstintaq Qrupunda Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.
D.Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.