Nazirlikdən Ovçular Cəmiyyətinə sərt<span style="color:red;"> İTTİHAM
25 fevral 2014 10:17 (UTC +04:00)

Nazirlikdən Ovçular Cəmiyyətinə sərt İTTİHAM

0

 

“Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin rəhbərliyi ölkədə quş ovuna qoyulmuş qadağanın əleyhinə pozucu kampaniya aparır”. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən verilən məlumatda o da qeyd olunur ki, Azərbaycan təbiəti, onun biomüxtəlifliyinin qorunması və inkişafı, vətəndaşların konstitusion hüquqlarından sayılan sağlamlıq və təhlükəsizliyi ikinci plana atılır, maddi-maliyyə maraqları güdən və ovçular cəmiyyətinin başında duran bir qrup şəxs guya insanların “istirahət həzzi”ni, “əyləncə” maraqlarını müdafiə etmək adı ilə dövlət orqanlarına qarşı saxta təbliğat həyata keçirir. “Azərovçu” adlanan cəmiyyətin rəhbərliyi öz üzvlərini mütəmadi olaraq itaətsizliyə və pozuculuq fəaliyyətinə sürükləməkdə davam edir.

Halbuki quş ovuna qoyulmuş qadağa prezidentin “Azərbaycan Respublikası ərazisində quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə aidiyyəti qurumların birgə fəaliyyətinin əlaqələndirilməsinə dair Dövlət Komissiyasının yaradılması” haqqında sərəncamından sonra həmin Dövlət Komissiyasının rəyi ilə tətbiq edilib. Yəni “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin rəhbərliyində təmsil olunan şəxslər bunu bilə-bilə maliyyə maraqları naminə ictimai fikri çaşdırmaqdan, pozucu kampaniya aparmaqdan çəkinmir. Faktlar təsdiq edir ki, “Azərovçu” rəhbərliyinin ictimai fikri çaşdırmağa yönələn canfəşanlığının səbəbi guya ovçuların maraqlarının müdafiəçisi rolunda çıxış etmək adı ilə dövlət qurumlarının səlahiyyətlərinin mənimsənilməsi və bununla qanunsuz maliyyə qaynaqlarından yararlanmaqdır. Belə ki, 2004-cü ildə “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsindən sonra prezidentin fərmanı ilə ilə ölkədə ovçuluğun təşkili, ovçuluq fəaliyyətinin tənzimlənməsi, ovçuluq təsərrüfatlarının idarə olunması, habelə ovçuluq biletinin verilməsi kimi səlahiyyətlər müstəsna olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilib. Bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Ovçuluq Təsərrüfatlarının cari vəziyyətinin öyrənilməsi üçün Komissiya yaradılaraq yerində araşdırmalar aparılıb və “Azərovçu”  tərəfindən saysız-hesabsız qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən 2006-cı ildə ETSN ilə “Azərovçu” arasında ovçuluq təsərrüfatlarının idarə olunmasına dair bağlanmış müqavilələr ləğv edilib. Bütün ovçuluq təsərrüfatları Nazirliyin balansına keçib.

Lakin “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin rəhbərliyi bir neçə ildir ki, ovçuluq sahəsində dövlətin müəyyən etdiyi siyasəti pozmağa yönəlmiş fəaliyyət göstərir, yerlərdə ovçuluq təsərrüfatlarının idarə olunması, orada yoxlamaların aparılması, ovçuluq biletlərinin verilməsi kimi qanunsuz fəaliyyətlərini davam etdirərək Nazirliyin qanuni səlahiyyətlərini mənimsəməyə cəhd göstərir. Bu tipli qanunsuz müdaxilələrə hüquqi qiymət verilməsi və aidiyyəti qurumlar qarşısında məsələ qaldırılması üçün ETSN-də 2012-ci ildən etibarən müvafiq Komissiya yaradılıb.

Komissiyanın son bir il yarım ərzində apardığı araşdırma nəticəsində məlum olub ki, “Azərovçu” öz işçiləri və ölkə ərazisində fəaliyyət göstərən ovçuluq dükanlarının sahibləri vasitəsilə saxta ovçuluq biletləri satır (silahla adi davranma qaydalarını bilməyən şəxslərə imtahan keçirmədən saxta ovçuluq biletlərinin verilməsi, ov silahı ilə ehtiyatsız davranma nəticəsində baş verən hadisələrin sayının artmasına səbəb olub), təsərrüfatlara qanunsuz əmrlərlə işçilər götürür, Nazirliyin balansında olan dövlət mülkiyyətindən qanunsuz istifadə etməyə və onu özününküləşdirməyə cəhdlər göstərir, qeyri-qanuni təyin edilən “qondarma müfəttişlər” vasitəsilə ərazilərdə özbaşına reydlər keçirir. İctimai Birliyin Beyləqan rayon şöbəsinin sədri və həmin şöbə əməkdaşları belə bir qanunsuz reyd keçirən zaman, 21 oktyabr 2012-ci il tarixində insident baş verib və Cəmiyyətin Beyləqan rayon şöbəsinin sədri Allahyar Süleymanov ovçular tərəfindən qətlə yetirilib.

Nazirlikdən o da bildirilib ki, “Azərovçu”nun bu gün üzvlərinə verdiyi üzvlük bileti də qanunsuzdur. Çünki “Ovçuluq haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən “üzvlük biletinin forması müvafiq icra hakimiyyəti orqanı (Ekologiya və Təbii Sərvətlər Nazirliyi) ilə razılaşdırılmalıdır”. Lakin bu günədək Cəmiyyətin üzvlük biletlərinin formasının razılaşdırılması barədə Nazirliyə hər hansı müraciət daxil olmayıb.

 

Azərbaycan təbiətinin flora və faunasının antropogen təsirlərdən qorunması, bu cür müdaxilələrin minimuma endirilməsi, bütövlükdə ölkədə bioloji müxtəlifliyin qorunub inkişaf etdirilməsi də daxil olmaqla ekologiya sahəsində dövlətimizin strategiyası, dövlət başçısının bu yöndə həyata keçirdiyi ardıcıl siyasət ETSN tərəfindən müntəzəm olaraq icra olunur, görülən və görüləcək işlər vaxtaşırı təbliğ edilir. Sözsüz ki, icra olunan və icrası nəzərdə tutulan dövlət tapşırıqlarının təbliğ olunması, həm də əhalinin ekoloji cəhətdən maarifləndirilməsinə xidmət edir və bütövlükdə ETSN-nin fəaliyyət prinsiplərinin tərkib hissəsi sayılır.

 

ANAR MƏCİDZADƏ

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1162

Oxşar yazılar