Salyan rayonunun Yolüstü kənd sakini, 49 yaşlı Rahil Qədir oğlu Ağarzayev idarə etdiyi “Ford Transit” markalı mikroavtobusla Astara istiqamətində hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan BMW markalı minik maşını ilə qarşı qarşıya toqquşub.
Nəticədə hər iki avtomobil ciddi zədələnərək yararsız hala düşüb.
Hadisə zamanı mikroavtobusun sürücüsü Rahil və sürücünün avtomobildə olan qardaşları Ramil, Cəlal Ağarzayevlər, onların yaxın qohumları Rəşad Qara oğlu Ağarzayev, Zahir Əliqulu oğlu Ağarzayev və BMW-nin sürücüsü, Lənkəran sakini, 30 yaşlı Səid Payaz oğlu Cavadov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alanlar hadisə yerinə gələn təcili yardım maşını ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin tibbi yardım göstərməsinə baxmayaraq, Ramil Ağarzayevi xilas etmək mümkün olmayıb.
O, xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
``````
09:01
Bu gün səhər saatlarında Salyan rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Salyan rayonu, Ələt-Astara yolunun 84-cü km-də “Ford” markalı mikroavtobusla “BMW” markalı minik avtomobili toqquşması barədə məlumat daxil olub. Nəticədə, hər iki avtomobil deformasiyaya uğrayıb, “BMW” markalı minik avtomobilinin sürücüsü xəsarət alaraq nəqliyyat vasitəsinin içərisində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıblar.
Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Əməliyyat saat 07:12-də başa çatıb.