Bakı şəhəri üzrə Təhsil İdarəsi Qaradağ rayonu Lökbatan qəsəbəsindəki 106 nömrəli tam orta məktəbdə dərs zamanı baş verən hadisəyə münasibət bildirib. İdarədən Lent.az-a verilən məlumata görə, hadisə ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Daxili nəzarət sektoru tərəfindən araşdırma aparılır.
Baş vermiş hadisənin təfsilatı ilə bağlı həmin məktəbin direktoru və texnologiya müəlliminin izahatları alınıb: "İlkin araşdırmaya görə, hadisə zamanı mediada qeyd edildiyi kimi şagird xəsarət almayıb və hazırda dərsdədir. Hadisənin baş vermə səbəbləri araşdırıldıqdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görüləcək".
***
Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 106 saylı orta məktəbdə baş verən hadisə Qaradağ rayon Polis İdarəsində araşdırılır. Lent.az-ın məlumatına görə, baş vermiş bədbəxt hadisə ilə bağlı hələlik cinayət işi açılmayıb və təhqiqat şöbəsində araşdırma aparılır.
O da məlum olub ki, məktəbli yüngül xəsarət alıb və həyatı üçün təhlükə yoxdur. Onu da qeyd edək ki hadisə 10 gün bundan öncə baş verib.
**
11:19
Bakıda orta məktəbdə dəhşətli hadisə baş verib.
Hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib. Qəsəbədə yerləşən 106 saylı orta məktəbin 7c sinfində dərs zamanı şagird sinif yoldaşını sinəsindən güllələyib. Lent.az-ın qafqazinfo-ya istinadən xəbər verir ki, əmək təlimi dərsi zamanı müəllim, Bakı sakini 1966-cı il təvəllüdlü Hidayət Qurbanova məxsus Türkiyə istehsalı olan “Kral Air Rfle” markalı pnevmatik tüfəngdən istifadə zamanı şagird 2003-cü il təvəllüdlü Hacı Əliyev ehtiyatsızlıqdan atəş açaraq sinif yoldaşı olan həmyaşıdı Murad Nurzadəni sinəsindən güllələyib.
Yaralı M.Nurzadə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
106 saylı məktəbin direktoru Təranə Qasımova isə açıqlamasında bildirib ki, müəllim həmin silahı özü üçün alıbmış: “Bir müddət öncə o silahı başqa bir adama satıb. Həmin adam da biraz özündə saxlayandan sonra istəməyib, gətirib məktəbdə müəllimə qaytarıb. Hidayət müəllim də Qobu qəsəbəsində yaşadığı üçün silahı sinifdə qoyub ki, gedəndə evə aparsın. Uşaqların da gözünə sataşıb, fikirləşiblər nəsə bir şeydir. Əllərində baxanda qəfildən silah açılıb. O, odlu silah olmayıb, sancaq tipli patron olub. Mən qətiyyən müəllimin tərəfini saxlamıram, amma bir bədbəxt hadisədir, olub. Hazırda Hidayət müəllim də, şagird Murad da dərsdədirlər".