Bakıda sədrin oğlunu qətlə yetirən şəxs hakim qarşısında
Bakıda Dairə Seçki Komissiyası sədrinin oğlunu vəhşicəsinə qətlə yetirməkdə təqsirləndirilən Vüqar Rüstəmovun cinayət işi üzrə məhkəmə başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə V.Rüstəmovun anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası yanvarın 10-na təyin edilib.
Qeyd edək ki, qətl 2016-cı il, yanvarın 7-də baş verib. Fərid Abbasov adlı şəxsin üzərində zorakılıq əlamətləri olan meyiti tapılarkən onun qollarının bağlı vəziyyətdə olması aşkar edilib.
Nizami rayonu, R.Rüstəmov küçəsindəki mənzildə meyiti tapılan Fərid Abbasovun 124 saylı Şuşa-Xocalı-Xocavənd-Ağdam Dairə Seçki Komissiyasının sədri Vahid Abbasovun oğlu olduğu məlum olub.
Qətli törədən Lerik rayon sakini Vüqar Rüstəmov hadisədən sonra gizlənsə də, polis əməkdaşları tərəfindən saxlanılıb.
Mərhumun qətlindən sonra onun müxtəlif saytlarda ailə qurmaq üçün qız tapmaq məqsədi ilə elanlar yerləşdirdiyi məlum olub.
Onun elanlarından sonuncusunda isə məlum olub ki, Fərid Abbasov 1995-ci təvəllüdlü Əfsanə adlı bir qızın axtarışındadır. Hətta Əfasanənin tapılmasına vasitəçilik edən şəxsə 700 manat məbləğində mükafatın veriləcəyini də vəd edib.
İlkin ehtimal qətlin qisas məqsədi ilə törədilməsidir.