Rusiyanın Krasnoyarsk diyarının Suxobuzimsk rayonunda yanaraq ölən azərbaycanlı ailə üzvlərinin kimliyi məlum olub.
Krasnoyarsk diyarı Azərbaycan Milli Mədəni Muxtariyyətindən APA-ya verilən məlumata görə, ailənin başçısısı Azərbaycan vətəndaşı, 1980-cı il təvəllüdlü İlyasov Vüqar Tahir oğlu, onun ailə üzvləri - 2007-ci il təvəllüdlü İlyasov Həsən Vüqar oğlu, 2011-ci il təvəllüdlü İlyasov Ümid Vüqar oğlu, 2014-cü il təvəllüdlü İlyasov Fərid Vüqar oğlu və 2016-cı il təvəllüdlü İlyasova Xədicə Vüqar qızı yanğının qurbanı olub, 2004-cü il təvəllüdlü İlyasov Hüseyn Vüqar oğlu isə yanıq və dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Yanğın baş verən vaxt ana evdə olmayıb.
Onların meyitləri sabah Azərbaycana göndərilərək Şəmkir rayonunda dəfn olunacaq.
İlkin ehtimala görə, yanğın sobadan düşən alovdan baş verib.
Hadisə Krasnoyarsk şəhərindən 50 km aralıda yerləşən Suxobuzimsk rayonunun bağ evləri yerləşən ərazisində baş verib. Həmin ailə əslində Krasnoyarsk şəhərində yaşayırdı. Suxobizimsk yaxınlığında isə bağ evi icarəyə götürmüşdülər. Bu barədə Lent.az-a Krasnoyarskdakı mənbə bildirib. Mənbənin bildirdiyinə görə, həmin bağ evində elektrik xətləri nasaz vəziyyətdə olub:
"Ona görə də əldəqayırma və primitiv, elektrik sobasından istifadə olunurmuş. Hadisə gecə yarı qəfil baş verib. Alov bir neçə dəqiqə ərzində evi bürüyüb. Hazırda həmin şəxslərin meyitlərinin Krasnoyarska gətiriləcəyi bildirilir”.