Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Beyləqanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 8 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Lent.az-ın Azərtac-a istinadən məlumatına görə, dövlətimizin başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, 120 yerlik körpələr evi-uşaq bağçasının ümumi sahəsi 896 kvadratmetrdir. İkimərtəbəli binada ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uşaqlara diqqət və qayğılarını əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Altı qrup otağının olduğu bağçada uşaqların təlim-tərbiyəsi və onların ilkin biliklərə yiyələnməsi üçün hər cür şərait var. Burada balacalar üçün musiqi və gimnastika, yataq və yemək otaqları yaradılıb və zəruri avadanlıqla təchiz olunub.
Körpələr evi-uşaq bağçasının ərazisində balacaların əylənmələri üçün meydança da qurulub. Bu məktəbəqədər təhsil müəssisəsində 32 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.
17:12
Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 240 şagird yerlik Beyləqan şəhər 8 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib.
Lent.az-ın Azərtac-a istinadən məlumatına görə, Azərbaycan Prezidenti məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, tikintisinə ötən il başlanılan məktəb binasında inşaat işləri yüksək səviyyədə yerinə yetirilib. Ümumi sahəsi 2900 kvadratmetrədək olan məktəbin foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına göstərdikləri diqqət və qayğını, həmçinin bu rayona səfərlərini əks etdirən fotolardan ibarət guşələr qurulub.
Müasir sinif otaqlarının olduğu məktəbdə təlim-tədris prosesinin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Məktəbdə əyani vəsaitlə təchiz olunan fənn laboratoriyaları qurulub. Xarici dil otaqlarının, kimya, fizika və biologiya üzrə fənn laboratoriyalarının olduğu məktəbdə informatika kabineti də kompüter avadanlığı ilə təchiz edilib. Məktəbin kitabxanası dərsliklər və dərs vəsaitləri ilə təmin olunaraq şagirdlərin istifadəsinə verilib. İdman zalında da müasir qurğular quraşdırılıb. Akt zalında isə məktəbin həyatı ilə bağlı müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür imkan var. Məktəbin ətrafında geniş yaşıllıq zolağı salınıb, abadlıq işləri görülüb.
****
Prezident İlham Əliyev Beyləqan rayonuna səfəri çərçivəsində “Qarabağ Taxıl” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) özəl pilot taxılçılıq təsərrüfatının fəaliyyəti ilə tanış olub.
Lent.az-ın Azərtac-a istinadən xəbərinə görə, prezident İlham Əliyevə təsərrüfatda soya və silosluq qarğıdalı biçini, buğda səpini prosesi nümayiş olunub.
İqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına istehsal prosesi haqqında məlumat verib.
Azərbaycan Prezidenti soya paxlasının əkin sahələri, məhsuldarlıq, istehsalı, ixracı, emalı və idxalın əvəzlənməsi imkanlarına dair məlumatları əks etdirən stendlərə baxıb.
“Səba” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri Natiq Quliyev dövlət başçısına məlumat verib ki, müəssisə ölkədə yetişdirdiyi quşları öz yemi ilə bəsləyən yeganə şirkətdir.
Sonra dövlət başçısı iri fermer təsərrüfatlarının, aqroparkların, eləcə də “Qarabağ Taxıl” MMC-nin fəaliyyətlərini, həmçinin müəssisənin ilkin və mövcud vəziyyətini, təsərrüfatda dövlət investisiyası hesabına görülən işləri əks etdirən stendlərlə tanış olub.
İqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib ki, əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə artıq respublikanın 20 rayonunda 44 min hektardan çox sahədə 22 sahibkarlıq subyekti tərəfindən 32 iri fermer təsərrüfatı yaradılıb. Ümumi dəyəri 181 milyon manat olan bu təsərrüfatların yaradılmasına 72,4 milyon manat dövlət güzəştli kreditləri verilib.
Təsərrüfat ilə tanışlıqdan sonra prezident İlham Əliyev Beyləqan rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin işçiləri ilə görüşüb.
15:12
Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqanda Bayraq Muzeyinin açılışında iştirak edib. Lent.az Azərtaca-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Bayraq Muzeyinin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.
Məlumat verildi ki, muzeyin inşası cari il ərzində aparılıb. Rayonun daxili imkanları hesabına həyata keçirilən layihə çərçivəsində ümumi sahəsi 420 kvadratmetr olan bina tikilib. Zəruri infrastrukturla təchiz olunan muzeydə 129 eksponatın sərgilənməsi üçün hər cür şərait yaradılıb. Bayraq Muzeyində tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, gerbləri, xəritələr, konstitusiyalar, orden və medallar, bir sözlə, müxtəlif dövlət rəmzləri qorunur.
Azərbaycan Xalq Cümhuriyyətinə aid əsginaslar, Azərbaycan Respublikasının poçt markaları, müxtəlif güc nazirliklərinin zabitlərinin hərbi geyim formaları da burada sərgilənir. Muzeydə müstəqillik dövrümüzün tarixi hadisələrinə də geniş yer verilib.
Muzeydə nümayiş etdirilən eksponatlar həm Beyləqan gənclərində, həm də rayona gələn qonaqlarda Azərbaycanın şanlı tarixi haqqında təsəvvür yaratmağa geniş imkanlar açır.
****
İlham Əliyev eyni zamanda “Beyləqan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində görülən işlərlə tanış olub.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına məlumat verdi ki, “Beyləqan şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi artıq yekunlaşıb. Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində həyata keçirilən layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Beyləqan şəhərində 24,3 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində Beyləqan şəhəri ilə yanaşı, rayonun 7 min nəfər əhalinin yaşadığı Aşıqlı, Şəfəq və Əlinəzərli kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulub. Ümumilikdə layihədən 31 min 300 sakin faydalanacaq.
Bildirildi ki, layihənin icrasına 2012-ci ildə başlanılıb və mərhələlərlə həyata keçirilib. İlkin mərhələdə Beyləqan şəhərini və ətraf kəndləri içməli su ilə təmin etmək üçün rayonun Əlinəzərli kəndi yaxınlığında ümumi məhsuldarlığı saniyədə 95 litr olan 5 subartezian quyusu qazılıb. Quyu ərazisində iki su anbarı, xlorator binası və nasos stansiyası tikilib. Su mənbəyindən Beyləqan şəhərinə 8,6 kilometr uzunluğunda magistral kəmər çəkilib, şəhərdə mövcud olmuş və ümumi tutumu 4000 kubmetr olan iki su anbarı da təmir edilib.
Qeyd edildi ki, layihənin ikinci mərhələsində Beyləqan şəhərində içməli su və kanalizasiya şəbəkələri yenidən qurulub. Bu məqsədlə 91,5 kilometr uzunluğunda içməli su şəbəkəsi yaradılıb, 5846 ünvana birləşmə verilib və abunəçilər sayğacla təmin olunub. Şəhərdə 413 yanğın hidrantı quraşdırılıb. Yeni yaradılmış su təchizatı sistemləri vasitəsilə şəhərə 24 saat fasiləsiz içməli suyun verilməsi təmin edilib. Layihə çərçivəsində Beyləqan şəhərində 75 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi, 1,7 kilometr uzunluğunda kollektor inşa edilib. Şəhərin kanalizasiya şəbəkəsinə 5120 ünvanın qoşulması təmin olunub. Bununla da Beyləqan şəhərinin içməli su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatdırılıb.
Bildirildi ki, layihəyə uyğun olaraq Beyləqan Sukanal İdarəsi üçün müasir standartlara cavab verən yeni inzibati bina da tikilib. 700 kvadratmetr ərazisi olan binada Heydər Əliyev guşəsi qurulub, Ulu Öndərin büstü qoyulub. Binada müasir standartlara cavab verən laboratoriya, konfrans zalı, işçi otaqları və kafe yaradılıb. Bundan başqa, burada mühasibatlıq, dispetçer, müştəri xidmətləri fəaliyyət göstərəcək. Layihənin növbəti mərhələsində şəhərdə yaranacaq tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan təmizləyici qurğunun inşası nəzərdə tutulur.
Qeyd olundu ki, yeni layihənin icrasına qədər Beyləqanda mövcud infrastruktur istehlakçıların tələbatını ödəməyə imkan vermirdi. Çünki şəhərin içməli su və kanalizasiya sistemləri 1960-1970-ci illərdə yaradılıb. Əlli kilometr uzunluğunda içməli su şəbəkəsi şəhərin bir hissəsini əhatə edib və istismar müddəti başa çatıb. Yeni layihənin icrasına qədər Beyləqan şəhərində yaşayan 15 min sakinin 8 minə qədəri və ya təqribən 53 faizi mərkəzləşdirilmiş qaydada qrafikli rejimlə su ilə təmin olunub.
Bildirildi ki, Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” Göyçay, Ağdaş, Beyləqan və Ağcabədi şəhərlərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur. Bu layihə çərçivəsində 2015-ci ildə Göyçay şəhərində su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatdırılıb, tullantı sutəmizləyici qurğunun inşası davam etdirilir. Ağdaş şəhərində içməli su və kanalizasiya şəbəkələrinin inşası başa çatmaq üzrədir. Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə isə tender keçirilib, podrat müqaviləsi imzalanıb və tikinti işlərinə hazırlıq görülür.
Sonra Prezident İlham Əliyev Beyləqan şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.
Sonda xatirə şəkli çəkdirildi.