Fövqəladə Hallar Nazirliyi (FHN) İsmayıllıdakı dəhşətli yanğınla bağlı məlumat yayıb. Lent.az-ın FHN-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Kürdmaşı kəndində vətəndaşa məxsus ümumi sahəsi 156 kv.m olan birmərtəbəli, 2 otaq və aynabənddən ibarət evin aynabəndinin yanar konstruksiyaları 56 kv.m sahədə və dam örtüyü 90 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 2009-cu il təvəllüdlü Usubova Nuray Mirzə qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11.20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
***
11:48
İsmayıllı rayonunda dəhşətli yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə bu gün saat 11:00 radələrində İsmayıllının Kürdmaşı kəndində qeydə alınıb. Kənd sakini Usubov Mirzə Səlim oğluna məxsus evdə baş verən yanğının söndürülməsi üçün əraziyə İsmayıllı və Göyçay yanğından mühafizə hissələrindən 3 maşın və canlı qüvvə cəlb olunub. Hazırda yanğın davam edir və yanğınsöndürənlər hadisə yerində işləyirlər.
Məlumata görə, 4 otaqlı ev içindəki əşyalarla birgə yanaraq yararsız hala düşüb. Hadisə zamanı evdə olan 5 yaşlı Usubova Nuray Mirzə qızı yanaraq dünyasını dəyişib.
Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.