Quba rayonunda dağlıq ərazidə itkin düşən alpinistlərin axtarışı davam etdirilir. Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində yaradılmış qərargahdan Lent.az-a bildirilib ki, axtarış-xilasetmə işinə dəstək olmaq üçün əlavə alpinistlər əraziyə cəlb edilib. Həmçinin Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi axtarışa başlayıb.
Bu gün səhər saatlarında dağlıq ərazidə axtarış tədbirləri bərpa edilib.
Qeyd edək ki, “Gilavar” - hava və ekstrim idman klubunun üzvü olan alpinistlər: Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu, Cəbrayılzadə Fəridə Cəbiyulla qızı dekabrın 23-də Tufandağ istiqamətində yürüşə çıxıb. Onlar sonuncu dəfə Mahmuddərə adlanan ərazidə olarkən mesaj yazıblar və bildiriblər ki, hava şəraiti ilə bağlı yuxarı qalxa bilməyiblər, Mahmud çayının dərəsində gözləyirlər.
Xınalıq kəndinin icra nümayəndəsi Lent.az-a bildirib ki, dekabrın 23-dən etibarən 2 gün ərzində Xınalıq və ətraf ərazilərdə hava çox əlverişsiz, küləkli və yağıntılı olub. Növbəti iki gün ərzində isə hava şəraiti daha isti keçməyə başlayıb.
Əraziyə helikopter göndərilib.