Azərbaycan prezidenti İlham Əliyev “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAC-a istinadən verdiyi xəbərə görə, sərəncamda nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində yeni mərkəzin yaradılması nəzərdə tutulub.
Sərəncamda bildirilir: “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi və nüvə texnologiyalarının sənaye, kənd təsərrüfatı, təbabət və digər sahələrdə vüsət alması Azərbaycan Respublikasında bu istiqamətdə tədqiqatların genişləndirilməsini və nüvə energetikasının yaradılmasını tələb edir. Ölkədə nüvə texnologiyalarının tədqiqi ilə bağlı indiyədək müəyyən işlər görülmüş, nüvə texnologiyaları ilə məşğul olan alimlər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində müxtəlif layihələrdə iştirak etmiş, müvafiq təcrübə toplamışlar. Bununla yanaşı, indiyədək aparılan araşdırmalar sırf elmi-nəzəri xarakter daşımışdır. Mövcud maddi-texniki bazanın zəifliyi və tədqiqat nüvə reaktorunun olmaması Azərbaycanda nüvə xammal ehtiyatları potensialının qiymətləndirilməsinə dair tədqiqlərin müasir tələblərə uyğunlaşdırılmasına imkan vermir. Nüvə texnologiyaları və nüvə energetikası sahəsində kompleks tədbirlərin həyata keçirilməsi respublikanın gələcək dayanıqlı inkişafının təmin olunmasında xüsusi əhəmiyyət kəsb edir”.