Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Gəncə Universitetinin sabiq kafedra müduri Vaqif Rəhimovun cinayət işi üzrə məhkəməyə start verilib. Lent.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı aprelin 3-ə təyin edilib.
İttihama görə, Vaqif Rəhimov Gəncə Dövlət Universitetinin ekologiya və təbiəti mühafizə kafedrasının müdiri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib. Onun rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə Bakı şəhəri və Ağdaş rayon sakinlərinin övladlarını ayrı-ayrı ali təhsil müəssisələrinə qəbul etdirmək adı altında etibardan sui-istifadə edərək 65 min manat məbləğində özgə əmlakını ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan Cinayət Məcəllənin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Vətəndaşlara vurulmuş maddi ziyanın 34 min manatının istintaq müddətində ödətdirilməsi təmin edilib.