Bakı Apellyasiya Məhkəməsində iki nəfəri öldürməkdə təqsirləndirilib, ömürlük azadlıqdan məhrum olunan Aydın Qəhrəmanovun şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə ölən şəxslərin cəsədlərini ekspertiza edən Nuru Allahyarov və Kənan Məmmədov ifadə veriblər.
Hadisə 2008-ci ildə olduğundan Nuru Allahyarov verdiyi ekspert rəyini işin içindən çıxararaq oxuyub. N. Allahyarovun imzaladığı rəyə görə, Samirə Yəhyayevanın ölümünə səbəb antidepressant dərman olan "Finlipsin" olub, digər tərəfdən S. Yəhyayevanın meyitinin daxili üzvlərinin hissələrində məhkəmə-kimya tədqiqatı zamanı təbii tərkibindən üstünlük təşkil edən bir sıra metallar (arsen, mis, sink və s.) aşkar edilib. Bu da onu göstərir ki, S. Yəhyayeva xəstəxanaya daxil olmamışdan əvvəl qeyd olunan metal duzlar onun orqanizminə daxil olub.
Ölən digər şəxs Aidə Yəhyayevanın meyitini ekspertiza edən Kənan Məmmədov da ifadə verib. O, ifadəsində ölən şəxsin meyit nümunələrini yoxladığını bildirib. Ekspert bildirib ki, A. Yəhyayevanın meyit nümunələrində tapılan 17,55 mq/kq qurğuşun onun ölümünə səbəb olub. K. Məmmədov 2008-ci ildə verdiyi rəyi təsdiqləyib.
K. Məmmədov eləcə də, təqsirləndirilən Aydın Qəhrəmanovun tük və dırnaq nümunlərini ekspertiza etdiyini bildirib. O, Aydın Qəhrəmanovda 15 mq/kq qurğuşun aşkarlandığını qeyd edib.
Məhkəmə prosesi noyabrın 19-da davam edəcək.
İttihama görə, Aydın Qəhrəmanov Aidə Yəhyayeva və Samirə Yəhyayevanı dərmanla zəhərləyərək öldürməkdə təqsirləndirilib.
Xatırladaq ki, 2008-ci ildə Aidə və Samirə Yəhyayevaların ölümü ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. 6 ilə yaxın davam edən istintaqın sonunda Aidə və Samirənin intihar məqsədilə dərman içmədikləri məlum olub.
İstintaq onları Aydın Qəhrəmanovun zəhərləməsi nəticəsinə gəlib. Aydın Qəhrəmanov 2013-cü il avqustun 27-də həbs edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydın Qəhrəmanov ömürlük azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Aydın Qəhrəmanov apelyasiya şikayəti verib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.
Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Aydın Qəhrəmanovun vəkili apelyasiya instansiyasında işə məhkəmə istintaqı ilə baxılmasını istəyib. Amma hakimlər vəsatətin təmin edilməməsi barədə qərar qəbul edilib. Qərardan narazı qalan müdafiə tərəfi Ali Məhkəməyə müraciət edib. Müraciətdə apelyasiya instansiyasında məhkəmə istintaqı ilə baxılmasını istəyib.
Ali Məhkəmənə onun şikayəti təmin edib və işi Bakı Apellyasiya Məhkəməsinə göndərib. Apellyasiya şikayətinə istintaq yolu baxılacaq.