Direktorun otağına qumbara atan şəxsin məhkəməsi başladı
0
0
Bakı Ağır Cinayətlər Məhkəməsində şirkət direktorunu öldürməyə cəhddə təqsirli bilinən Şirin Astanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
APA-nın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxışı iyunun 20-ə təyin edilib.
Qeyd edək ki, bu il martın əvvəlində Sumqayıtda yerləşən "Azkompozit” MMC şirkətinin direktoru Rəsul Baxşəliyevin kabinetinə gələn idarənin təsərrüfat işləri üzrə müdiri vəzifəsində işləmiş Ş.Astanov əvvəlki işinə bərpa olunmasını tələb edib.
Daha sonra Ş.Astanov özü ilə gətirdiyi qumbaranın qoruyucusunu çıxarıb, onu direktorun otağına ataraq partlatmağa çalışıb. Amma qumbarada olan texniki nasazlıqdan partlayış baş verməyib.
Hadisə yerinə gələn polislər Ş.Astanovu tutub.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
0
0